Bu gün, martın 28-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan” klubunda birliyin və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin qadınlar şurasının birgə təşkilatçılığı ilə xalq şairi Söhrab Tahirin 90 illik yubileyi keçirilib. Görkəmli şair ayağında yaranmış problemlər ilə əlaqədar olaraq öz yubileyində iştirak edə bilməyib. Bu barədə xalq şairi Nəriman Həsənzadə musavat.com-a açıqlamasında bildirib:
"Xəstəliyinə görə tədbirdə iştirak edə bilmədi. İstəyirdilər ki, onu xərəkdə gətirsinlər, lakin görünür istəməyib”.
Nəriman Həsənzadə yubiley tədbirinin çox gözəl təşkil edildiyini deyib:
"Yazıçılar Birliyi çox gözəl yubiley keçirdi. Bütün zal dolu idi. Tədbiri Sabir Rüstəmxanlı aparırdı. Xalq şairi Fikrət Qoca, mən və digərləri çıxış etdik. Anar müəllim də gözəl çıxış etdi.
Mənə daha çox təsir edən tədbirdə gəncliyin yaxından iştirak etməsi idi”.
Nəriman Həsənzadə qeyd etdi ki, xalq şairinə müalicəyə göndərilməsi ilə bağlı təklif olunub, lakin o, müalicə almaq istəməyib:
"Özünün dediyinə görə baş nazirin müavini Elçin Əfəndiyev onunula telefon əlaqəsi saxlayaraq müalicəyə göndərilməsi ilə bağlı təklif edib. Lakin Söhrab müəllim istəməyib.
Təsadüfən oğlu ilə rastlaşdım, o da dedi ki, müalicə ilə bağlı ona deyib. Qoy gedib müalicə alsın. O, çox böyük şairimiz, görkəmli şəxsiyyətimiz, çox mötəbər insandır. Yubileyi ilə əlaqədar olaraq Sabir Rüstəmxanlı ilə birgə onu ziyarətə getmişdik. Anar müəllim də telefon ilə əlaqə saxlayıb. Hər halda bu bizim borcumuzdur. Yanına gedəndə çox sevinmişdi. Söhrab Tahir həmişə yumorlu adam olub”.
Xatırladaq ki, Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. O, "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil alıb. Sonradan ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib.
Söhrab Tahir 1946-cı ildə Bakıya təhsil almağa gəlib. O, 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. Daha sonra isə ADU-nun filologiya fakültəsində oxuyub.
Onun bu günədək 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub. Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilib.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət” ordeninə layiq görülüb.