Xalq təbabəti...

Onda elə bir ətir var ki...



"Ən böyük həkim də, ən güclü dərman da ana təbiətdir. Bu, inkarolunmaz həqiqətdir. Azərbaycanın çölləri, meşələri, dərələri, düzləri qiymətli dərmanlarla doludur. Hər il milyon tonlarla qiymətli dərman çöllərdə məhv olub gedir, istifadə olunmur"

"İnsan təbiətdən, təbii yaşamaqdan nə qədər uzaqlaşırsa, o qədər də xəstələnir, ömrü azalır. Müasir həyat tərzi insanın düşmənidir və bioloji sisteminə tam əksdir"

Azərbaycanda xalq təbabətinə, illərin sınağından çıxmış təbii müalicə üsullarına həmişə böyük maraq olub. Müasir tibb formalaşanadək insanlar müxtəlif müalicə üsullarından istifadə ediblər. Ölkəmizdə təbii müalicə üsulları ilə insanlara şəfa verən təbiblər də olub. Lakin ötən əsrin 20-ci illərində sovet hakimiyyətinin qurulması ilə bəylər, xanlar və dindarlar kimi, xalq təbabətçiləri də təqiblərə məruz qaldılar. Təqiblərin onların sürgün olunması, tutulması, hətta güllələnməsi ilə nəticələnməsinə baxmayaraq, gizlin də olsa, bu ənənə nəsildən-nəslə ötürülərək yaşadılıb. Amma türkəçarələrin rəsmən cinayət hesab edildiyi sovet hakimiyyəti illərində belə yazılmış bədii əsərlərdə, çəkilmiş kinofilmlərdə xalq təbabətinin təbliğinə rast gəlmək mümkündür.

Bir çimdik sarımsaq kökünü eşşək südündə qaynat, iç. Bir az da qırmızı istiot töksən, xırp kəsəcək

Kino fondumuzun ən qiymətli filmlərindən hesab olunan "Ögey ana” filmində Fatmanisə qarının dilindən səslənən türkəçarələrin hər biri tarixən sınanmış müalicə üsullarıdır. Filmin bir epizodunda xəstəxanada Dilarə həkimin öskürəkdən müalicə etdiyi xəstəyə Fatmanisə arvad xalq təbabətində tətbiq edilən resept məsləhət görür: "Bir çimdik sarımsaq kökünü eşşək südündə qaynat, iç. Bir az da qırmızı istiot töksən, xırp kəsəcək”. Bunu eşidən həkim "bura bax, qarı nənə, bu həkimliyi hardan öyrənmisən?” deyə kinayə ilə soruşanda Fatmanisə qarı ona deyir: ”Ata-babadan belə etmişik. Kimini küpə salmaq, kimini çıldağ, kimini dua, kimini qan almaqla yaxşı eləmişik”. Dilarə həkim "Bura nağıl açmaq yeri deyil” deyərək qarının sözlərini qulaqardına vurur. Filmin başqa bir epizodunda çaydan keçərkən İsmayılın bacısı Cəmilə suya düşür. Uşaq qızdırma içində olanda Fatmanisə arvad Dilarə həkimi nəzərdə tutaraq "adam eşidən olsa, o qızı qoyun dərisinə salıb bədənini yumşaldıb mum kimi edər”. Daha sonra onun dediklərinə məhəl qoymayacağına işarə edərək "onunku odur ki, uşağın bədənini dəlik-deşik eləsin”. Hər nə qədər sovet təhsili görmüş həkim gəlin türkəçarələri kinayə ilə qarşılasa da, qarının hər iki resepti uzun illər qədim təbib və loğmanların istifadə etdiyi müalicə üsullarındandır.

Yenidən xalq təbabətinə müraciət edən insanların sayını çoxaldıb

"Bir qalanın sirri” filmində Həkim baba öz yetirməsi Mətanətlə "Boz qaya”dakı daşları əridən məhlul hazırlayırlar. Məhlulu tökən kimi Həkim babanın daşa dönmüş qolları açılır. Dərman bitkilərindən birini "Mətanət gülü” adlandıran Həkim baba "onda elə bir ətir var ki, ürəyə aslan gücü verir” söyləyir.

"Dərviş Parisi partladır” filmində də türkəçarələri təbliğ edən epizodlara rast gəlinir. Bu siyahını çox uzatmaq olar. Yuxarıda da qeyd etdiyimiz kimi, xalq təbabəti ilə müalicə üsulları milli kino-filmlərdə açıq və ya üstüörtülü şəkildə əks olunub. Bir ara həkimlərin apardığı təbliğat nəticəsində "türkəçarələr”ə inam azalsa da, son illər həkim səhlənkarlığı, səhiyyəmizin acınacaqlı duruma düşməsi yenidən xalq təbabətinə müraciət edən insanların sayını çoxaldıb.

Hazırda da xalq təbabəti, təbii müalicə üsulları ilə məşğul olan təbiblərimiz var.

Bu sahə ilə məşğul olan insanlar tibbin imkanlarını inkar etməsələr də, müalicə almağın çətin olduğu bu dönəmdə xalq təbabətinin ən əlverişli üsul olduğunu deyirlər.

Haqsız da sayılmazlar. Dərmanların, müayinələrin bahalığı bir yana, indi savadlı həkimlərimizin sayı o qədər azalıb ki, gündüz vaxtı çıraqla axtarırıq. Saxta dərmanların daxili bazara ayaq açması da bir ayrı problemdir.

Bu kimi problemlər üzündən ölkəmizdə xalq təbabəti klinikasının açılmasını zəruri hesab edən insanlar var. Təbii ki, fırıldaqçılar yox, bu işi bilən adamlar orada çalışmaqla insanlara kömək edə bilərlər.

Qeyd edək ki, Özbəkistanda xalq təbabəti ilə əhaliyə xidmət göstərilməsinə rəsmi icazə verilib. Bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Xalq təbabətinin inkişafı üzrə ilknövbəli Tədbirlər Proqramı”nı təsdiq edib. Sənəddə bildirilib ki, xalq təbabəti əhaliyə tibbi xidmət göstərilməsində əlavə metod sayılır, bu üsulla müalicə edən şəxslər isə öz fəaliyyətlərinə görə qanun qarşısında məsuliyyət daşıyırlar. Bu proqram çərçivəsində ali tibb təhsili müəssisələrinin müalicə işi, pediatriya, tibbi pedaqogika fakültələrində xalq təbabəti üzrə xüsusi dərslər keçiriləcək. Proqramda Daşkənd Həkimləri Təkmilləşdirmə İnstitutunda "Xalq təbabəti” kafedrası və təkmilləşmə kursunun açılması da nəzərdə tutulur.

Hər nə qədər insanlar həkim müayinəsindən daha çox türkəçarəyə üstünlük versə də, tibbin bu qədər inkişaf etdiyi vaxtda türkəçarəni avamlıq adlandırıb, bu müalicə metoduna mənfi reaksiya verən insanlar da az deyil.

Maraqlıdır, kim haqlıdır. Hər iki müalicə üsulundan hansı daha effektli və orqanizmə daha faydalıdır?

Bitkilərlə müalicə üzrə mütəxəssis Aytəkin Sultanovanın sözlərinə görə, xəstələr kimyəvi dərmanlarla müalicədən şəfa tapmayanda dərdlərinə xalq təbabətində dərman axtarırlar. Həmçinin xroniki xəstəliklərdən qurtula bilməyənlər, uzun müddət istifadə nəticəsində bu preparatların zərərli təsirindən qorxaraq ümidini türkəçarəyə bağlayır. Bir çoxları da dərman bitkilərinin zərərsiz olduğunu düşünərək və daha ucuz başa gəldiyindən bu yolu seçirlər: "Bitkilərlə müalicədə əsas olan xəstəliyə qarşı necə mübarizə aparmağın və hansı bitkilərdən istifadə qaydalarını bilmək vacibdir. Hər bir bitkinin fərqli tərkibi olduğu üçün müalicədə onlardan istifadə dozasını da dəqiq bilmək lazımdır. Bəzən bir xəstəliyin müalicəsində 10-15 bitki qarışığından istifadə edilir ki, bu da dəqiqlik tələb edir. Bunu isə ancaq bu işin mütəxəssisləri bacarır".

A.Sultanovanın sözlərinə görə, türkəçarə ilə özbaşına məşğul olmaq və sağlamlığını ara həkimlərinə etibar etmək həddən artıq təhlükəlidir: "Unutmaq olmaz ki, dərman bitkilərinin müalicəvi xüsusiyyəti ilə yanaşı, zərərli təsiri də mövcuddur. Belə ki, bu bitkilərin uzunmüddətli və sistematik qəbulu orqanizmdə tədricən lazımsız maddələrin toplanmasına, nəticədə zəhərlənmənin baş verməsinə gətirib çıxarır. Onların həkim məsləhəti olmadan qəbulu maddələr mübadiləsinin pozulmasına və endokrin problemlərin yaranmasına səbəb olur”.

Mütəxəssisin fikrincə, özbaşına diaqnoz qoymaq və özünü müalicə etmək mövcud vəziyyəti daha da kəskinləşdirə bilər ki, bu da müxtəlif ağırlaşmalara gətirib çıxarar: "Bəzən türkəçarədə bir-birinə əks göstərişli olan dərman bitkilərinin qarışdırılaraq istifadə edilməsi ağır fəsadlara gətirib çıxarır ki, sonda əlacsız qalan xəstə həkimə müraciət etməli olur. Qəbul olunan dərman bitkisi bəzən xəstəliyin simptomlarını aradan qaldırsa da, başqa bir xəstəliyin yaranmasına və digər orqanların zərər görməsinə də səbəb ola bilər. Bəzən insanlar fitoçaylardan istifadə edərkən elementar səhvlərə yol verirlər. Onlar müalicənin gedişinə mənfi təsir göstərən siqaret və spirtli içkilərdən istifadənin nə qədər zərərli olduğunun fərqində belə olmurlar. Çox vaxt belə məsuliyyətsiz davranışlar allergik problemlərin yaranmasına səbəb olur".

Müasir tibb və dərmanlar xəstəliyi müalicə etmir, simptomları aradan qaldırır

Sosioloq Elçin Bayramlının sözlərinə görə, min illərdir insanlar təbii dərmanlarla sağalıblar. Nəinki inkişaf etməyib, hətta əksər təbii üsullar itirilib: "Hamıya məlumdur ki, (bunu dünya şöhrətli alimlər, elmi araşdırmalar təsdiq edib) müasir tibb və dərmanlar xəstəliyi müalicə etmir, simptomları aradan qaldırır. Yəni simptomatik müalicədir. Loru dillə desək, oqranizmdə problem yarananda o, siqnal verir, dərmanlar isə bu siqnalın səsini kəsməklə məşğuldur. Xəstəlik isə orada gizli inkişaf edir, ya da o xəstəlik ləğv olunur, başqası başlayır. Çünki orqanizm sağalmayıb, o möhkəm deyil, xəstəliklə mübarizə aparmaq üçün lazımi "silahlarla” təchiz olunmayıb”.

Bütün xəstəliklərin immun sisteminin zəifliyi ilə bağlı olduğunu vurğulayan sosioloq deyib ki, əgər immun sistemi zəifdirsə, istənilən xəstəlik inkişaf edəcək, güclüdürsə, orqanizm özü onun öhdəsindən gələcək: 

"Dünya elminin müalicəsini tapa bilmədiyi QİÇS xəstəliyinin də adı bunu deyir - qazanılmış immun çatışmazlığı sindromu. Vərəm xəstəliyi də belədir. Vərəm çöpləri hamıda var, lakin kimdə immunitet zəifdirsə, onda inkişaf edir. Orqanizmdə mükəmməl müdafiə mexanizmi var. Sadəcə, onu vitaminlərlə, minerallarla və digər zəruri təbii maddələrlə zənginləşdirmək, sağlam həyat tərzi keçirmək, təbii qidalanmaq, fiziki hərəkətdə olmaq lazımdır.

Hər hansı bir səbəbdən xəstələndikdə isə onu təbii üsullarla müalicə etmək mümkündür. Hətta xərçəng xəstəliyini belə. Lakin bəzi xəstəliklər və yaralanmalar var ki, orada müasir tibbi dərmanların rolu böyükdür. Bu da əsasən onunla bağlıdır ki, biz həmin dərmanı təbii olaraq düzəltmək imkanına malik deyilik. Bəli, ən böyük həkim də, ən güclü dərman da ana təbiətdir. Bu, inkarolunmaz həqiqətdir. Azərbaycanın çölləri, meşələri, dərələri, düzləri qiymətli dərmanlarla doludur. Hər il milyon tonlarla qiymətli dərman çöllərdə məhv olub gedir, istifadə olunmur. Yalnız "Azərfarm” müxtəlif çiçəklərin, bitkilərin qarışığından dəmləməlik düzəldib satır ki, bu da çox təqdirəlayiqdir və bir çox xəstəliklərin müalicəsində müsbət təsir göstərir.

İnsan təbiətdən, təbii yaşamaqdan nə qədər uzaqlaşırsa, o qədər də xəstələnir, ömrü azalır. Müasir həyat tərzi insanın düşmənidir və bioloji sisteminə tam əksdir. Dərmanlarla xəstəliklərin kökünü kəsmək olmayacaq, nə qədər ki, təbii həyat tərzinə qayıtmamışıq”.

Şəymən