"Vorzakonlar” çox təbliğ edilir

Yeniyetmələrin cinayət törətməsi halının çoxalmasının bir səbəbi də budur
"40-50 il bundan əvvəl, gəncliyimizdə "oğru aləmi”nə mənfi baxırdıqsa, indiki gənclər üçün bu mühit doğmalaşdırılıb. Bütün bunların təsiri ilə insanlarda mənfi mənada rahatlıq yaranıb"


Millət vəkili Fazil Mustafa özünün feysbuk hesabında üzərində bıçaq gəzdirən yeniyetmə və gənclərin sayının artması ilə bağlı SOS siqnalı verib. Daha çox orta məktəblərin 10-11-ci sinif şagirdlərinin bıçaq gəzdirdiyini vurğulayan millət vəkili buna səbəb kimi sosial şəbəkələrdə, teleseriallarda oğru aləmində baş verənlərin mütəmadi işıqlandırılması, təbliğ olunmasını göstərib: "Ötən gün də "Nizami" metrosunda 22 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürüblər. Cərrah tanışlarımızdan biri deyir ki, son zamanlar gənclər arasında ürəkdən və cinsi orqandan bıçaqlamaq dəb halını alıb.

 Ciddi narahatedici məsələdir, fikrimcə, valideynlər, məktəb müəllimləri, eləcə də Daxili İşlər Nazirliyinin müvafiq qurumları profilaktik tədbirləri gücləndirməlidir. Hamımız nədənsə düşmüşük televiziyalarda xoşqədəmlərin, zaurların üstünə. Zövqünüzə uyğun gəlib-gəlməməni bir tərəfə buraxın, bu verilişlərdə heç olmazsa, mərhəmət təbliğ olunur. Ən təhlükəlisi də oğru və qatil dünyasının prinsiplərinin, davranışlarının Azərbaycan, Rusiya və Türkiyə telekanalları vasitəsilə müxtəlif proqramlarda müntəzəm təbliğ olunmasıdır. Onların ədasını yeniyetmələr dərhal götürürlər və öz çevrələrində onların jarqonları ilə danışırlar".

Gənclərin davranışlarında xoşagəlməz vəziyyət yarandığını vurğulayan professor Əhməd Qəşəmoğlu da gənclərin davaya meyilli olmasının, mənfi davranışlarının əsas səbəbini son illərdə "vorzakonlar”ın güclü təbliğ edilməsi ilə əlaqələndirib:

"Gənclər çox zaman müəyyən mühitlərdə dava etməkdən, xoşagəlməz hərəkətlərdən çəkinirdilər. Lakin son zamanlar bir növ saymazlıq nümayiş etdirərək, rahat şəkildə hər məclisdə istədiklərini edə biləcəklərini düşünürlər. Son onilliklərdə "vorzakonları” çox təbliğ edirlər. Onlar qədər heç bir akademiki, elm xadimini, ziyalını reklam etmirlər. Gənclərimiz var ki, soruşsan, Rusiyada, Gürcüstanda və başqa ölkələrdə nə qədər "vorzakon” var, ətraflı tanıyır.

40-50 il bundan əvvəl, gəncliyimizdə "oğru aləmi”nə mənfi baxırdıqsa, indiki gənclər üçün bu mühit doğmalaşdırılıb. Bütün bunların təsiri ilə insanlarda mənfi mənada rahatlıq yaranıb. İstənilən insanın, xüsusilə gənclərin bir xüsusiyyəti var – istəyirlər, özlərini təsdiq etsinlər. Əgər insanların ciddi işi, təhsili olsa, buna daha çox vaxt sərf edər və mənasız davranışlardan uzaqlaşar. Amma düşünün ki, bir qrup gənc işsizdir, bir qrup isə universitetə gedir, dərs oxumur. Əksər gənclər özünü nə təhsildə təsdiq etmək zərurəti hiss edir, nə də ki, çalışdığı işdə. 

Nəticədə özlərini təsdiq etmək üçün bir-birləri ilə ucuz davalara əl atırlar. Yəni gənc intellektual olaraq deyil, fiziki gücdə özünü təsdiq etmək istəyir. Düşünürəm ki, müvafiq dövlət qurumları bu məsələdə diqqətli olmalıdır. Lakin onlar nə problemin mahiyyətini bilir, nə də həll etmək üçün diqqət göstərirlər”.

Sosioloq Elçin Bayramlı da açıqlamasında gənclər arasında qanlı davaların və xoşagəlməz mübahisələrin kəskin artdığını və hətta artmaqda da davam edəcəyini deyib:

 "Təbii ki, televiziyaların (dövlət TV-ləri istisna olmaqla) bütün bu kimi mənfi halların artmasında rolu əvəzedilməzdir. Bütün günü kriminal verilişlər verməyin, cinayətləri detalları ilə göstərməyin, kriminal aləmə cəmiyyətdə hörmətlə yanaşılmasının, uşaqların alt şüuruna təsiri konkretdir. 

Bundan başqa, uşaq azadlığı kimi saxta təbliğatın qurbanı olan valideynlər uşaqlara tərbiyə verməyi kənara atıb, onlara nəzarəti minimuma endiriblər. Valideynin başı sosial şəbəkələrdə qeybətlərə və gizli əlaqələrə qarışdığından uşaq özbaşına qalır və onun harda nə ilə məşğul olduğu, hansı mühitdə formalaşdığı məlum deyil. Uşaqlarını da yanına alıb seriallara, kriminal verilişlərə, şoulara baxırlar ki, bu da mənəvi deqradasiyanı və aqressiyanı artırır. Bunun da məntiqi nəticəsi belə olmalıdır”.

E.Bayramlının sözlərinə görə, praktiki olaraq problemin qarşısını almaq mümkün deyil.

 "Ancaq nəzəri cəhətdən mümkündür, o da bir halda ki, cəmiyyət yenidən normal mənəvi dəyərlərə dönə, valideynlər yenidən uşaqlarına tərbiyə verməyə qayıdalar, özəl televiziyalar ləğv oluna, yeniyetmələrin elm və təhsillə bağlı resurslar istisna olmaqla internetə girişi məhdudlaşdırıla, onların kompüter oyun salonlarına girişi həqiqətən qadağan oluna, məktəblərdə nəzarət gücləndirilə, müəllimlərin səlahiyyəti artırıla, tərbiyə dərsi sinifdən sinfə keçmək üçün vacib şərt ola... Təəssüflər olsun ki, bu tədbirlərin həyata keçirilməsi real deyil, demək, problemin həlli də mümkün deyil. Artıq necə deyərlər, gecdir".

Şəymən