Xidmətdə fərqlənən yol polisləri mükafatlandırılıb




Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Sürət həyatda tərəqqi, yolda təhlükədir”- yol hərəkəti təhlükəsizliyi üçün təbliğatın gücləndirilməsi layihəsi çərçivəsində yol polislərinin mükafatlandırma mərasimi keçirilib.

Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən tədbir IV İslam Həmrəyliyi Oyunları, "Formula 1” Azərbaycan Qran Prisində Yol Polisinin fəaliyyəti! və 2 İyul - Polis Günü münasibəti ilə təşkil edilib.

Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda çıxış edən Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi sədri Elməddin Muradlı deyib ki, bir çox hallarda vətəndaşlar hüquqlarını bilirlər, amma vəzifələrini bilmirlər: "Onlarla bəzən polis əməkdaşları arasında anlaşılmazlıq yaranır. Bəzi hallarda sürücülər polislərə qarşı şərləmə metodlarından istifadə edir. Polis olmayan yerlərdə özbaşınalıqların sayı daha çox olur. Bəzən polislərin yollarda dayanmaması məsələsini irəli sürürlər. Bu, hələ ki, mümkün deyil. Mən polislərin tərəfini tutmuram, amma bu faktı da deməliyəm. Polislərin də nöqsana yol verənləri olur, nöqsan olursa, cəzası da olur. Hər il şahidi oluruq ki, neçə polis əməkdaşı cəzalandırılır”.

E. Muradlının sözlərinə görə, layihənin məqsədi yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inamın daha da artırılması, ictimaiyyətin diqqətini yol-nəqliyyat hadisələrinə yönəltməkdən ibarətdir:

 " Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün geniş maarifləndirmə işi aparılmalıdır. Qəzaların əksəriyyəti piyada vurulmasıdır ki, bu da sürücülərlə piyadalar arasındakı qarşılıqlı nizamsızlığın nəticəsidir. Bu halların aradan qaldırılması üçün birgə fəaliyyət göstərmək, təbliğat işlərini gücləndirmək lazımdır”.

Tədbirdə qeyd edilib ki, yol polisi əməkdaşları IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində və həmin yarışların keçirildiyi günlərdə qarşıya qoyulmuş məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələrək yüksək xidməti peşəkarlıq nümayiş etdiriblər. Yarışların ölkəmizdə əmin-amanlıq şəraitində keçməsi üçün hüquq mühafizə orqanlarının, o cümlədən yol polisi əməkdaşlarının xidməti və fədakar fəaliyyəti vətəndaşlarımız və ölkəmizə gəlmiş çoxsaylı qonaqlar tərəfindən razılıqla qarşılanıb.

Çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanda yol polisinin peşəkarlığının ildən-ilə artdığını qeyd edib: 

"Azərbaycan bir neçə beynəlxalq yarışlara ev sahibliyi edib. Həmin oyunlar zamanı polis təhlükəsizliyi təmin etdilər, biz ona görə də polislərə minnətdarlığımızı bildiririk”.
Deputat Flora Qasımova isə polislərin çətin işlərin öhdəsindən gəldiyini deyib. Onun sözlərinə görə, yol polisləri olmazsa, yol qəzalarının sayı daha da artar.
Millət vəkili Fərəc Quliyev bildirib ki, Azərbaycan polisinin danılmaz xidmətləri var: "Son illər baş verən hadisələr də göstərdi ki, Azərbaycan xalqının, ölkə rəhbərliyinin keşiyində elə Azərbaycan polisi dayanıb və daxili işlər naziri Ramil Usubovun rəhbərlik etdiyi bu komanda xalqa, dövlətə xidmət edir".
Gənc millət vəkili Şahin İsmayılov isə belə deyib: "Yol polisləri yol təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olan şəxslərdir və hər zaman onlara dəstək olmaq lazımdır”.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür tədbirlərin keçirilməsi yol polislərinə stimul verir: 

"Vətəndaşların təhlükəsizliyinin qorunmasında yol polislərinin rolu böyükdür. Onlar çətin şəraitdə olsa da, xidmət aparırlar. Mətbuat polis əməkdaşlarının əməyini işıqlandırmalıdır ki, onlar stimul alsınlar”.
Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, polis orqanlarında xidmət keçmək asan deyil, çətinlikləri çoxdur. O, bu sahə ilə bağlı qanunvericilikdə dəyişiklərin olduğunu xatırladıb: "Bu çərçivədə polis əməkdaşları peşəkarlıqlarını artırmalıdırlar. Ümid edirəm ki, Azərbaycanda yol təhlükəsizliyi Avropa ölkələrinin səviyyəsinə çatacaq”.

Tədbirin sonunda isə xidmətdə fərqlənən 26 yol polisi əməkdaşı tədbir təşkilatçıları tərəfindən mükafatlandırılıb.

Şəymən