Yeni hazırlanan qanun layihəsi qəbul olunacağı təqdirdə bütün ölkə əhalisi üçün keçərli olacaq
Yarışa son qoyulur
Dünyanın heç bir yerində bizdəki kimi dəbdəbəli qəbiristanlıqlar yoxdur
Yeni hazırlanan qanun layihəsi qəbul olunacağı təqdirdə bütün ölkə əhalisi üçün keçərli olacaq
Yeni hazırlanan qanun layihəsi qəbul olunacağı təqdirdə bütün ölkə əhalisi üçün keçərli olacaq
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafanın verdiyi məlumata görə, Azərbaycanda nümunəvi qəbiristanlıqlar, qəbirlərin hündürlüyü, yazıları barədə yeni sənəd hazırlanır.
Deputat bildirib ki, qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Sənəddə göstərilib ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır.
Yeni qanun layihəsində qəbiristanlıqlarla bağlı standartlar müəyyən olunacaq. Qəbirlərin ölçüləri, cığırlar, yollar, yazılar və s. sənəddə öz əksini tapacaq. Həmçinin yeni qanun layihəsində şəhid məzarları ilə bağlı bəndlər də öz əksini tapacaq. Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayrılıb. Fazil Mustafanın dediyinə görə, nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək.
Qeyd edək ki, standart qəbir daşlarının qoyulması, qəbir yerlərinin satış qiyməti ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyləri alınıb, hər iki qurum fikrini bildirib, ümumi razılıq əldə edilib. İctimaiyyət də çoxluq qəbir daşlarının eyni ölçü və formalı, dəbdəbədən uzaq olmasına tərəfdardır. Lakin nədənsə, qaydaların qəbulu gecikir və gecikdikcə də, məzarlıqlarda şəkilli, uca, sazlı-sözlü başdaşları, sinə daşları, sərdabələr tikilir.
Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli müvafiq qanunun qəbulunun müsbət addım olacağından əmindir:
- Məzarlar üzərində abidə qoymaq, sərdabə tikdirmək, qəbirlərin bahalı daşlarla, mərmərlə bəzədilməsi islam dininə ziddir. Dinimiz hər cür israfçılığı, dəbdəbəni qadağan edir. Müsəlman rəhmətə getmiş birisi üçün savab bir əməl icra etmək istəyirsə, bunun müxtəlif yolları var. Yoxsula əl tutmaq, yetimi sevindirmək, ehtiyacı olanın ehtiyacını ödəmək, xeyirxah iş görmək və s. Vəfat etmiş insan üçün qəbirüstü abidə qoymaq, bahalı daşlardan sinə daşı, başdaşı düzəltdirməyin heç bir savabı yoxdur. Bu, həm dinimizə ziddir, həm də məntiqə. Belə hallar getdikcə insanlar arasında pis, zərərli rəqabətə çevrilir. Bundan da bəzi işbazlar faydalanır. Qafqaz Müsəlmanları İdarəsi də dəfələrlə vurğulayıb ki, bahalı qəbirlər düzəltmək islam dininin qaydalarına ziddir. Biz bir çox müsəlman ölkələrində səfərlərdə olmuşuq. Türkiyədə, İranda, İraqda... Heç bir ölkədə bizdə olduğu kimi dəbdəbəli qəbiristanlıqlar yoxdur. Zənnimcə, dəbdəbəli qəbir daşları sovet dönəmində formalaşmağa başlayıb. Çünki qəbiristanlıqlarda köhnə qəbirləri də görürük. Sadə, yığcam formalı qəbirlərdir və əksəriyyəti torpağa qarışıb itmək üzrədir. İnsanın məzarı üstündə hansı böyüklükdə başdaşı, yaxud abidə tikilir-tikilsin, bəşər övladı yarandığı torpağa qovuşmağa məhkumdur. Torpaqdan yaranıb torpağa gedirik. Təəssüf ki, bəzi insanlar bunu anlamır, qəbir üstündə abidə tikməklə elə bilirlər, doğmaları, əzizləri üçün xeyir əməl edirlər. Əslində isə onlar dinimizin qaydalarını pozur və bununla da məkruh işlər görmüş olurlar.
H.Ş.Həsənli vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasını da vacib sayır:
- Qanun çərçivəsində qadağalar tətbiq etməklə yanaşı, insanlara qanunun mahiyyəti, faydaları da anladılmalıdır. İnsanlara doğrunun hansı olduğunu başa salmaq lazımdır. İsrar etmək, əbəs yerə rəqabət aparmaq, lüzumsuz mübahisələrə ehtiyac yoxdur. Müsəlman olan kəs dinimizin vacib əməllərini daha yaxşı, daha ləyaqətlə yerinə yetirməkdə bir-birilə bəhsə girməlidir. Əsassız məsələlərdə bəhsə girmək müsəlmana yaraşmayan xüsusiyyətdir.
Nümunəvi qəbir yerlərinin olmasını vacib hesab edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli "Şərq”ə açıqlamasında hələ 15 il bundan əvvəl bu məsələni ictimai səviyyədə qabartdığını və Azərbaycan dövlətinin bu məsələyə müdaxiləsini zəruri hesab etdiyini deyib:
"Bildiyimə görə, qəbir yerlərinin tənzimlənməsi təklifi Dini Qurumlarla İş üzə Dövlət Komitəsi tərəfindən irəli sürülüb. Hesab edirəm ki, qanun layihəsi qəbul olunacağı təqdirdə bütün ölkə əhalisi üçün keçərli olacaq. Bu qanun dini bərabərliyin qorunması, dinin gətirdiyi prinsiplərin mühafizə olunması baxımdan da əhəmiyyətlidir”.
Şərqşünasın sözlərinə görə, özünü müsəlman hesab edən, Allahın buyurduğu hökmlərə riayət etməyin vacib olduğunu düşünən hər kəs nümunəvi qəbiristanlığın tələblərinə uyğun hərəkət etməli olacaq. Allah ruzinin tezini, ölümün gecini versin, amma ölüm haqdır.
Bu mənada istər dövlət rəsmiləri, istər millət vəkilləri, istərsə də Seyid Camal olsun, hər biri dövlətin atdığı bu addımı təqdir etməli və rəhmətə gedən yaxınlarının dəfni zamanı qayda-qanunlara uyğun davranmalı, digərlərinə də nümunə olmalıdır. Əks halda mənəviyyat adamları ictimai qınaqla onların bu əməlini cəmiyyətin gözü qarşısında tənqid etməlidir. Qınaqla tədricən bu işlərin öhdəsindən gəlmək olar. Əgər kimlərsə, Allahın qəzəbinə tuş gəlmək istəyirsə, qoy öz yaxınlarına şanlı-şöhrətli başdaşı qoysunlar. Təbii ki, xalq, millət uğrunda şəhid olan, Vətənin milli mənafeyi uğrunda çalışan insanların qəbirlərinin seçilməsində günah axtarmağa dəyməz. Onların yaddaşlara köçürülməsi üçün məzar daşlarının dəbdəbəli olması məqbuldur. Öz adımdan deyə bilərəm ki, inanclı bir şəxs olaraq heç vaxt şan-şöhrət arxasınca qaçamamışam. Bütün Qarabağ camaatının and yeri olan atam, Seyid Bəhrəm ağa vəfat edəndə mənə xəbər verdilər ki, Qarabağın Moskvada yaşayan sayılıb-seçilən adamları 40 min dollar pul yığıblar ki, Seyid Bəhrəm ağanın üzərində sərdabə ucaldılacaq. Mənsə, atamın vəsiyyətinə uyğun olaraq qəti şəkildə buna etiraz etdim və həmin pulun insanların özlərinə qaytarılmasına nail oldum”.
Şəymən