Valideynlər boşandıqda uşaqları əziyyət çəkir
Valideynlərdən biri uşağın digər valideynlə xaricə getməsinə notarial qaydada təsdiqlənmiş razılıq vermədikdə, bu məsələ məhkəmə qaydasında öz həllini tapa bilər
Valideynlər boşandıqdan sonra uşaqların müalicə, yaxud da səyahət məqsədilə ölkədən çıxarılması zamanı əksər hallarda tərəflər arasında problemlər yaranır. Tərəflərdən birinin himayəsində olan uşağın xarici ölkəyə aparılması zamanı qarşı tərəf çox halda buna icazə vermir, yaxud da müəyyən çətinliklər yaradır.
Ötən gün sosial şəbəkələrdə sözügedən məsələ ətrafında aparılan müzakirələr fonunda deyə bilərik ki, vətəndaşların bu məsələ ilə bağlı bilgiləri çox aşağıdır. Bəs, mütəxəssislərin yanaşması necədir? Qanunvericilik bu məsələni hansı qaydalar əsasında tənzimləyir? Valideynlərdən birinin razılığı olmadıqda, uşağın xarici ölkəyə aparılması barədə məhdudiyyət aradan qaldırıla bilər?
Vəkil Asif Abdullayevin dediyinə görə, valideynlərdən biri uşağın digər valideynlə xaricə getməsinə notarial qaydada təsdiqlənmiş razılıq vermədikdə, bu məsələ məhkəmə qaydasında öz həllini tapa bilər:
"Qeyd edilən problem adətən boşanmış şəxslər arasında yaranır. Ana uşağı xaricə aparmaq istəyir, ata isə buna razı olmur. Nəticədə isə uşaq ya səyahətindən qalır, ya idman yarışından və yaxud da, uşağın maraqlarına yönəlmiş digər tədbirlərdən qalır.
Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaq ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Belə razılıq olmadığı halda, uşağın xaricə getməsi məsələsi məhkəmənin qərarı əsasında həll olunur.
Məhkəməyə müraciət edərək, məhkəmədən uşağın xaricə aparılmasına razılığın verilməsini tələb edən valideyn bilməlidir ki, uşağın xaricə aparılmasını zəruri edən hallar əsaslandırılmalıdır. Uşağın xaricdə hansısa idman yarışında iştirak etməsi, müalicəyə getməsi və sair səbəblər olduğu halda, məhkəmə valideynlərdən birinin razılığı olmadığı halda da, uşağın xaricə aparılmasına icazə verə bilər”.
Şəymən