Xalq artistinə ev verilməyib

“Təki mətbuatın yazdıqları gerçək olsun”




Xalq artisti Nuriyyə Əhmədovanın evsiz olduğu barədə mətbuat kifayət qədər yazıb. Şəxsi həyatı çilik-çilik olan, 2 övladını torpağa tapşıran Nuriyyə Əhmədovpa nə az, nə çox, 48 ildi evsiz, kirayələrdə yaşadığını deyir.

Ötən gün isə aktrisaya ev verilməsi barədə məlumat yayıldı. Sözün düzü, mətbuat da Nuriyyə Əhmədovanın evsiz olduğunu dönə-dönə yazmaqla onun bu probleminin həllinə çalışırdı deyə, jurnalistlər bu xəbərə sevindilər. Amma sevincimiz çox çəkmədi. Aktrisanın özü ilə əlaqə saxladıq. Məlum oldu ki, aktrisaya ev verilməsi xəbəri yalandı. Bu məsələdən bixəbər olduğunu deyən Xalq artisti öz təəssüratlarını "Şərq”ə bölüşüb: "Qızım, mənə ev verilməsi xəbərini səhərdən jurnalistlərdən eşidirəm. Amma mənə rəsmi bu barədə heç bir məlumat verilməyib. Yalandı. Təki yazdıqlarınız gerçək ola. Deyiblər ki, Avropa Oyunlarından sonra guya mənə ev veriləcək. Ancaq o evin açarı verilməyincə, mən o qapıdan ayağımı içəri atmayınca, bu məlumata inanmaram. Çünki 48 ildi onun-bunun qapısında yaşamışam. Təki o gün mənə qismət olsun. Heç olmasa, həyatda qalan yeganə övladımın onun-bunun qapısından canı qurtarsın. Canım çox ağrıyır. Xəstəyəm. Tez-tez halım pisləşir. Dünən də birdən halım pis oldu, hamı həyəcana düşdü. Mən bu xəstə canımla nə qədər qapılarda qalacam? Sağ olsunlar, rəfiqəm Tamilla xanım, sənət dostum Nahidə Orucova, məni tək qoymurlar. Amma insanın öz evi başqadı. Əgər evim olsa, birinci jurnalistlərlə bu sevindirici xəbəri bölüşəcəyəm. Dünən rəfiqəmin bağında idim. Bu gün Nahidə gəlib maşına oturdub evinə gətirib ki, ürəyim açılsın. O mənim bacımdı. Ona deyirəm ki, mənə yaxşı yerdə ev versələr, səni də aparacağam özümlə. Əhmədli uzaqdı sənin üçün... Təki ev versinlər. Siz də qonağım olun. Təki dediyiniz gerçək olsun”.

Tahirə