Yaralar çox dərindir

Müharibə veteranı 20 ildən sonra öz uşağını öldürübsə, deməli, burda başqa nüanslar var
"Bizim Qarabağ veteranları praktiki olaraq peşəkar formada psixoloji reabilitasiya keçməyiblər"

Mingəçevirdə törədilən dəhşətli qətl hadisəsi ilə bağlı müzakirələr davam etməkdədir. Xatırladaq ki, bir neçə gün öncə Lazım Hüseynov adlı şəxs arvadının və iki azyaşlı uşaqlarının başını kəsərək bədənindən ayırıb. Baş verənlərin cəmiyyətdə böyük səs-küyə səbəb olmasına baxmayaraq hadisənin nədən qaynaqlandığı hələ də sual altındadır.

Dəhşətli qətllə bağlı sosial şəbəkələrdə də ciddi müzakirələr gedir. Feysbukda xanım istifadəçilərindən biri olan Afət Yaqubova hadisə ilə bağlı şəxsi fikirlərini bildirib. İstifadəçi məsələyə fərdi şəkildə yanaşaraq qeyd edib ki, qətli törədən şəxs Qarabağ veteranı olduğu üçün yaşadıqları dəhşət və fəlakətlər, psixoloji pozuntular onu cinayət törətməyə vadar edib:

"Mingəçevirdəki qətllə bağlı fikir yazanlardan hamı öldürəni söydü. Və bir nəfər də fikir vermədi ki, adam müharibə veteranıdır. Bu gün "Urrraaa!! İrəli! Torpağımız düşmən tapdağında qalmamalıdır!" deyib, başlamaq istədiyiniz müharibənin daha böyük dəhşətlərindəndir - özü bitir, izləri 20 ildən sonra özünü göstərir. Heç bir psixoloji reabilitasiya olmadan, heç bir iş yeri və yaşayışla təmin edilmədən od-alovdan sakit cəmiyyətə atılmış bu adamlar necə olmalı idilər? Bir yandan adam öldürüb, o biri yandan sakitcə viski içməyi axı hər adam bacarmır”.

Həqiqətən də müharibənin insanlara yaşatdığı vəhşiliklər və dəhşətlər kimisə cinayətkar olduğu üçün müdafiə etməyə əsas verə bilərmi? Ümumiyyətlə, baş verənləri uzun illərin gərgin, ciddi psixoloji pozuntuları hesab edə bilərikmi? 

Psixoloq Azad İsazadənin sözlərinə görə, hər bir kəs seçimi özü edir və kimisə cinayət hadisəsi törətdiyi üçün qınamaq düzgün deyil. Buna baxmayaraq, bilərəkdən cinayət işləmək və kiminsə canına qıymaq artıq olduqca təhlükəli məqamları ortalığa çıxarır: 

"Müharibə veteranları istər-istəməz psixoloji və sosial cəhətdən hansısa problemlər yaşayırlar. Vaxtilə bu, sindrom kimi Vyetnam müharibəsindən sonra başladı, Amerika əsgərləri və hərbiçilərində psixoloji gərginlik araşdırılırdı. Sovet dövründə isə ayrıca olaraq həmin sindromu əfqan sindromu kimi də araşdırırdılar. Sözsüz ki, Qarabağ sindromu da var. Kimsə daha çox təsir altına düşür. Bizim Qarabağ veteranları praktiki olaraq peşəkar formada psixoloji reabilitasiya keçməyiblər. O demək deyil ki, onlar reabilitasiya olmayıblar. Bəzən reabilitasiya kortəbii şəkildə də olur. Bəzi hallarda isə vaxtilə canını, qanını verən insan sonra gəlib maddi, sosial, iqtisadi problemlər yaşayır. Bu zaman isə sözsüz ki, psixoloji reabilitasiya prosesi nəinki gedir hətta mənfiyə doğru inkişaf edir”.

A.İsazadə həmçinin bildirib ki, cinayəti törədən şəxsin hansısa problemləri ola bilər. Lakin, bu o demək deyil ki, Qarabağ veteranıdır deyə belə hərəkət etsin. Psixoloqun sözlərinə görə, təbii ki, Qarabağ veteranı olmayan insanlar var ki, onlar da öz ailəsindən kimlərisə öldürüblər. Buna görə də, baş verənləri konkret olaraq hansısa amillə bağlamaq düzgün deyil: 

"Deməli, bu hadisəyə bir neçə amil təsir edir. Ayrıca olaraq kriminalist və hüquq psixologiyası var. Cinayətkarı konkret olaraq müayinədən keçirtmək lazımdır.

Müharibə dövründəki dəhşətləri yaşamış insan üçün mütləq şəkildə müalicə lazımdır. Ola bilsin ki, bəziləri üçün daha gecdir. Mən də Qarabağ veteranlarından biriyəm. Çoxumuz psixoloji reabilitasiyanı kortəbii olaraq keçmişik və dinc həyata qayıtmışıq. Amma yadımdadır ki, həmin illər bir az çətin idi. Ümumiyyətlə, Qarabağda nə üçün vuruşurlar? Təbii ki, vətəninə, ailəsi və uşaqlarına görə. Cinayətkar müharibədən 20 il keçəndən sonra öz uşağını öldürübsə, deməli, baş verənlərdə hansısa ayrı bir amil rol oynayıb. Təbii ki, qətl zamanı Qarabağ sindromunun da təsiri ola bilər. Ona görə də daha dəqiq məlumat üçün bu şəxsi müayinədən keçirib onun psixoloji durumunu öyrənmək lazımdır”.

Yeganə Bayramova