"Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir”.
"Sherg.az”ın xəbərinə görə, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Feysbuk profilində yazıb.
Analitik bildirib ki, Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birilərini kəskin tənqid edirlər və bu proses dayanmır:
"Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir. Məlumdur ki, Nikol Paşinyan "Qarabağ klanı”nı Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi isə həbs olunub. Qarabağ separatçılarının iki tanınmış nümayəndəsindən biri olan eks-prezident Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırılıb və qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb. Digər sabiq prezident Robert Koçaryan isə həbsdədir və məhkəməsi gedir. Ancaq məhkəmə prosesinin özü də Paşinyanı narahat edir.
Çünki, birincisi, bir neçə hakim Koçaryanın məhkəməsini aparmaqdan imtina edib. Aydındır ki, həmin hakimlər "Qarabağ klanı”nın intiqamından qorxduqlarına görə kənara çəkiliblər. İkincisi, Koçaryan üzərindəki məhkəmə "Qarabağ klanı”nı canlandırıb. Onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayıblar. Separatçılar Koçaryanın həbsdən azad olunmasını tələb edirlər. Paşinyan buna razılaşa bilməz. Paşinyanın separatçılara mesajı belədir: "Ermənistanın daxili işlərinə qarışmayın”. Buna baxmayaraq, separatçıların keçmiş və hazırki lideri Koçaryanın məhkəməsinə gedərək yenidən Paşinyanı narahat edən açıqlama veriblər”.
Politoloq vurğulayıb ki, Paşinyanın Qarabağ səfərləri də nəticə vermir:
"Baş nazir düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Bako Saakyan üzərində nəzarəti gücləndirəcək, lakin bu, alınmadı. Saakyan Koçaryan və Sarkisyanın təsiri altındadır, onlara xidmət edir. Sarkisyanın tez-tez Dağlıq Qarabağa gəlişi də bundan xəbər verir. Paşinyan "Qarabağ klanı”nı Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan deyil, Moskvadan gəlir”.
E.Şahinoğlu bildirib ki, 2020-ci ildə Dağlıq Qarabağda "prezident seçkisi” keçiriləcək. Bako Saakyan namizəd olmayacağını bildirib:
"Deməli, "prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda "prezident seçilməsini” istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər zəifdirlər. İkinci qüvvə "Qarabağ klanı” ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir.
Onlardan birinin Dağlıq Qarabağın "prezidenti” seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın "prezidentliyinə” Koçaryanı və ya Sarkisyanı gətirməyə çalışsınlar”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır:
" Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı "Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə bu Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə "Qarabağ klanı”nın çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir”.
İsmayıl