Vitse-spikerlə deputat arasında gərginlik yarandı

Ziyafət Əsgərov: “Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz?”
Fuad Muradov: “Milli Məclisin saytına girsəniz, orda var”


Ziyafət Əsgərov Fuad Muradova kənd torpaqlarından danışmasını irad tutub



Milli Məclisin dünənki iclasında millət vəkili Fuad Muradovla birinci vitse-spiker Ziyafət Əsgərov arasında gərginlik yaranıb.
Deputat Fuad Muradov iclasda "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər haqqında danışarkən bəzi problemlərə toxunub.

O bildirib ki, kənd təsərrüfatı təyinatlı torpağın rəsmiləşdirilməsi zamanı icra başçısı və ya icra nümayəndəsinin müqaviləyə qol çəkməsi çox ciddi problemlər yaradır: "Bir neçə vaxtdan sonra həmin kənd icra nümayəndəsi işdən kənarlaşdırılır və ciddi fəsadlar yaranır. Kənd icra nümayəndəsi öz imzası ilə torpağı bir neçə nəfərə sata bilər. Amma kənd icra nümayəndəsi dövlət qulluqçusu deyil, yerli icra hakimiyyəti orqanlarının işə qəbul etdiyi vətəndaşdır. Sabah bu məsələ məhkəmə predmeti ola bilər. Kim təminat verəcək ki, həmin kənd icra nümayəndəsi öz imzası ilə torpağı eyni zamanda bir neçə şəxsə satmayacaq? Mən təklif edirəm ki, notariuslar da kənd təsərrüfatı torpaqlarının rəsmiləşdirlməsinin hüquqi qüvvəyə minməsində yaxından iştirak etsinlər.

Deputat kənd icra nümayəndələrinin bu səlahiyyətlərinin "ASAN Xidmət”ə verilməsi təklifini də səsləndirib: "Təklif edirəm ki, notariuslar Ədliyyə Nazirliyinin nəzarətində olan ciddi qurumlar kimi ucqar kənd yerlərində torpaq müqavilələrinin rəsmiləşdirilməsində, bu müqavilələrin hüquqi qüvvəyə minməsində mühüm rol oynasınlar. Torpaq müqavilələri yerli icra nümayəndələrinin şəxsi imzaları ilə yanaşı, notariuslar tərəfindən təsdiq edilsin”.

Deputat deyib ki, yalnız bu halda sabah həmin icra nümayəndələri işdən çıxarıldıqda, ortada qalan torpaq müqavilələrinə kim cavab verə bilər. F.Muradovun sözlərinə görə, torpaq müqavilələrini rəsmiləşdirmək səlahiyyəti "ASAN Xidmət”ə də verilə bilər: "ASAN Xidmət” bu gün öz səyyar avtobusları ilə belə işləri çox rahat və keyfiyyətli şəkildə yerinə yetirə bilər. Ən azı ayda 1 dəfə kəndlərə gedə bilərlər. Mən çox xahiş edirəm ki, xüsusi mülkiyyət, kənd təsərrüfatı torpağı kimi məsuliyyətli bir məsələdə dövlət öz təsirini göstərsin”.

Lakin parlament sədrinin I müavini Ziyafət Əsgərov millət vəkilinin təkliflərinə sərt reaksiya verib: "Mən bilmirəm sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyəti var?”.

Çıxışına davam edən deputat isə torpaqlarla bağlı bölgələrdəki vəziyyətdən söz açıb.

Bundan sonra Z.Əsgərovla F.Muradov arasında gərgin situasiya yaşanıb.

Z.Əsgərov: "Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz?”

F.Muradov: "Milli Məclisin saytına girsəniz, orda var”.

Z.Əsgərov: "Şəhərdən deputat seçilmisiz, amma kənd torpaqlarından danışırsız”.

Z.Əsgərov F.Muradova hansısa kənd rayonundan deputat seçilmədiyini irad tutaraq, onun torpaq problemindən söz açmasına dözümsüz yanaşması maraqlıdır.

Qeyd edək ki, F.Muradov Bakının Xətai rayonundan millət vəkili seçilib.

Anar