İşğal olunmuş ərazilərdə terrorçuların yerləşdirilməsi narahatlıq doğurmaya bilməz
“PKK-çıların Qarabağda yerləşdirilməsinə BMT müstəvisində qiymət verilməlidir”
PKK terror təşkilatının üzvlərinin bir qismi Qarabağa gətirilib. Bu barədə Türkiyə mediasında video-görüntülər yayılıb . Görüntülərdə terrorçu üzvlərinin Qarabağda sərbəst gəzib-dolaşması açıq-aydın görünür. Şübhəsiz ki, terrorçu dəstələrinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi, narahatlıq doğurmaya bilməz.
Ekspertlərə görə, bu məlumatların dünya ictimaiyyətinə çatdırılması vacibdir. Məlumdur ki, ermənilər dünyadakı bütün terrorçuları Qarabağa cəlb etməyə çalışıb. Bu terrorçular içərisində PKK-çıların olması faktlarla sübut olunub. Kürd terrorçular ASALA ilə müttəfiqdirlər. Qarabağdakı itkiləri doldura bilməyən Sarkisyan rejimi müxtəlif qruplaşmalara malik terrorçuları Qarabağa yığmağa çalışır. Politoloqların fikrincə, Azərbaycan tərəfi PKK-ya qarşı mübarizə aparan Türkiyəyə dəstəyini artırmalıdır. Eyni zamanda Qarabağ və onun ətrafında erməni separatçılarının və digər terrorçuların möhkəmlənməsinə imkan verməməliyik.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, işğal olunmuş ərazilərdə terrorçuların yerləşdirilməsi narahatlıq doğurmaya bilməz. Ekspertə görə, ermənilər Dağlıq Qarabağ ərazisindən Azərbaycan hərbi qüvvələrinə qarşı istifadə edə bilərlər:
"Azərbaycan ordusunun qarşısında hansısa terrorçuların tab gətirməsi inandırıcı deyil. Terrorçu ilə döyüşçünün fərqi ondan ibarətdir ki, terrorçular aldıqları ianələrin müqabilində öz sahibləri qarşısında hesabat verməlidir. Onlar günahsız, dinc əhaliyə qarşı cinayət törədə bilərlər. Azərbaycan döyüşçüsü və hərbiçisi isə əmrə tabe olan, Vətən üçün, qəsb edilən torpaqların azad edilməsi üçün vuruşurlar. Ona görə də terrorçuların ermənilər tərəfində olub-olmaması fərq etməz. İrəvan PKK-çıları muzdlu əsgər kimi qəbul edir. Qarabağdakı terror bazalarının saxlanmasında mühüm maliyyə qaynağı kimi istifadə olunub”.
A.Rəşidoğlu bildirib ki, bu proses indi də davam etməkdədir:
"Tarixi sənət əsərlərinin daşınmasında başlıca tranzit yol kimi məhz Ermənistan ərazisindən istifadə edilib. Ümumdünya yezidi kürdləri ittifaqı İraqın şimalından olan 200 yezidi kürd ailəsinin Qarabağda yerləşdirilməsi barədə qərar qəbul edib. Ermənilər Dağlıq Qarabağı "azad” etmək üçün Azərbaycanın müharibəyə başlayacağına hazırlıq görmək məqsədilə "peşəkar ordu” yaradırlar. Elə kürdlərdən də bu məqsədlə istifadə etmək istəyirlər. Yaxın vaxtlarda PKK hərbi əməliyyatları Azərbaycanın işğal altında olan ərazilərində keçirə bilər. Bu baxımdan, terrorçuların Qarabağda yerləşdirilməsinə BMT müstəvisində qiymət verilməlidir”.
İsmayıl