Vətəndaşların məsuliyyəti artacaq

MİS-lərin ləğvinin müsbət tərəfləri çoxdur



Ölkəmizdə Mənzil İstismarı Sahələri (MİS) ləğv olunur. Ölkə prezidentinin 30 noyabr tarixində "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.

Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.

Mənzil Məcəlləsinin 141-maddəsinin 1-ci bəndinə görə isə çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Yəni artıq əhali arasında JEK-lər kimi tanınan Mənzil İstismar Sahələri özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərindən mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı tələb edə bilməyəcəklər. Çünki artıq bu xidmətlər müqavilə əsasında müəyyənləşəcək.

Ekspertlər sovet dövründən qalan MİS-lərin ləğvini qənaətbəxş hesab edirlər. Onların fikrincə, yeni qərar müsbət nəticələrin əldə olunmasına şərait yaradacaq.

İqtisadçı Natiq Cəfərli bildirib ki, MİS-lərin ləğvi ilə bağlı qərarın zamanı hələ uzun müddət öncədən yetişmişdi: 

"Çünki MİS-lər Sovet idarəçiliyi dövründən qalmışdı və ləğv edilməli idi. Sadəcə, olaraq problem odur ki, bazarda bunun əvəzedici oyunçuları hələ hazırlanmayıb. Bu baxımdan mövcud durum xaotik vəziyyətə də səbəb ola bilər. İnsanların ən azından bu işə marağı yaradılmalı və onlar məsələdən məlumatlı olmalı idilər. Hazırda çox güman ki, ölkə əhalisinin böyük bir qisminin bu qərardan xəbəri yoxdur və yeni ildən hansı formada fəaliyyət göstərəcəklərindən, işlərin təşkilindən anlayışları yoxdur. Bu da məlumatsızlıqdan doğan bir haldır. Hesab edirəm ki, bu addımın atılması üçün kifayət qədər zaman da var idi. İllər öncə bununla bağlı qərar verilmişdi, sadəcə olaraq qərarın yerinə yetirilməsi mexanizmi yox idi. İndi isə bu mexanizmlər üçün əsas yaranıb. 

Əgər bu sahədə rəqabətli mühit yaranacaqsa, insanlar könüllü şəkildə yaradılacaq olan şirkətlərlə müqavilə bağlayıb, binaların idarə edilməsini həmin şirkətlərə tapşıracaqlarsa, bu, gələcəkdə qeyd edilən sahədə olan problemlərin azalmasına səbəb olacaq.

 Çünki özəl sektor bu sahəyə cəlb edilərsə, vətəndaşlarla özəl sektor arasındakı münasibətlər də fərqli qurular. MİS-ləri indiki zamanda nə məhkəməyə vermək olurdu, nə də hansısa xidmət tələb etmək mümkün idi. Lakin özəl sektorla bu, belə olmayacaq. Müəyyən problemlər yaranarsa, vətəndaşların məhkəməyə müraciət edib, bu şirkətlərdən kompensasiya almaq hüququ yaranacaq. Bu baxımdan təbii ki, qərarın qəbul edilməsi yaxşıdır”.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqlinin "Şərq”ə açıqlamasına görə, MİS-lərin ləğv edilməsi bir sıra neqativ halların aradan qalxmasına şərait yaradacaq. Birlik sədri deyib ki, yeni qərar şəffaflığın təmin edilməsi üçün olduqca əlverişlidir: 

"İqtisadiyyat Nazirliyi tərəfindən Mənzil Mülkiyyətləri Müştərək Cəmiyyətinin yaradılması ilə bağlı addımlar atılıb. Məsələn, Nəsimidə, Binəqədidə, Nərimanovda, Yasamalda bir sıra proseslərlə bağlı işlər görülür. Sözsüz ki, bu gün MİS xidmətin ləğv edilməsi və taariflərin müəyyənləşdirilməsinin əhali üzərinə atılması ilə hökumət üzərinə düşən məsuliyyəti məhz vətəndaşların üzərinə atır. Yəni artıq vətəndaş qərarı özü verir. Düşünürəm ki, MİS-lərin ləğvi istənilən halda vətəndaşların da məsuliyyət hissini artıracaq və lazımlı olan məsələlərin həlli istiqamətində birlikdə qərar verməyə köməklik göstərəcək. Ona görə də MİS-lərin ləğvinin müsbət tərəfləri çoxdur.

Yeganə Bayramova