“Vətəndaş jurnalistikası heç bir auditoriyanın etimadını qazana bilməz”
Qulu Məhərrəmli: “Bütün hallarda bu şəbəkənin ənənəvi jurnalistikanı əvəz edə biləcəyini düşünmək ciddi yanlışlıq olardı”
(əvvəli ötən sayımızda)
Heç kimə sirr deyil ki, jurnalistika cəmiyyətin ayrılmaz parçasıdır. Elə bunun nəticəsidir ki, ölkədə vətəndaş jurnalistikası da inkişaf edir. Belə institutun yaradılması yeni akademik standartların formalaşması deməkdir. Ona görə ki, Azərbaycan cəmiyyəti totalitar sovet rejimindən yeni müstəqil və informasiyalı vətəndaş cəmiyyətinə keçir. Bu o deməkdir ki, jurnalistikamıza yeni prinsiplər daxil olur.
Azad ölkə, azad cəmiyyət olduğumuza görə insanlar fikirlərini, gördüklərini internetdə, sosial şəbəkələrdə paylaşırlar. Yeni meyarların yaranması akademik institut mövzusunu aktuallaşdırır. Bu baxımdan ictimai rəyi tənzimləyən vətəndaş jurnalistikasının olması vacib sayılır. Ona görə ki, bütün hallarda jurnalistika ictimai dəyərlərə xidmət göstərir. Amma bu sahədən həm cəmiyyət, həm də dövlət üçün faydalı olan formada istifadə etmək lazımdır. Bəzi həssas məqamlar var ki, vətəndaş onları bilməyə bilər. O isə vətəndaş jurnalistikasının qeyri-peşəkar olduğunu deməyə əsas verir. Bunun nəticəsində ortaya subyektiv düşüncələr, şəxsi arzular çıxır. Belə hallar arzuolunmazdır. Bir şəxsin gördüyü və ya onun şəxsi düşüncələri cəmiyyətin fikirlərinə təsir etməməlidir. Amma jurnalistika elə bir ictimai institutdur ki, o, özü-özünü təhlil edir və faydasız olanları kənara atır. Bu səbəbdən də vətəndaş jurnalistikasından çəkinmək lazım deyil.
Vətəndaş jurnalistikasının mahiyyəti və fəaliyyət istiqamətləri barədə danışan tanınmış media eksperti Qulu Məhərrəmli deyib ki, hazırda vətəndaş jurnalistikası ilə bağlı məsələnin müzakirəyə çıxarılması informasiya cəmiyyəti və bu cəmiyyətin məlumatlandırılması potensialına bir daha göz gəzdirilməsi baxımından çox aktualdır: "Çünki bu gün informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə birbaşa bağlı olan bu yeni situasiya, ümumiyyətlə ictimai ünsiyyətdə fərqli mənzərə yaratmaqdadır. Lakin bu situasiyanı jurnalistikanın mahiyyətcə dəyişməsi kimi qəbul etmirəm. Bu sahədə hansısa inqilabın baş verməsini də iddia etməkdən uzağam, sadəcə, bəşəriyyətin öz tarixində yeni texnoloji mərhələni yaşadığı fikrindəyəm. Düşünürəm ki, əslində semantikasına görə xeyli dağınıq olan "vətəndaş jurnalistikası” anlayışının işlədilməsinin özü bir qədər tezdir. Bu anlayışı işlədərkən çoxları belə bir tezisdən istifadə edir: "Vətəndaş jurnalistikası bizim əvvəllər auditoriya adlandırdığımız kəsimin fəallaşmasıdır”. Şübhəsiz ki, bu kəsimin fəallaşaraq bloq və ya xəbər yazması, yaxud öz aralarında hansısa məsələni (xüsusən bu məsələnin ictimai çaları olmayanda) müzakirə etməsi geniş mənada jurnalistika adlandırıla bilməz. Mən də bir çox iddiaçılar kimi internetin və digər kommunikasiya vasitələrinin gəlişməsi sayəsində vətəndaşlar və bütövlükdə cəmiyyət üçün əlavə bilgilər əldə etmək imkanlarının artması fikrinə qatılıram. Çünki hazırda bütün dünyada bir milyarddan çox insan internet istifadəçisidir, cib telefonu işlədənlərin sayı 2,5 milyarda çatır. Bu göstərici belə bir qənaəti söyləməyə əsas verir ki, hazırda yer kürəsində yaşayanların üçdə ikisi bir-biriylə telefon vasitəsilə ünsiyyət qurur. Milyonlarla insan, təşkilat və qurumlar öz fəaliyyətlərini yalnız internetlə gerçəkləşdirirlər”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, 2006-cı ilin yanvarında dünyada 26 milyon bloq vardı, altı aydan sonra bu rəqəm 37 milyona çatmışdı: "Hazırda dünyada hər saniyədə bir, gündə 50 min, ildə təxminən 30 milyon bloq yaradılır. SMS, bloq, skayp kimi internet və mobil rabitə şəbəkələri milyonlarla insana xidmət göstərir. Bir neçə il əvvəl Boloniyada (İtaliya) yaradılmış "Orfeo TV” kimi küçə televiziyalarının təcrübəsi Avropanın digər ölkələrinə də yayılmaqdadır. İnternetdəki televiziya və radio yayımlarının da çoxalması alternativ media şəbəkəsinin, daha doğrusu, xəbərötürmə vasitələrinin sürətlə artmasını qarşısıalınmaz prosesə çevirir. Əlbəttə, mediayabənzər belə alternativ strukturlarının yaranmasını bir tərəfdən texnoloji imkanlar stimullaşdırırsa, digər tərəfdən bunun ciddi ictimai-siyasi və iqtisadi səbəblərlə bağlı olduğu üzə çıxır. Həmin səbəblərə hökumətin təzyiqləri (Latın Amerikası, MDB, Ərəb ölkələrində və s.), media qurumu rəhbərlərindən narazılıq, reklam verənlərin basqıları, media qurumlarında vəziyyətin kəskinləşməsi, xəbərlərin çirklənməsi (prinsiplərdən yayınma), iqtisadi böhran və maddi sıxıntılar, informasiyanın sensasiya və maqazin xəbərləri içərisində əriməsi, fərdlərin daha çox müstəqillik (sərbəstlik) istəyi daxildir. Təbii ki, bu səbəblər təkcə, sözün həqiqi mənasında, alternativ media strukturlarının yaranmasına səbəb olmur, həm də daha azad və media prinsiplərinə daha sadiq olan jurnalistlər ordusunun yaranmasına gətirib çıxarır. Digər tərəfdən, bu media qurumlarının məhz yeni texnoloji imkanların bazasında meydana çıxması qlobal KİV-lərdə keyfiyyətcə yeni situasiya yaradır”.
Müsahibimiz söyləyib ki, hətta bəzi müşahidəçilər paradiqmaların dəyişməsindən də söhbət açırlar: "Yəni birtərəfli kommunikasiyanın (ictimai rəylə manipulyasiya etmək imkanı olan medianın kütləvi auditoriyaya məlumat yönəltməsi) əvəzinə hər bir oxucuya potensial müəllif və jurnalist olmaq imkanı qazandıran prinsipcə yeni kommunikasiya modeli formalaşır.
Bu yeni model vətəndaş cəmiyyətində informasiya əldə olunmasında, qeyri-bərabərlik probleminin aradan qaldırılması, vətəndaşlarda lazımi siyasi-hüquqi mədəniyyətin formalaşması üçün zəruri olan şərtlərin yaranmasına kömək edir. Əlbəttə, bu prosesdə şərti olaraq "yeni” adlandırdığımız həmin media bir çox funksiyanı da uğurla gerçəkləşdirir. Yəni bu media xəbərin anlayış tanımını genişləndirir, "xəbərdə balans” məsələsi oxucuların xeyrinə yenidən dəyişir, oxucu-qəzet qarşılıqlı təsirini artıraraq yeni kanallar formalaşdırır və jurnalistlərlə oxucular arasındakı məsafənin aradan qaldırılması hədəf götürülür”.
Q.Məhərrəmlinin fikrincə, bu göstərilənlər heç də tamamilə yeni (vətəndaş, ictimai, yurddaş və s. adlandırılan) jurnalistika deyil, sadəcə onun bu və ya başqa zəruri çalarlarının (məlumatlandırma, maarifləndirmə və s.) qabarması, genişlənməsi və aktivləşməsi deməkdir: "Ona görə də mən çoxlarının vətəndaş jurnalistikasından istifadənin labüdlüyü ilə bağlı dedikləri fikirlərlə razılaşmır və arqumentlərinin çoxunu əsassız hesab edirəm. Məsələn, o iddiaların bəzilərində göstərilir ki, indi qaynağını "ənənəvi” adlanan jurnalistikadan götürmüş vətəndaş jurnalistikası tarixən, daha çox rəsmi qaynaqlara üz tutmaqla peşəkar jurnalistikaya çevrilib. Amma mən hesab edirəm ki, ənənəvi jurnalistika yalnız bu cəhətə görə deyil, həm də bir çox başqa parametrlərə görə formalaşıb. Digər yandan, necə ola bilər ki, bugünkü vətəndaş jurnalistikası məhz rəsmi mənbələrə deyil, daha çox müstəqil qaynaqlara müraciət etməsi ilə fərqlənir. Doğrudur, vaxtilə adi vətəndaşlar kütləvi informasiya vasitələrində təmsil edilmədiklərindən, jurnalistlər yalnız hər hansı fikrə örnək verəndə rəsmi mənbələri yada salırdılar. Belə təbii görünən və jurnalistlərlə hakimiyyət nümayəndələrini biri-birinə bağlayan əlaqələr İkinci Dünya müharibəsindən sonra şübhə qaynağına çevrildi. Hüdudsuz hakimiyyətin hansı yolsuzluqlara aparıb çıxardığını jurnalistlər də görməyə və tez-tez bənzər halların şahidi olmağa başladılar. Onların bir çoxu öz həmkarlarının davranış və peşəkar fəaliyyətinə güvənmirdi, çünki həmin zamanlarda jurnalistika və hakimiyyət yaxından "dil” tapmışdı. Hakimiyyət sahibləri jurnalistikadan daha çox öz niyyətlərinə çatmaq üçün yararlanırdılar. Elə indiki texnoloji dövrdə də cəmiyyət hakimiyyətlə yaxın olan KİV qurumlarına, o cümlədən vətəndaş jurnalistikasının təmsilçisi olan media qurumlarına etimad göstərmirlər. Elə bu səbəbdən də həmin qurumlara hakimiyyət nümayəndəsi kimi yanaşırlar. Bəzən iddiaçılar bildirirlər ki, indiki ənənəvi adlanan peşəkar jurnalistika nələrin baş verdiyini insanların bilməsi üçün onları məlumatlandırır, amma doğrudan da nələrin baş verdiyini insanların anlayacağı dərəcədə olayları açıqlamır. Burada söhbət hansı mediadan, hansı jurnalistikadan gedir? Təbii ki, azad, müstəqil, peşəkar və keyfiyyətli jurnalistika insanların nələrin baş verdiyini bilməsi üçün onları həm məlumatlandırır, həm də nələrin baş verdiyini insanların anlayacağı dərəcədə açıqlayır. Əksinə, vətəndaş jurnalistikası kimi təqdim və tərif edilən media olayları yarımçıq, birtərəfli və subyektiv işıqlandırır və bu yarmçıq məlumatları ilə nəyin və necə baş verməsinin dolğun mənzərəsini yarada bilmir. Əksər bloq yazılarında və xəbər saytlarında kifayət qədər bəsit, yarımçıq, heç bir mənbəyə və fakta əsaslanmayan məlumatlar var. Ona görə də biz bu qənaətdəyik ki, jurnalistikanın cəmiyyət qarşısındakı öhdəliklərini, yəni xəbərləri çatdırmaq, çoxlu fakt dərc edib hadisələri diqqətə yetirmək, bununla da oxucu, dinləyici və tamaşaçıları bilgiləndirmək öhdəliyini yalnız "ənənəvi” adlandırdığımız peşəkar jurnalistika yerinə yetirə bilər”.
Ekspert bəyan edib ki, yeni medianın qızğın tərəfdarlarının əsas tezislərindən biri də budur ki, vətəndaş jurnalistikası - qələm əhlinin, jurnalistlərin və onların auditoriyasının siyasətdə və ictimai həyatda baş verən proseslərin yalnız seyrçisi olmaları barədə fikirdən boyun qaçırmaq cəhdidir: "Burada "jurnalistlərin müşahidəçilikdən çıxarılması” fikri qətiyyən qəbul edilə bilməz.
Çünki peşəkar jurnalistika özü ictimai-siyasi fəaliyyət sahəsidir və bu mənada xəbər yazan, faktları təhlil edən, ictimaiyyətdən gizlədilmiş hansısa olayla (məlumatla) bağlı araşdırma aparan jurnalisti heç də passiv müşahidəçi saymaq olmaz. Deməli, peşəkar jurnalistika öz oxucu, dinləyici və tamaşaçıları, eləcə də cəmiyyətin istisnasız bütün üzvləri ilə olay iştirakçısı kimi davranmağı özünə məqsəd bilir. Yeni jurnalistikanın da bu prinsipə yiyələnməsi, şübhəsiz ki, faydalı məqamdır. Məhz buna görə də bir çoxları vətəndaş jurnalistikasının pionerlərindən sayılan Devid Perriyə istinad edərək onun "jurnalist və KİV-i bir qırağa çəkilmiş müşahidəçilər kimi qavramaq əvəzinə, onları ictimai həyatın fəal iştirakçılarına çevirməyə çalışmaq” fikrini əsas gətirir. Mənim vətəndaş jurnalistikasından istifadəyə qarşı çıxmağımın əsas səbəblərindən biri bu meydanda dar ölçülərə istinad edilməsi, peşəkarlığa məhəl qoyulmaması, qeyri-dəqiqlik, etik qaydaların tez-tez pozulması, peşəkar jurnalistikanın prinsip və qaydalarının gözlənilməməsidir. Digər tərəfdən, jurnalistikanın bu sahəsinin, xüsusən sosial şəbəkələrin legitimliyinin hər zaman şübhə altına alınması, geniş auditoriyanın etimadını qazana bilməməsi, maqazin jurnalistikasına və sensasiyalara meyillilik, məişət problemlərinə üstünlük verilməsi də ondan istifadəni xeyli məhdudlaşdırır.
Bunlardan başqa, vətəndaş jurnalistikasının aşağıdakı daha 10 çatışmayan cəhətini göstərmək mümkündür. Məsələn, vətəndaş jurnalistikası öz fəaliyyəti ilə peşəkar mediaya inamı azaldır, önəmli mövzuları diqqətdə saxlamır, baxış bucaqları birtərəfli və məhduddur, olayın bütün tərəflərini araya gətirmir, xəbərə fərqli gözlə baxsa da, həqiqəti əks etdirmir, vətəndaşların problemlərinə sosial miqyas verə bilmir, öncəlikləri sıralamağı öyrətmir, ictimai problemlərin azad müzakirəsi üçün məkana çevrilə bilmir, hadisələri işıqlandırarkən sıravi insanların yaşamında önəmli rol oynayan olay və problemlərə üstünlük vermir, peşəkar jurnalistikadan ictimai kapitalı (sosial sərvəti) artırmaq üçün yararlanmağa can atmır”.
Müsahibimizin qənaətincə, yeni sahənin ən çatışmayan cəhətlərindən biri də odur ki, bu "jurnalistikada” problemlər haqqında son nəticədə demokratiyanı formalaşdıran səmərəli ictimai müzakirələrə rast gəlmək mümkün deyil: "Məhz bu məqam, digər tərəfdən isə peşəkar jurnalistikada hamılıqla qəbul edilmiş prinsiplərin, ən başlıcası isə xəbər dəyərlərinə əhəmiyyət verilməməsi vətəndaş jurnalistikasından istifadə imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. Xəbər dəyərləri və xəbərə aid özəl xüsusiyyətlər dedikdə isə biz aşağıdakı mühüm cəhətləri nəzərdə tuturuq: Faktlı olmaq - xəbərləri yazarkən, fikirlərə deyil, faktlara üstünlük vermək deməkdir. Bu, həm də jurnalistin dəqiq, səliqəli və autentik (əslinə uyğun) olmaq, faktları öz qaydasında olmaqla yanaşı, məhz gərəkli faktları əldə etmək məcburiyyətidir. Vicdanlı olmaq - yalan və uydurmaya yol verməmək deməkdir. Heç bir halda faktları yanlış göstərmək olmaz və səhvlər həmişə düzəldilməlidir. Qərəzsiz olmaq - öz maraqlarını, inanclarını, yaxud meyillərini anlamaq və nəzarətdə saxlamaqdır. Xəbərləri işıqlandıran zaman heç vaxt qərəzli münasibətə yol vermək olmaz. Dolğun olmaq - çalarları, deyiliş tərzini, təcrübə və duyğuları nəzərə almaqla ilkin tarixçəni, konteksti, balansı və perspektivi əks etdirmək deməkdir. Balanslı yanaşmaq - hakim baxış bildirilən zaman bütün əks, fərqli və ya tamamlayıcı fikirlərin də xatırladılmasıdır. Ardıcıl olmaq - jurnalist peşəsinin normalarına həmişə sadiq qalmaqdır. Vətəndaş jurnalistikasının da gerçək mənada peşəkar olmasından ötrü bu sadalanan dörd təməl qaydaya ardıcıl şəkildə əməl edilməlidir. Bu prinsiplər gözlənilmirsə, təbii ki, məlumatlandırma ilə bağlı olan bütün sahələr, o cümlədən vətəndaş jurnalistikası heç bir auditoriyanın etimadını qazana bilməz. Artıq söyləməyə də ehtiyac yoxdur ki, bu halda həmin "jurnalistika”dan istifadənin də heç bir faydası olmayacaq”.
(davamı var...)
Ayyət Əhməd