Xalq referendumda “hə” deyəcək

“Prezidentin səlahiyyətlərinin artması Türkiyədə indiyə qədər mövcud olan boşluqları, zəif nüansları ortadan qaldıracaq”


Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendum aprel ayının 16-da keçiriləcək. Bunu Baş nazir Binəli Yıldırım deyib. Nazirin sözlərinə görə, parlament tərəfindən qəbul edilən 18 dəyişiklikdən ibarət paket ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib. Xatırladaq ki, referendum qanunu rəsmi qəzetdə dərc olunduqdan 60 gün sonra ilk bazar gününə təsadüf etməlidir.

Dəyişikliklərə əsasən, Türkiyə parlament respublikasından prezident respublikasına çevriləcək və Baş nazir postu ləğv olunacaq. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ da deyib ki, nəzərdə tutulan dəyişiklik paketi Türkiyənin sürətlə inkişaf edə bilməsi üçün çox vacibdir. Məlumat üçün deyək ki, budəfəki marafonda hakim AKP-nin ən böyük dəstəkçisi Milliyətçi Hərəkat Partiyasıdır. İki böyük partiyanın həmrəyliyinə diqqət çəkən əksər ekspertlərin fikrincə, referendumda xalq "hə” deyəcək. 

Politoloq Natiq Miri "Şərq”ə deyib ki, referendum paketində yer alan ən mühüm məqam prezident üsul-idarəsinin yaradılmasıdır: 

"Prezidentin səlahiyyətlərinin artması Türkiyədə indiyə qədər mövcud olan boşluqları, zəif nüansları ortadan qaldıracaq. Təbii ki, bunların fonunda güclü Türkiyə yaranacaq. Nəzərə almaq lazımdır ki, güclü prezident sistemi ilə yanaşı, parlamentə də yüksək səlahiyyətlər verilir. Referendumdan sonra parlament yenə də qərarverici orqan kimi bütün ictimai-siyasi proseslərə nəzarətini və təsiri saxlayacaq. İndiki dönəmdə güclü hakimiyyətə, möhkəm idarəetmə sisteminə ehtiyac var. Köhnə sistemlə xarici güclər Türkiyənin daxili işlərinə ciddi surətdə müdaxilə edə və özlərinə sərf edən qərarları qəbul etdirə bilirdilər. Lakin bundan sonra xarici təsirlərin qarşısı tamamilə alınacaq”.

Siyasi şərhçinin sözlərinə görə, qlobal güclər Türkiyəni zəiflətmək, parçalamaq istəyirdilər: 

"Onlar Türkiyəni Suriya və İraq bataqlığına çevirməyə çalışaraq daxili çəkişmələrə sövq etmək niyyəti güdürdülər. Ancaq hökumətin və xüsusən millətçi kəsimin dəstəyi ilə bu prosesin qarşısı alındı. Əlbəttə ki, ən böyük dəstək hərbi çevriliş cəhdinə sərt reaksiya verən türk xalqı tərəfindən gəldi. Xalqın gücünü görən qərəzli dairələr öz niyyətlərindən nisbətən vaz keçmək məcburiyyətində qaldılar. Çünki Türkiyə həqiqətən güclü dövlət olduğunu sübut etdi”. Ekspert bildirib ki, Türkiyənin gələcəyi baxımından prezidentlik sistemi çox xeyirli olacaq: "Əvvəlki dönəmlərdə ildə bir neçə dəfə koalisiya hökumətləri qurulurdu. Qısa ömürlü hökumətlər ciddi proqramları həyata keçirə bilmirdi. Fikir ayrılıqları, siyasi güc parçalanmaları xarici qüvvələrin işini asanlaşdırırdı. İndi prezident üsul-idarəsi ilə hakimiyyət və güc birləşəcək. Ölkənin güc strukturlarına, xüsusi xidmət orqanlarına xarici ünsürlərin müdaxiləsi mümkün olmayacaq. Hesab edirəm ki, türk xalqı bu məsələnin həyati önəm daşıdığının fərqinə vararaq referendumda "hə” deyəcək və dəyişiklik paketini dəstəkləyəcək. Əgər Türkiyə millətçiləri prosesə "hə” deyirlərsə, deməli, strateji anlamda ölkənin gələcəyi müzakirə mövzusudur. Bu, bir növ "ölüm və ya olum” məsələsidir. Xalq və MHP bunun fərqindədir”.

İsmayıl