Xanımlarımız Türkiyədəki evlilik proqramlarına niyə axın olur?




"Türkiyədə bəzi televiziya kanalları guya ailə qurmaq üçün açılır, amma çoxları bilir ki, bu şou xətrinə düzəldilən proqramlardır”.

Bunu Sherg.az-a azərbaycanlı qadınların Türkiyədə evlilik verilişlərinə qatılmasına münasibət bildirərkən vəkil İradə Cavadova deyib. 

O bildirib ki, bu proqramların şou məqsədilə yaradılması, iştirakçılara pul təklif olunması kimi söyləntiləri ciddi araşdırmaq lazımdır:

"Mən özüm də tam şahidlik edə bilmərəm. Bunun üçün yerində, ciddi araşdırmaa lazımdır. Amma oradan burdan eşidirik ki, onlara hətta bu təklif olunur. Hər bir proqramda iştirak üçün müəyyən məbləğdə pul alırlar. O daha çox işləməyən, özünü reklam etmək, hansısa filmdə çəkilmək məqsədilə bu işə girənlərdir. Təbii ki, mən buna mənfi yanaşıram. Çünki burada məqsəd ailə qurmaq deyil, daha başqa niyyətlər var. Məsuliyyət isə televiziya kanallarının üzərinə düşür. Çünki onlar cəlb etmək üçün müəyyən təkliflər edirlər, verilişləri baxımlı olsun, şou yaratsınlar deyə bu addımlar atılır. Azərbaycanlı qadınların Türkiyəyə və ya başqa ölkələrə gedib bu yollarla evlənmək istəməsi birmənalı şəkildə müsbət qəbul oluna bilməz. Onlar burada ailə qura bilmirsə, ailə qurmaq üçün başqa ölkəyə gedirsə, buna pis baxa bilmərik. Ailə qurmaq elə məsələdir ki, iki tərəfin razılığı əsasında olur. Heç bir müdaxilə etmək hüququmuz yoxdur”.

Azərbaycanda da bu şəkildə fəaliyyət göstərən proqramların olduğunu diqqətə çatdıran İ.Cavadovanın sözlərinə görə, şou xarakterli insanlar isə yenə də həmin verilişlərə qatılır:

"Onlara bunu qadağan edə bilmərik. Bir ara deyirdilər ki, televiziyada biz eyni simaları görürük. Eyni insanlar verilişlərdə gedib otururdular, səhərdən axşama kimi iştirak edirdilər. Mən deyə bilmərəm ki, televiziya həmin şəxslərə pul verir. Amma tamaşaçıların da məqsədi həmin verilişlərdə görünmək, məşhurlaşmaq idi. Biz onları qınaya bilmərik. Hər bir ölkədə bunlar var, insanlar cəlb olunur, verilişlərdə oturur, məşhurlaşmaq istəyir.

Amma bizim azərbaycanlı xanımlara yaraşmayan haldır ki, Türkiyədə hər hansı evlilik verilişinə şou xətrinə qatılır, ərə getmək istəyir, onlardan imtina edilir və s. Heç bir Azərbaycan xanımına bunu yaraşdırmıram. Amma digər tərəfdən bu, həmin xanımların öz hüququdur. Biz onlara qarışa bilmirik. İstəsələr gedərlər, istəməsələr getməzlər. Buna müdaxilə etmək düzgün deyil”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa son vaxtlar Türkiyədəki evlilik proqramlarına, "O səs Türkiyə" yarışına, mankenlər dəfiləsinə Azərbaycandan qatılanların sayının xeyli artdığı haqqında sosial şəbəkələrdə məlumat verib.

Aysel Aslan