“Yaxşı müəllimləri Bakının perspektivli məktəblərinə yığmışıq”

Ona görə regionlarda təhsilin səviyyəsi həmişə aşağı olub




DİM-nin Direktorlar Şurasının üzvü, müvəqqəti olaraq təhsil nazirinin vəzifələrini icra edən Ceyhun Bayramovun sözlərinə görə, ingilis dili fənni üzrə şəhər və ucqar kənd məktəb şagirdləri üçün eyni tələblər qoymaq düzgün deyil.

Maraqlıdır, şura üzvünün bu açıqlaması nəyə işarədir? Şəhər və kənd şagirdləri arasında fərqlər nədən ibarət ola bilər?
Təhsil üzrə mütəxəssis Nadir İsrafilov "Şərq”ə açıqlamasında deyib ki, Ceyhun Bayramovun sözlərində müəyyən həqiqət var. Ekspert bildirib ki, regionların şagirdi və ingilis dili müəllimləri ilə Bakı şagirdləri və müəllimləri arasında fərqlər mövcuddur: "Ölkə başçısının regionların inkişaf etdirilməsi haqqında təxminən 6-7 sərəncamı var. Regionların inkişaf etdirilməsi yalnız yol çəkilməsi, iaşə obyektlərinin tikilməsi demək deyil. Regionlarda təhsil, səhiyyə, mədəniyyət inkişaf etdirilməlidir. Son zamanlar regionlarda təhsillə bağlı müəyyən işlər gedir. Məsələn, modul tipli məktəblərin tikilməsi, müəyyən texniki təchizatlarla təmin edilməsi və s. Amma bizdə regionlarda təhsilə diqqət aşağı səviyyədə olub. Şəhərdə elə məktəblər olub ki, iki ildən bir təmir edilib. Kəndlərdə isə elə məktəblər var ki, 30-40 il əvvəl tikilib. Bu münasibət ögeylikdir. Şəhərdə elə məktəblər var ki, orda kompüterlər yığılıb, lakin bəzi kənd məktəblərində çap aparatı belə yoxdur. Düzdür, gec də olsa bu istiqamətdə işlər başlanılıb. İndi biz uzun illər müəllimlərin işə qəbulu ilə bağlı qaydalar qəbul etmişik. Əvvəllər bu qaydalar 70 maddədən ibarət idi, sonra yüngülləşdirib 35 maddə etdilər. Bu maddələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ən mənfi və ikrah doğuran cəhətləri var. 30 bal toplayan müəllimi Bakı şəhərində saxlayırlar, 25 bal toplayanı Sumqayıta, 20 bal toplayanı Şabran rayonu tərəflərə, 15 bal toplayanı Qubaya, 10 bal toplayanı isə Qusarın ən dağlıq kəndinə göndərirdilər. Yəni biz aşağı bal toplayanları həmişə şəhərdən uzaqlaşdırmışıq. Həmişə çeşidləmə aparmışıq. Tutaq ki, yaxşı müəllimləri və şagirdləri şəhərin perspektivli məktəblərinə yığmışıq. Nəticə də ondan ibarət olub ki, ali məktəblərə qəbulda həmişə eyni şəhər məktəbləri yüksək olub.
Ceyhun Bayramovun açıqlaması region təhsilinə münasibətimizdə, müəllimlərin işə qəbulu qaydalarında yol verdiyimiz səhvlərin səmimi etirafıdır. Şəhər və kənd məktəbləri arasında balansı yaratmaq üçün müəyyən vaxt lazımdır. Birdən-birə nəticələr əldə etmək olmaz”.

Yeganə Bayramova