Virusların yayılması havaların kəskin dəyişməsi ilə bağlıdır

Sıx yerlərdə, avtobuslarda, metroda infeksiyanın yayılma ehtimalı daha çoxdur



Yazın gəlişi ilə bir çox xəstəliklər sanki təbiətlə birlikdə oyanır. Son günlər insanlar arasında müəyyən viruslar yayılıb. Ətrafımızda olan hər 5 nəfərdən 3-ü qrip olduğunu söyləyir. Hətta ötən ilin sonunda yeni qrip virusu olan "Hon-konq” virusunun ölkəmizdə tüğyan etməsi insanlar arasında təlaşa səbəb olmuşdu.

2016-cı ildə ölkəmizdə bu virusa yoluxanların sayı açıqlanıb. V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, Azərbaycanda "Hon-konq” virusu ilə bağlı 5 hal təsdiqlənib. Həmin xəstələr institutun xüsusi şöbəsinə daxil olub: "Orada həmin xəstələrdən müayinələr götürülərək Taun Əleyhinə Stansiyaya göndərilib. İnstitutdan 2, digər poliklinikalardan isə 3 xəstədən götürülən müayinə nəticəsində onların "Honkonq” virusuna yoluxduğu təsdiqlənib. Lakin bu virus epidemiya halına keçmədiyindən sıçrayış baş vermədi. Virus adi mövsümi qrip formasında ötüşdü və kəskin problem yaratmadı”.
H.Qədirova əlavə edib ki, bütün dünyada ən çox xəstələnmə qrip və kəskin respirator virus infeksiyaları ilə bağlıdır. Onun sözlərinə görə, zamanla qrip infeksiyaları arasında mutasiya nəticəsində yeni qrip virusları - ştamplar yaranır: "Keçən ilin də yeni qrip virusu "Hon-konq” idi. Ancaq bir məqamı bilmək lazımdır ki, hər bir asqırma və ya öskürmə qrip demək deyil. Burada adena, respirator virus və digər hallar ola bilər”.

Virusun qapalı və sıx məkanlarda yayılma ehtimalının çox olduğunu deyən həkim-terapevt Şəmsiyyə Namazlı xəstəliyin yayılmasını havaların kəskin dəyişməsi ilə əlaqələndirib.

 Onun sözlərinə görə, viruslar yayılan olduğu üçün onların havadan keçməsi digər xəstəliklərə nisbətən daha yüksəkdir: "Yaz-payız aylarında yağışların yağması, atmosfer təzyiqinin dəyişməsi və günəş şüalarının intensivliyinin azalması birbaşa olaraq bu xəstəliyin yayılmasında aparıcı rol oynayır. Virus xaricdən gəlmə olduğu üçün sıx yerlərdə, avtobuslarda, metroda hava yolu ilə gedərsə, infeksiyanın yayılma ehtimalı daha çoxdur. Həmin infeksiyalar 1.5 metr məsafədə və 20 dəqiqədən artıq olaraq keçmə qabiliyyətini mühitdə saxlayır. Bu baxımdan yayılma müddətinə, intensivliyinə, dinamkasına və əhatə radiusunun 1.5 metrdə olması ehtimalına görə virusun tezliklə epidemiya şəklini alması ehtimalı digər xəstəliklərə nisbətən daha çoxdur. Belə bir şəraitdə adətən Səhiyyə Nazirliyi tərəfindən səhiyyə müəssisələrində xüsusi palatalar ayrılır, müəyyən geyim dəstləri, virusa yoluxmuş insanları digər xəstələrdən izolyasiya eləmək üçün maskalar təşkil olunur. Xəstəlik aşkar olunduqda həmin şəxs palataya yerləşdirilir və təcili olaraq yardım göstərilir. Xəstəliyin aşkarlanması dəqiq bilinərsə və virus təsdiqlənərsə, həmin sahə üzrə mərkəzləşmiş qaydada, istiqamətlənmiş formada tədbirlər görülür. İnsanlar sıx məkanlarda daha çox təmasda olarsa, virusun artma ehtimalı çoxalar və geniş yayılar. Ölkəmizdə bu virusa yoluxanlar rəsmi şəkildə təsdiqlənibsə, müəyyən ölçülər götürülməli, profilaktik tədbirlər yerinə yetirilməlidir. Belə olduğu təqdirdə virusun yayılma ehtimalları da sıfıra enmiş olacaqdır”.

Yeganə Bayramova