Xarici jurnalistlər ermənilərin vəhşiliyini gözləri ilə gördülər

Qonaqlar, artilleriyadan açılan atəş nəticəsində yaralanan mülki əhaliyə də baş çəkiblər
Dünən səhər saatlarından etibarən xarici və yerli media təmsilçilərinin cəbhə bölgəsinə səfəri başlayıb. Cəbhə bölgəsinə yola düşən xarici media nümayəndələri arasında BBC, "Reuters”, "Bloomberg”, "France-Presse”, "RİA Novosti”, "Anadolu”, TRT, İHA, "Cihan”, "Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə ilk olaraq Bərdə rayonuna gediblər.
Jurnalistlər öncə Bərdə Diaqnostika Mərkəzində ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.
Buradan sonra isə media nümayəndələri Ağdam və Ağcabədi rayonlarına yola düşüblər. Jurnalistlər orada ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağıdılan, yanan evlərə baxış keçiriblər.
Səfər çərçivəsində media nümayəndələri erməni silahlı bölmələrinin artilleriya atəşləri nəticəsində həlak olan Çəmənli kənd sakinləri Mustafayev Famil Əli oğlu və Hüseynov Əli Müseyib oğlunun yaxınları ilə görüşüblər. Həlak olanların yaxınları baş verənlərin mülki əhaliyə qarşı törədilən cinayət olduğunu deyiblər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyib ki, bütün bunlar Ermənistanın hərbi-kriminal rəhbərliyinin törətdiyi cinayət əməlləridir: "Bu cinayətlərə hüquqi qiymət veriləcək”.
Jurnalistlər Çəmənli kəndini atəşə tutması nəticəsində yaralanan kənd sakinləri - Abdullayev Anar Nizami oğlu, Rəhimov Zahid Vəliş oğlu və Elgiz Qarayevlə görüşüblər. Mərkəzin həkimi Eldar Əhmədov bildirib ki, yaralıların vəziyyəti stabildir, həyatları üçün təhlükə yoxdur.
Daha sonra media nümayəndələri ermənilərin atəşi nəticəsində xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Çəmənli kənd sakinləri - Şəbnəm Səyyaf qızı Qaraşova, Adil Mustu oğlu Məmmədov və Elnur Polu oğlu Məmmədova baş çəkiblər.
Həkimlər onların üçünün də qəlpə yaraları aldığını, vəziyyətlərinin stabil olduğunu deyiblər.
Media təmsilçiləri həmçinin aprelin 2-də ermənilərin atəşi nəticəsində dağılan Sarıcalı kənd orta məktəbində olublar.
Mərmi partlaması nəticəsində dağılan məktəb binası hazırda əsaslı təmir olunur. Məktəb direktoru Aybəniz Məhərrəmova binanın yalnız bir korpusunun zədələnmədiyini, tədris prosesinə çox çətinliklə davam etdiklərini deyib. Hazırda məktəbin dövlət vəsaiti hesabına əsaslı təmir olunduğunu bildirən A.Məhərrəmova məktəbin qısa zamanda tam istifadəyə veriləcəyini açıqlayıb. Onun sözlərinə görə, 300 yerlik məktəbdə 261 şagird təhsil alır.
Jurnalistlər Ağdamın Mahrızlı kəndində ermənilərin atdığı mərmi nəticəsində yanaraq yararsız hala düşən evdə də olublar. Kənd sakini Əliş Hüseynova məxsus birmərtəbəli yaşayış evi tamamilə dağılıb.
Sakinlər jurnalistlərə bildiriblər ki, aprelin 27-dən 28-nə keçən gecə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mərmilərdən biri bu evə düşüb, ev yanıb. Hadisədən sarsıntı keçirən ev sahibi xəstəxanaya yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı isə jurnalistlərə açıqlamasında bildirib ki, düşmənin gecə saatlarında atəşkəsi pozmasının əsas məqsədi yaşayış məntəqələrini hədəfə almaqdır.
Aprelin 26-dan başlayaraq Ermənistan silahlı bölmələrinin mülki əhali arasında itki olsun deyə, gecə saatlarında atəşkəsi kobud surətdə pozduqlarını deyən V.Dərgahlının sözlərinə görə, bu da erməni barbarlığını nümayiş etdirən faktlardan biridir: "Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ermənilərin bu cür aqressiv addımlarının qarşısının alınması üçün adekvat tədbirlərin görülməsi məqsədilə təmas xəttinə yaxın olan bölmələrimizə birmənalı şəkildə tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun. Həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən tapşırıq verilib ki, Azərbaycan silahlı bölmələri işğal altında olan ərazilərdə məskunlaşan dinc əhaliyə atəş açmasın. Bizim məqsədimiz düşmənin atəş nöqtələrinə adekvat cavab zərbələri endirməkdən ibarətdir. Bu da düşmənin atəşini susdurmaq məqsədi daşıyır. Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq silahlı bölmələrimiz düşmənə layiqli cavab zərbələri endirib”.
Nazirlik sözçüsü həmçinin ermənilərin qadağan olunmuş silahlardan istifadə edilməsi məsələsinə də toxunub. O qeyd edib ki, belə faktlar var və ictimaiyyətə bu barədə məlumat verilib: "Hazırda həmin qadağan olunmuş silahların mənşəyi araşdırılır. Ermənilərin bu silahlardan istifadə etməsi beynəlxalq konvensiyalara ziddir, ermənilər əhali arasında çoxsaylı itki olması üçün bütün vasitələrdən istifadə etməyə çalışır”.
V.Dərgahlı əlavə edib ki, son günlər ərzində Azərbaycan ordusu heç bir itki verməyib, hər hansı hərbi texnika sıradan çıxarılmayıb.
Şəymən