Vizaların alınması proseduru da asanlaşmalıdır

Bu zaman ölkəyə gələn turistlərin və ölkəmizdən keçən nəqliyyatın sayında artım ola bilər


Azərbaycana birdəfəlik giriş və ölkədən tranzit marşrutu üçün tələb olunan vizalara görə ödənilən dövlət rüsumu endirilir. Bununla bağlı bir sıra tələblər ləğv edilərək qaydalarda dəyişikliklər edilir. Milli Məclisdən verilən məlumata görə, Azərbaycan Prezidentinin təqdimatı ilə "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif edilir. Qanunun 16.1.6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən "birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün” nəzərdə tutulan 50 ABŞ dolları dövlət rüsumu 20 ABŞ dollarına endirilir. Eyni zamanda maddəyə "tranzit vizalarının rəsmiləşdirilməsi üçün” ifadəsi də əlavə edilərək bunun üçün də 20 ABŞ dolları dövlət rüsumu müəyyənləşdirilir. Maddəyə əlavə edilən "Qeyd” hissəsində isə izah edilir ki, "Dəyişikliklərin məqsədi Azərbaycan respublikasına əcnəbilərin turizm məqsədi üçün gəlməsini asanlaşdırmaq, ölkəmizin ərazisini tranzit daşımaları üçün əlverişli etmək və xarici ölkə vətəndaşlarının tranzit nöqtəsi kimi seçməkdə marağını gücləndirməkdir”. Layihə Milli Məclisin xüsusi növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Dəyişikliyi dəyərləndirən iqtisadçı-ekspert Nazim Məmmədov "Şərq"ə açıqlamasında söyləyib ki, viza məsələləri nə qədər sadələşmiş olsa, onun alınmasındakı prosedurlar az olsa, bu, müsbətdir. Ona görə ki, ölkəyə gələn turistlərin və ölkəmizdən keçən nəqliyyatın sayında artım ola bilər: "Ancaq güman etmirəm ki, təkcə rüsumun azaldılması ilə problem həll olunsun. Tutalım, bir nəfər Azərbaycana birdəfəlik gəlirsə, onun üçün 20 və yaxud 50 dollar elə də fərq etmir. O adam viza almalıdırsa, onu alacaq. Baxın, Avropa Birliyi ölkələri viza rüsumunu 70 avrodan 35 avroya endirmişdi. Vizaları Azərbaycanla "Şərq tərəfdaşlığı"na qoşulmuş ölkələrdə vizanın müddəti 1 ildən 5 ilə qaldırılıb. Məncə, Azərbaycan da belə addımlar atmalıdır".

Ekspertin qənaətincə, qonşu ölkələrə nəzər yetirsək görəcəyik ki, Azərbaycan ən sərt viza tətbiq edən ölkələrdən biridir: "Hətta bizə güzəştə gedib, viza tələb etməyən Türkiyə və İran kimi ölkələrə viza tətbiq etməyimiz çox gülünc görünür. Təbii ki, bu vizanın saxlanılması rüsumlara görədir. Bizim xaricdəki diplomatik nümayəndəliklərimiz rüsumun yığılması ilə məşğuldur. 100 nəfər müraciət edirsə, 100-nə də viza verilir. Xaricdəki diplomatik nümayəndəliklərimiz sui-istifadə hallarına yol verirlər. Onların fəaliyyətində ciddi pozuntular aşkarlanır. Bu baxımdan hesab edirəm ki, bizə qarşı hansısa dövlətlər viza məhdudiyyətini qaldırıblarsa, biz də analoji addımlar atmalıyıq. Fikir verin, Azərbaycandan Türkiyəyə milyonlarla insan gedir. Ancaq onlardan bizə qat-qat az insan gəlir. İş adamları da o ölkələrə üz tutur ki, orada viza prosedurları asandır. Vəziyyəti məhz bu məcraya gətirmək lazımdır. Yalnız rüsumların azaldılması ilə məsələ həllini tapmaz".

Ayyət Əhməd