"Xalq Cümhuriyyətinin 100 illiyi dünya çapında qeyd olunmalıdır"

Firudin Cəlilov: "Qadınlara ilk dəfə səsvermə hüququnun verilməsi, ilk universitetin açılması, əlifbamızın və dövlət atributlarımızın qəbulu və s. qanunlar izah olunmalıdır"


"Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yalnız Azərbaycanın deyil, Türk dünyasının, hətta Şərq xalqlarının tarixində önəmli hadisədir”.

Bunu "Sherg.az”a Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin necə keçirilməsindən danışarkən tanınmış türkoloq alim, filologiya elmləri doktoru Firudin Cəlilov deyib. O bildirib ki, AXC-nin 100 illiyi dünya çapında qeyd olunmalı əlamətdar gündür:

"100 illik yüksək səviyyədə qeyd olunmalıdır. Bu cür təmtəraqlı yubiley ölkəmizin təbliği üçün də vacibdir. AXC qısa müddət yaşamasına baxmayaraq onun dövründə qəbul edilən qanunlar kifayət qədər əhəmiyyətlidir. Ona görə, bütün həmin qanunlar geniş şərh olunmalı, insanlara çatdırılmalıdır. Qadınlara ilk dəfə səsvermə hüququnun verilməsi, ilk universitetin açılması, əlifbamızın və dövlət atributlarımızın qəbulu və s. qanunlar izah olunmalıdır.

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bəyanatlarımızda da bu xüsusi qeyd etdiyimiz məsələdir. Bu mənada AXC-nin himnini, dövlət rəmzlərini və s. bərpa etdik. Ona görə, həm dünya çapında, həm də Azərbaycan xalqının tarixində AXC dövrü şanlı dövrdür. Bütün bunları nəzərə alıb, ən yüksək səviyyədə 100 illiyi qeyd etməliyik”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə  AXC-nin yaranmasının 100 illik yubileyi 2018-ci ildə qeyd olunacaq. Artıq bu istiqamətdə cəmiyyətdə və ziyalılar arasında müzakirələr genişlənib.

Aysel Aslan