Xeyriyyə işi belə olmur

Ayan geyimlərini satışa çıxardı, amma səhvə yol verdi"Əgər həqiqətən hər hansı məşhur bunu doğrudan da, ancaq xeyriyyə məqsədilə edirsə, onda satışa ucuz geyimlərini deyil, əksinə, ən bahalı geyimlərini çıxarmalıdı"
Tanınmışlara olan maraq, fanatizm bəzən onların şəxsi əşyalarına da bağlılıq yaradır. Yəni ulduzların fanatları təkcə onlarla ünsiyyətdən zövq almırlar, eyni zamanda onların əşyalarına sahib olmaq, geyindikləri geyimləri əldə etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər.
Bəzən tanınmışların geyimləri, aksessuarları aksiona çıxarılaraq satılır və bundan əldə olunan gəlir çox vaxt xeyriyyə məqsədilə istifadə olunur. Təbii ki, bu həm də tanınmışların təbliğatında rol oynayır. Yəni bu da bir reklam vasitəsi sayılır. Azərbaycanda da son vaxtlar bu kimi reklam vasitələrilə əşyalarını satışa çıxaran məşhurlar var. Onlar da şəxsi əşyalarını, geyimlərini aksionda satmaqla vəsait əldə edərək xeyriyyə işlərinə dəstək olurlar. Təbii ki, burada tanınmışların xeyriyyə aksiyalarına qatılması təkcə yardım məqsədi daşımır, eyni zamanda tanınmışın piarı özünü göstərmiş olur. Yenə də sonda həmin tanınmış reklam edilir, onun təbliğatı aparılır.
Türkiyədə də bu kimi aksionlara qatılan ulduzların adını çəkmək mümkündü. Ajda Pekkanın, Tarkanın, Seda Sayanın və bir çox digərlərinin əşyaları zaman-zaman aksiona çıxarılaraq satılıb. Əldə olunan gəlirlər isə xeyriyyə məqsədilə istifadə olunur.
Son illər Azərbaycanda da bir çox tanınmışlar əşyalarını, aksessuarlarını satışa qoyaraq əldə olunan gəlirin xeyriyyə məqsədilə xərcləndiyini söyləyirlər.
Bir müddətdir Türkiyədə yaşayan müğənni Ayan Babakişiyeva maraqlı addım atıb. İfaçı geyinmədiyi libaslarını, ayaqqabılarını və çantalarını satışa çıxarıb: "İndi Bakıdayam. Geyinmədiyim bəzi geyimlərimi satmaq qərarına gəlmişəm. Bu satışdan əldə olunan pul yardım məqsədi daşıyır”.
Ayan "Şərq”ə açıqlamasında bildirdi ki, artıq bu gün start götürən aksionda bir neçə əşyası satılıb: "Düzünü desəm, elə də bahalı geyimlərimi aksiona qoymamışam. Normal qiymətə olan libasları seçmişəm ki, fanatlarımın onları almağa imkanı çatsın. Kliplərimdə olan özəl geyimlərim var ki, onları satışa çıxartdım. Mən xeyriyyə aksiyalarında iştirak etməyə maraqlıyam. Çox vaxt bunu reklam etmirəm də. Bacardığım qədər uşaq evlərinə, qocalar evinə gedirəm, baş çəkirəm. Xüsusilə Gəncədə tez-tez oluram. Bu dəfə də inşallah, əldə olunan gəlirin üstünə əlavə də edib bir şəkildə xeyriyyə işinə xərcləyəcəm”.
Tanınmışların şəxsi əşyalarını satışa çıxarmasına münasibət öyrənmək üçün tanınmış stilist Anar Atakişiyevlə əlaqə yaratdıq. Tanınmış stilist "Şərq”ə bunları söylədi: "İndi belə hallara normal baxıram. Sadəcə olaraq burda maraq ikitərəflidir. Yəni əlli əlliyə maraq var. Yəni həm piar
məqsədi daşıyır, həm də həqiqətən xeyriyyə məqsədi daşıyır. Piar məqsədi ilə nəyə görədir? İzahını açıqlayım. Əgər həqiqətən hər hansı məşhur bunu doğrudan da, ancaq xeyriyyə məqsədilə edirsə, onda satışa ucuz geyimlərini deyil, əksinə, ən bahalı geyimlərini çıxarmalıdır. Dəyərli zinət əşyasını aksionda satışa çıxarsın. Bu təbii ki, onun kumirinə də xoş olar ki, onun pərəstiş etdiyi ulduzun bahalı əşyasına sahib olmaq imkanı əldə edir. Həm də xeyriyyə məqsədilə buna maraq çox olar deyə, alanların sayı da çox olar. Yəni ulduzun adına layiq bahalı əşya satışa çıxarılmalıdır. Bizdə bəzən dəxlisi olmayan, hətta lazımsız əşya satışa çıxarılır. Yəni əslində həmin ulduz üçün o əşyanın elə böyük əhəmiyyəti yoxdu deyə, onu ucuz qiymətə satmaq da maddi baxımdan ona təsir edə bilmir. Sadəcə bu yenə piar məqsədi daşıyır. Amma belə normal yanaşıram. Tanınmışların əşyalarını aksiona çıxarıb, xeyriyyə məqsədilə o gəliri xərcləmələri çox normaldı. Əslində pul köçürmək daha məntiqə uyğundur. Əgər konkret xeyriyyədən söhbət gedirsə. Sakitcə uşaq evinə, heç bir reklamı düşünmədən dəstək olmaq daha yaxşı olar. Amma bizdə sənətçilər uşaq evinə gedəndə belə onu piar edib aləmə göstərməyi sevirlər ki, mən yardım etdim. Amma xaricdə çox vaxt tanınmış yardım edəndə bunun reklam etmir. Sadəcə gedib pulunu o uşaq evinin hesabına köçürür. Bu artıq xeyriyyəçilik sayılır. Sadəcə yalnız fanatları üçün də belə aksion keçirəndə, çox bahalı əşyası ucuz qiymətə satır ki, dəlicəsinə onun aşiqi olan fanatı o əşyaya sahib olmaq şansı qazansın. Fikrimcə, bəzən manyak dərəcədə olan pərəstişkarlar var ki, onlar sevdikləri kumirlərin əşyalarını əldə etmək üçün son qəpiyini xərcləyir. Bundan da səliqəli şəkildə istifadə etmək olar. Amma xeyriyyə üçün bu aksionlara da ehtiyac yoxdu”.
Tahirə