Lalə Mehralı: “Qadın o cür qısqanc ərə rəğmən gizlin telefon işlədirsə, çılpaq şəkilləri onun-bunun əlində gəzirsə, əlbəttə ki ər onu öldürəcək ”
Xəyanət, əxlaqsızlıq və ailə qətlləri...
Son günlər Azərbaycanı ailə faciələri bürüyüb
Lalə Mehralı: “Qadın o cür qısqanc ərə rəğmən gizlin telefon işlədirsə, çılpaq şəkilləri onun-bunun əlində gəzirsə, əlbəttə ki ər onu öldürəcək ”
Lalə Mehralı: “Qadın o cür qısqanc ərə rəğmən gizlin telefon işlədirsə, çılpaq şəkilləri onun-bunun əlində gəzirsə, əlbəttə ki ər onu öldürəcək ”
Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Tural Kazımov həyat yoldaşı 26 yaşlı Maya Kazımovanı qətlə yetirib. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib. Cütlüyün birgə nikahdan 3 övladı var. Hadisə zamanı Kazımovların övladları qonşuluqda yaşayan babasıgildə olublar. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir. Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində isə 1974-cü il təvəllüdlü Sahil Babalıyev yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı, 41 yaşlı Şəhla Babalıyevanı bıçaqlayıb. Qadınlara qarşı soyqırım bununla da bitmir.
Srağagün Tovuzun Aşağı Quşçu kəndində dəhşətli cinayət hadisəsi baş verib. 1999-cu il təvəllüdlü Günay Gülməmmədovanın cəsədi çay kənarında başı kəsilmiş halda tapılıb. Həmin gün Qazax rayonunun Xanlıqlar kəndində Bayram bulağı adlanan ərazidə naməlum qadın meyiti tapılıb. Qazax rayon polis şöbəsindən verilən məlumata görə, kolluqdan tapılan və təqribən 25 yaşında olan qadın bıçaqlanaraq qətlə yetirilib.
Bu, sadəcə iki günün içində baş vermiş cinayətlərdir. Qadınlara qarşı cinayətlərin aylıq statistikası isə olduqca ağırdır. Qısqanclıq və ya hansısa başqa zəmində qadınların kişilər tərəfindən qətlə yetirilməsi, amansızlıqla döyülməsi faktları hər gün baş verir... Qanlı statistika azalmaq əvəzinə anbaan artır. Qısqanclıq zəminində törədilən qətllər, bıçaqlanmalar artıq saya-hesaba gəlmir desək, daha doğru olar. Sanki ölkədə qadınlara qarşı bir qətliam başladılıb. Qardaş bacını, oğul anasını, ər arvadını öldürür. Aşağı-yuxarı hamısının da motivi eynidir: Xəyanət, əxlaqsızlıq, pis yola düşmə və s. Daha doğrusu, cəmiyyət heç bir əsas olmadan namus ifadəsini daha çox qadınlarla bağlayır və bir qayda olaraq qadınlar əleyhinə törədilmiş cinayətlərə bəraət qazandırmaq üçün ondan vasitə kimi istifadə olunur. Baş vermiş cinayətlərin bu cür təqdim olunması isə təbii ki, cinayətkarların özünü müdafiəsindən başqa bir şey deyil. Hətta bəzi hallarda hakimlər də bu vəziyyətdən istifadə edərək belə qatillərə daha yüngül cəzanın təyin olunmasına cəhd edirlər. İnsanların bu şəkildə qəddarlaşması, cinayətə meyilliliyin artması, bütövlükdə cəmiyyətdə manyaklaşmanın getdikcə daha artıq hiss edilməsi sonun çox dəhşətli olacağının bir siqnalıdır.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə "Şərq”ə açıqlamasında deyib ki, ailədaxili qətllərin səngidiyi vaxt olmur, həmişə aktual problemdir: "Amma öldürən də, ölən də son vaxtlar çoxalıb, bununla razıyam. Birmənalı olaraq, bütün qətlləri eyni arşınla ölçmək doğru deyil. Hərəsi başqa səbəblərdən baş verir. Bəzən öldürən, bəzən də ölən günahkar olur. Məsələ burasındadır ki, indi qətllər daha dəhşətli, daha vəhşət dolu olur. Sanki öldürən öləni öldürməklə hirsini soyuda bilmir, cəsədinə cürbəcür vəhşiliklər tətbiq etməklə qisas alır. Günahkar məsələsinə gəlincə isə, qadını həmişə "günah keçisi” edirlər, bu doğru deyil. Hər 10 haldan qoy 7-si qadının günahından olsun, axı kişilər də aydan arı, sudan duru deyil. İçki düşkünü olan var, narkotikə qurşanan var, qumarda pulunu uduzub hirsini evdəkindən çıxan var. Bu günlərdə bir xanım müraciət etdi mənə, dedi ki, ərindən gizli işlətdiyi telefonu xarab olub və təmir üçün ustaya verib. Həmin telefon ustası da qızın məhrəm şəkillərini əldə edib telefondan və qadını şantaj edir, yaxınlıq yaratmaq istəyir. Qadının dediyinə görə, çılpaq şəkilləri də varmış telefonunda. Soruşdum ki, niyə yoldaşından gizlin işlədirsən telefonu? Dedi heç kimlə əlaqə saxlamağa qoymur, valideynlərimə zəng edə bilmirəm. Dedim ki, ev telefonu yoxdur? Onunla zəng et. Dedi var, amma hamı "vatsap”dadır, kimdi ev telefonu ilə əlaqə saxlayan. Sonra niyə çılpaq şəkil çəkdiyini soruşdum, "şeytana uydum” dedi. Məndən məsləhət istəyirdi ki, onu şantaj edəndən şəkillərini necə geri alsın ki, ərinin xəbəri olmasın. Əri bir dəfə məhbəs həyatı yaşayıb dediyinə görə. Belə olan halda nə deyəsən? Mən nə məsləhət verə bilərdim? Ən çoxu polisə getməyi, ən azı ərinə özünün açıb deməyini məsləhət görə bilərdim. Düzdür, o kişi qadınını çox sıxmaqla, qadağalar qoymaqla bu yola özü itələyib, amma hər telefonu olmayan qadın belə işlərlə məşğul olmur axı. Evli bir qadın niyə çılpaq şəklini çəkib saxlasın telefonunda? İndi bu qadın o cür qısqanc ərə rəğmən gizlin telefon işlədirsə, çılpaq şəkilləri onun-bunun əlində gəzirsə, əlbəttə ki ər onu öldürəcək . Yəni deməyim odur ki, bəzən qətlə elə qadının özü rəvac verir. Bəzi hallarda isə yuxarıda sadaladığım zərərli vərdişlər səbəb olur. Bütün hallarda öldürmək su içmək kimi asanlaşıb indi. Orta məktəb uşaqlarının cibində belə bir düymə ilə açılan kəskin bıçaqlar var”.
Bu prosesin qarşısını almaq üçün atılacaq addımlara gəldikdə isə sosioloq deyib ki, çətin ki, bundan sonra düzələ: "Qəsdən qətlə yetirməyə görə 20-25 il azadlıqdan məhrum edilənlər var, çıxır həbsdən, 1 aydan sonra yenə qətl törədir. Bəlkə yeniyetmələrə dustaq həyatının ağırlığından, gələcəyinin puç olacağından, bütün həyatını bir qətlə görə məhv edəcəyindən danışılsa, ailədə qəti qadağalar və qaydalar qoyulsa, valideyn nəzarəti gücləndirilsə, bir qədər düzələ vəziyyət. Uşaqları zalım böyüdür valideynlər, bunun hər gün şahidi oluruq. Bu zalımlıq bu gün bir küçüyün, pişiyin qulağını kəsmək, sərçəni "raqatka” ilə vurmaqdır, sabah bir insanı qətlə yetirmək. Maksimum diqqətli olmaq lazımdr. Uşaqları zorakılıq aşılayan oyunlardan, cizgi filmlərindən uzaq saxlamaq lazımdır”.
"Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qadınlara qarşı törədilən cinayətlərin artmasının çox narahatedici olduğu qənaətindədir. Hər bir cinayət hadisəsinin törədilmə səbəblərinin fərqli olduğunu deyən ekspert deyib ki, hansısa kişinin həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirməsi halları ola bilər. Amma biz bunun nə dərəcədə doğru olub-olmadığını haradan bilək? Çox zaman kişilər öz cinayətlərinə "hüquqi don” geyindirmək üçün qadınlara şər atırlar. Bilirlər ki, həbsxanada namus üstə yatanlara hörmət edilir, ona görə də cinayətlərini "namus” pərdəsi altında gizlədirlər: "Əslində isə, ailədə baş verən hər bir narazılığa, ər-arvad arasındakı anlaşılmazlığa görə hər iki tərəf məsuliyyət daşıyır. Ailə tək bir kişidən və ya tək qadından ibarət deyil. Ailə iki insanın birgə yaratdığı ortaq yaşam yeridir. Ailənin möhkəmliyi də bu iki nəfərdən asılıdır. Azərbaycan mentalitetində qadın ailənin qoruyucusu hesab edilir. Bəs kişinin vəzifəsi nədir? Qadın ailəni qorumalıdır, yoxsa kişi? Bu vəzifə təkcə qadının üzərinə qoyulacaqsa, onda evlənmək, ailə qurmaq nəyə lazımdır? Elə hamı təkbaşına yaşayar. Ailənin möhkəmliyi hər iki fərdin onu nə dərəcədə qoruyacağından asılıdır. Ailəsinə, qadınına sədaqət göstərməyən kişinin qadından bunu tələb etməyə haqqı yoxdur. Kişi də qadın qədər sədaqətli, ailəsinə bağlı olmalıdır. Təəssüf ki, Azərbaycan ailəsində bu ənənələr, süni "mental dəyərlər” adı altında dəyişdirilib. Halbuki keçmişdə boşanmaların sayı çox olmurdu, qadınların namussuzluğu və "namusluğu” da bu dərəcədə deyildi. Əsl kişi qadınına namussuz damğası vurmaz. Bunu özünə ar bilər. Sən necə kişisən ki, arvadın namussuzluq edir?! Əlbəttə, istisnalar bütün dövrlərdə və cəmiyyətlərdə olub və olacaq da. Ancaq gəlin, ümumi vəziyyətə nəzər salaq. Son illərin internet, sosial şəbəkə, feysbuk dalğası cəmiyyəti əhatə edib. Evdə həyat yoldaşından diqqət, sevgi görməyən qadın internetdə yazışmalara başlayır və bəzən bu yazışmaların sonu evdən qaçmalarla nəticələnir. Bu da bizim faciəmizdi. Qadın elə bir diqqət və sevgi ilə əhatə olunmalıdır ki, özünə dost axtarmaq fikrinə düşməsin. Eyni sözlər kişilər üçün də keçərlidir. Qadın da həyat yoldaşına eyni səmimi münasibət bəsləməlidir. Bəzən boşanmaların, qətl hadisələrinin səbəbini iqtisadi çətinliklərdə axtarmağa başlayırlar. Belə deyil. Müharibə vaxtı insanlar aclıq çəkirdi. Evlərdə yeməyə bir şey olmurdu. Amma qadınlar pis yola düşmədi, illərlə oturub həyat yoldaşlarının yolunu gözlədilər. Deməli, cəmiyyətdə aşınmalar var. Qadınlar ittiham olunur. "Əxlaqsızdır” - deyə. Bu, həmin qadındır ki, kafe və şadlıq saraylarında kişilərin şərab qədəhlərini yuyur. Həm də yüzlərlə ədəd. Bu həmin qadındır ki, xadiməlik edir, küçə süpürür. Aşpazlıq edir. Kilolarla ağır çantaları daşıyır ki, evinə pul gətirsin. Azərbaycan qadını o zaman aşağılandı ki, kişinin "qazanc mənbəyi” rolu onun zərif çiyinlərinə qoyuldu. Bununla da ailədə rollar dəyişdi. İşsiz qalan kişi gününü evdə televizor qarşısında keçirdi, qadın isə kafelərdə qabyuyan oldu, xadiməlik etdi. Bəzi kişilərsə irəli gedib alt paltarı, həm də qadın alt paltarları satmağa başladılar. Sonrası daha ağır; sərhədlər açıldıqca, satılan qadınlar da çoxaldı. Qadınları satın alan da kişilərdir axı. Çox da ki, keçmişdə də bu peşə vardı, deyib, arqument tapırıq guya. Bu qədər də yox axı!.. İstənilən halda eybəcər şəklə düşmüş cəmiyyətdən nə desən gözləmək olar. Və olur da”.
Şəymən