Xalq Poroşenkonu istəmir
Seçkilərin ikinci turunda hazırkı prezidentin vəziyyəti daha ağır olacaq
Ukraynada prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Rəsmi nəticələr hələlik məlum olmasa da, "exit-poll”un nəticələrinə əsasən, komediya ustası Vladimir Zelenski 30,1 faiz səslə irəliyə keçib. İkinci yerdə isə 18,5 faiz səslə hazırkı Prezident Petro Poroşenko, üçüncü yerdə isə 14 faiz səslə sabiq baş nazir Yuliya Timoşenko qərarlaşıb. Yəni Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçib. Lakin Timoşenko "exit-poll”un rəyi ilə razılaşmayıb və nəticələrin saxtalaşdırıldığını iddia edib. O, ikinci tura Zelenski ilə özünün keçdiyini bildirib. Məlumat üçün bildirək ki, rəsmi nəticələr 10 aprelə qədər tam açıqlanmalıdır. İkinci tur isə 21 apreldə keçiriləcək.
Poroşenko: "İkinci tura marionetka ilə qaldım”
Ukrayna Prezidenti Pyotr Poroşenko prezident seçkisində ikinci tura çıxdığını bildirib. Təşkil etdiyi brifinqdə çıxış edən Poroşenko ikinci turda rəqibinin biznesmen İqor Kolomoyskinin marionetkası olduğunu deyib: "Bu seçkidə Kreml, onun agenturası və qaçqın oliqarxlar dəlicəsinə azğınlaşıblar. Onlar tam nəzarəti itiriblər. Tale məni ikinci tura Kolomoyskinin marionetkası ilə gətirdi. Kolomoyskiyə bir şans belə verməyəcəyik”. Zelenski Poroşenkonun bu ifadəsindən dərhal sonra ona cavab verib: "Bizim zəmanətçimizin mətbuat konfransını gördüm. O, yenə mənim Kolomoyskinin marionetkası olduğumu dedi. Əgər zəmanətçi belə deyirsə, neyləmək olar? Ona görə də mənim bir sualım var və məncə, o bunu görəcək. Siz Svinarçukun marionetkasınız, yoxsa Svinarçuk sizin marionetkanızdır?”.
"Poroşenko Qərbi artıq boğaza yığıb”
Seçkinin ilk turunu dəyərləndirən Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Andrey Klimov deyib ki, Qərb Ukraynadakı prezident seçkisində qələbə qazanan istənilən namizədi idarə edəcək. Onun sözlərinə görə, Kiyevin Qərbdəki himayədarları hesab edir ki, hazırda onların maraqlarına heç bir təhdid yoxdur: "Poroşenkonun olduğu kimi, Zelenskinin himayədarlarının da Qərbdə öz kuratorları var. Əgər o, hakimiyyətə gəlib, Rusiya ilə münasibətləri düzəltməyə cəhd etsə, bunu etməyə izn verilməyəcək. Poroşenko Qərbi artıq boğaza yığıb. Hazırda prezidentliyə bütün namizədlər Qərb üçün sərfəlidir”.
"Maydan prezidenti”nin siyasi uğursuzluğu...
Rusiya Dövlət Dumasının komitə sədri Leonid Slutski də deyib ki, seçkinin ilkin nəticələri hazırkı Prezident Pyotr Poroşenko siyasətinin uğursuzluğa düçar olması anlamına gəlir: "İstənilən halda ilkin nəticələr dövlət çevrilişi ilə hakimiyyətə gəlmiş "Maydan prezidenti”nin siyasətinin uğursuzluğu anlamına gəlir”. Onun sözlərinə görə, seçki yarışında nə "sanksiyalar”, nə "Qərbin himayəsi”, nə də "Kerç boğazı təxribatı” Poroşenkoya kömək edib”.
"Saakaşvili bu gün Ukraynaya bilet almışdı, amma...”
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynaya geri dönüş tarixini təxirə salıb. O, bu addımı Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenkonun prezident seçkisinin ikinci turuna keçməsi ehtimalı ilə bağlı atdığını bildirib: "Mənim biletim Poroşenkonun ikinci tura çıxmamasına görə sifariş edilmişdi. Lakin indi o, ikinci tura çıxa bilər. Mən Poroşenkonun yerinə ikinci tura Timoşenkonun çıxmasına sevinərdim. O zaman təyyarəyə oturub, Kiyevə gələcəyəm”.
Ukraynada yeni Maydan hərəkatı başlayır?
Siyasi ekspert Sergey Pantaleyev deyib ki, Yuliya Timoşenkonun Ukraynada yeni Maydan hərəkatı təşkil etmək üçün resursları mövcuddur. Lakin məlumdur ki, "Maydan” yalnız xarici qüvvələrin təsiri ilə baş tutur: "Şübhəsiz ki, Timoşenkoda imkanlar var. Lakin burada Maydan hərəkatının baş tutub-tutmaması daxildəki oyunçuların xaricilərlə əlaqəsindən asılı olacaq. Mən amerikalıları nəzərdə tuturam. Bu mənada Timoşenkonu bəzi xarici qüvvələrlə əlaqəyə girərək yeni "Maydan” təşkil etmə ehtimalını gözardı etmək olmaz. Həmişəki kimi nə mümkündürsə, o da Ukraynada baş verə bilər”.
"İkinci turda rəqabət güclü olacaq”
Ukraynadakı seçkini şərh edən gənc politoloq Firuzə Hüseyn bildirib ki, şoumen Vladimir Zelenskinin Ukraynanın indiki prezidenti Petro Poroşenkodan yığdığı səs faizi ilə belə kəskin fərqlənməsi o deməkdir ki, kütlənın xeyli hissəsi Poroşenkonun seçilməsini istəmir: "İkinci turda rəqabət güclü olacaq. Ancaq Poroşenko nə qədər mübarizə aparsa da, milli ruhlu çıxışlar etsə də, toplumun ona inamı azaldığı üçün reytinqi aşağı düşüb. Buna rəğmən, aprelin 21-i keçiriləcək ikinci turda Poroşenko əlindən gələni edəcəyini bildirib. Lakin görünür, artıq özü də uduzmaq şansının olduğunu hiss edib”.
İsmayıl