Yaşlı deputatların dil öyrənməsi çətindir

Gənc millət vəkillərinin əksəriyyəti isə xarici dillər bilirlər
Yadımdadır ki, kursun başlanğıcında sayca çox adam yazılmışdı. Sonradan hiss etdik ki, iştirak edənlərin sayı azalıb


Milli Məclisin payız sessiyasının iclasında spiker Oqtay Əsədov qeyd edib ki, bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil olunub, amma millət vəkilləri buna laqeyd yanaşıblar: "Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər. Kursa 3-4 deputat qatılmışdı”.
Kursa qatılan millət vəkilləri isə Fazil Mustafa, Zahid Oruc və Qüdrət Həsənquliyevdir. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirib ki, dil kursunu ingilis müəllimlər tədris ediblər: "Sona qədər həmin kursda 3 deputat iştirak etdik. Daha sonra müəllim kursa gəlməkdən imtina etdi. Müəllimin ödənişə və ya başqa səbəbə görə problemi çıxmışdı”.
F.Mustafa qeyd edib ki, deputatlar üçün ingilis dili kursu təxminən 2 il müddətinə həyata keçirilib: "Həmin kursda yalnız Qüdrət Həsənquliyev, Zahid Oruc və mən sona qədər iştirak etdik”.
Deputatların müxtəlif ölkələrdəki beynəlxalq forumlarda iştirakını və bununla ölkəmizi təmsil etdiklərini nəzərə alsaq, xarici dil biliyi onlar üçün əsas arqumentlərdən biridir. Kurslarda nə üçün passiv iştirak etmələrinin səbəbini öyrənmək məqsədilə bir neçə millət vəkilləri ilə əlaqə saxladıq.

Millət vəkili Zahid Oruc "Şərq”ə bildirib ki, xarici dil biliyinin olması bütün dövlət strukturlarında çalışanların peşəkarlığının ayrılmaz hissəsidir: 

"Nəzərə almalıyıq ki, ölkənin bütün siyasi elitası, məmur təbəqəsi müxtəlif dillərdə danışmaqla Azərbaycanın gücünü göstərir. Parlamentin "British Counsil” qurumu ilə razılaşması əldə olundu və müəyyən zaman çərçivəsində kurslar davam etdi. Düzünü desəm, onların dil öyrətmək sistemləri Azərbaycan daxilində, xüsusilə də bizim tələbələrin hazırlıq sistemindən xeyli fərqli idi. Kurslarda şifahi danışığın üzərində daha çox işlər gedirdi. Yadımdadır ki, kursun başlanğıcında sayca çox adam yazılmışdı. Sonradan hiss etdik ki, iştirak edənlərin sayı azalıb. Doğrudan da sonda bir neçə şəxs qalmışdı. "British Counsil”in nümayəndələrindən sona qalan 4-5 nəfərin arzusunu nəzərə alaraq gəlib digər şəxsləri irəliyə aparmasını görmədik. Daha sonra da kurslar üçün vəsait ayrılmadı. Lakin çox arzuolunan idi ki, xarici dil kursları yenidən olsun və şərait yaradılsın. Çünki deputatların istəkləri və yaşı fərqlidir. Düşünürəm ki, fərqliliklər nəzərə alındığı təqdirdə proses bu dəfə yarımçıq qalmaz”.

Deputat Şahin İsmayılov xarici dil biliyi ilə bağlı heç bir probleminin olmadığnı dedi: "Dil öyrənmək və yaxud buna maraq göstərmək hər kəsin şəxsi marağından irəli gəlir. Deputatlar kursda iştirak etməyiblərsə, təbii ki, bu, onların şəxsi seçimidir. Bəlkə onlar işlərinin çox olması səbəbinə görə kurslara qatılmayıblar”.

Deputatların xarici dil bilgisinin əsas məsələlərdən biri olduğunu deyən millət vəkili Elman Nəsirov bildirib ki, parlament rəhbərliyi də bu məsələyə həssas yanaşır: "Əvvəllər deputatların böyük qismi xarici dil öyrənmək həvəsinə düşsə də, sonra kursda iştirak edən deputatların sayı 3-4 nəfər oldu. Düşünürəm ki, onların kursda passiv iştirakının müəyyən səbəbləri var”.

E.Nəsirov bildirib ki, gənc deputatlar xarici dil öyrənməyə daha həssas yanaşırlar. Yaşlı deputatlar da əvvəlcə dil öyrənməkdə həvəsli olur, lakin prosesi sona kimi davam etdirməkdə çətinlik çəkirlər: 

"Yəqin ki, burda yaş faktoru öz rolunu oynayır. Həqiqətən də müəyyən yaşdan sonra dil öyrənmək bir qədər çətin olur. Gənclər üçün dil öyrənmək daha asandır, nəinki yaşlı insanlar üçün.
Hansı deputatlar ki, beynəlxalq tədbirdə iştirak edirlər, onlar xüsusilə ingilis dilinə əhəmiyyət verməlidirlər.

Universitetdə oxuduğum zamanlar bəzi ölkələrin xarici siyasəti üzrə ixtisaslaşırdım. Gördüm ki, bu səbəbdən mütləq ingilis dilini öyrənmək lazımdır. Ona görə də 1992-1994- cü illərdə, 2 il ərzində Azərbaycan Dillər Universitetində ingilis dili kurslarına getdim və oranı fərqlənmə sertifikatı ilə bitirdim. Hesab edirəm ki, bəzi məqamlarda dil faktoru deputatlar üçün əsasdır. Yaşı çox olan və beynəlxalq təşkilatların tədbirində iştirak etməyən deputatlar isə xarici dil öyrənməkdə passiv olurlar”.

Yeganə Bayramova