Əslində, Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırılıb
"Əlavələr də bundan ibarətdir ki, DİM hər hansı hüquqi şəxsin ərizəsi əsasında kimisə imtahan edə biləcək"
Təhsil Nazirliyi ilə TQDK arasında narazılığa səbəb olan prosedurun ləğvi xəbəri doğru çıxmadı. Qeyd edək ki, KİV-də Dövlət İmtahan Mərkəzinin (hazırkı TQDK – red.) bəzi hüquqlarının ləğvi barədə xəbər verilmişdi. Xəbərdə bildirilirdi ki, «Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanına dəyişikliklər edilib. Dəyişikliklərə əsasən DİM-nin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələri Azərbaycan Respublikasının Prezidentinə və Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib. İllərdir ki, məhz bu məsələdə TQDK ilə TN arasında problemlər yaranır, mübahisələr ortaya çıxır, TQDK-nın təqdim etdiyi nəticələr TN tərəfindən birmənalı qarşılanmır, bəyənilmir və hətta təkzib həddinə çatırdı. TQDK ilə Təhsil Nazirliyi arasında yaranan narazılıqların əsasında ən çox məhz buraxılış və qəbul imtahanlarının nəticələri barədə yekun sənədin ortaya qoyulması dayanırdı. Məlumdur ki, TQDK-nın imtahanların nəticələri barədə ortaya qoyduğu sənəd Təhsil Nazirliyini bir nömrəli hədəfə çevirirdi. Ancaq dünən sözügedən fərmana edilən dəyişikliklər barədə təkrar məlumat verildi və aydın oldu ki, Məleykə Abbaszadənin səlahiyyətləri azalmayıb, əksinə, artıb.
Yaranmış anlaşılmazlığı şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu «Şərq»ə açıqlamasında məlum fərmana edilmiş dəyişikliklərin izahının düzgün verilmədiyini bildirdi:
- Mən fərmana edilmiş dəyişikliklərlə tanış oldum. Və gördüm ki, orada Dövlət İmtahan Mərkəzinin hansısa səlahiyyətinin azaldılması deyil, tam əksi – artırıldığı qeyd olunur. DİM-nin səlahiyyətləri genişləndirilib və bu da tamamilə məntiqə uyğundur. Köhnə səlahiyyətlərin hamısı saxlanılıb, yenilər də əlavə olunub. Məsələn, dövlət qulluğuna qəbulla bağlı səlahiyyətlər xeyli genişləndirilib, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu siyasətin həyata keçirilməsini təmin etmək və s. yanaşı, hətta dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi vəziyyətini öyrənməyə qədər. Əlavələr də bundan ibarətdir ki, DİM hər hansı hüquqi şəxsin ərizəsi əsasında kimisə imtahan edə biləcək.
Buraxılış və qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etməksə DİM-nin birbaşa vəzifələrinə aid edilir. Bu işi hazırkı TQDK da icra edirdi. 11 aprel 2016-cı il tarixli Fərmanda da bu əksini tapmışdı, DİM-nin hüququ kimi. İndi də bu, DİM-nin vəzifələrinə aid edilir. Yəni, burada DİM-nin hansısa səlahiyyətinin əlindən alınmasından söhbət getmir. İndiyədək TQDK müxtəlif funksiyalar daşıyırdı, ancaq adı ilə daşıdığı funksiyalar uyğun gəlmirdi. Amma adı dəyişib Dövlət İmtahan Mərkəzi olduqdan sonra vəzifələri ilə uyğunluq təşkil edir artıq. Hesab edirəm ki, bu, tamamilə doğru qərardır.
Məlahət Rzayeva