Xaricə işləməyə gedənlər mütləq diplomatik qurumlardan qeydiyyatdan keçməlidir

Bu ona görə lazımdır ki, həmin şəxslərin hüquqları pozulanda ona yardım etmək mümkün olsun


"Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrasını təmin etmək, eləcə də ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində səhiyyə sahəsində zəruri tədbirlərin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Əmri ilə Fəaliyyət Planı təsdiq edilib.

Fəaliyyət Planına gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilməsi tələb olunmayan sənədlərə dair təkliflərin hazırlanması və müvafiq qaydada icra edilməsi, gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan sənədlərin həqiqiliyinin gömrük orqanları tərəfindən yoxlanılması məqsədilə həmin sənədləri vermək səlahiyyəti olan qurumların elektron baza serverlərinə müvafiq qaydada giriş hüququnun təsbit edilməsi kimi bir sıra məsələlər də daxil edilib. Belə ki, xarici ölkələrə gedib-gələnlərin ciddi şəkildə yoxlanılması nəzərdə tutulub. Sənəddə həmçinin səhiyyə sahəsində görüləcək işlər barədə tədbirlər müəyyənləşdirilib. Belə ki, malyariyaya görə endemik olan ölkələrə gedib-gələn şəxslər və eləcə də belə ölkələrdən gələn xarici vətəndaşlar üzərində nəzarətin təmin edilməsi, vərəm xəstəliyinin profilaktikası, müalicəsi və kadrların hazırlanması, QİÇS-ə yoluxmuş xəstələrin antiretrovirus terapiyasına cəlb edilməsi və digər aktual məsələlər əks olunub.

Fəaliyyət planı ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov xarici ölkələrə gedib-gələnlərin yoxlanılmasının məqbul olduğunu deyib. Onun sözlərinə görə, xaricə gedib-gələn insan istər-istəməz xaricdə olarkən hər hansı bir qanun pozuntusu, təqib və ya təhlükəli hallarla qarşılaşa bilər:

"Təbii ki, həmin məqamlarla bağlı müvafiq araşdırmalar aparıla bilər. Müvafiq qurumlar bu araşdırmanı o zaman həyata keçirə bilər ki, həmin şəxsin konkret olaraq şikayət ərizəsi daxil edilsin. Nəzəri cəhətdən xaricə gedib-gələn insanlar arasında elələri var ki, orda əmək fəaliyyəti ilə məşğul olur və əmək istismarına məruz qaldığı zaman öz haqlarını tələb edə bilmirlər, hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Belə olduğu halda onlar Azərbaycana gələrkən bizim hüquq-mühafizə orqanları həmin məqamlarla bağlı araşdırmalara başlaya bilər”.

A.Allahverənov həmçinin deyib ki, vətəndaşların hansı ölkəyə getməyindən asılı olmayaraq onlar diplomatik qurumlarda qeydiyyatdan keçirlər və bu, onların təhlükəsizliyi üçün vacibdir: 

"Diplomatik qurumlardan qeydiyyatdan keçmək ona görə lazımdır ki, həmin şəxs xarici ölkədə olarkən hansısa formada təhlükələrlə rastlaşırlar və bu diplomatik qurumlar onların mənafelərinin qorunmasında yaxından iştirak edə bilsin. Əgər belə bir qeydiyyat edilməsə, həmin şəxslərin yaşadığı ölkədə hüquqlarını müdafiə eləmək çətin olar”.

Yeganə Bayramova