XİN: Dağlıq Qarabağdakı qondarma rejimin Ermənistan tərəfindən tanınması Minsk Qrupu prosesinə son qoyulması deməkdir





"Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır”.
Bunu APA-ya açıqlamasında Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyini" tanıyacağı barədə açıqlamalara münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq: "Bu Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir. Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.