Siqaretin qiyməti yenidən qalxıb. Spirtli içkilərin qiymətlərində isə artım gözlənilir. Həftə sonu günün ikinci yarısından etibarən marketlərdə siqaret və tütün məmulatlarının qiymətində ciddi şəkildə artım hiss olunub. 2 manata qədər olan siqaretlər 10 qəpik, 2 manatdan yuxarı olan siqaretlər isə 20 qəpik bahalaşıb.
Bu isə alıcıların kəskin etirazına səbəb olub.
Cəmiyyətin bir qismi siqaretin qiymətinin bahalaşmasını tütünə qarşı mübarizə tədbirlərinin tərkib hissəsi kimi dəyərləndirsə də, ekspertlər bu yanaşmanın yanlış olduğunu hesab edir.
İqtisadçı-ekspert Cəfər İbrahimlinin sözlərinə görə, mövcud artım iqtisadi durumla əlaqədardır: "Dünya təcrübəsində siqaretdən istifadəni azaltmaq üçün müxtəlif metodlardan istifadə olunur. Qiymət artımı da həmin metodlardan biri ola bilər. Amma belə zamanlarda hökumət birbaşa qiymət artımına getmir. Ya vergiləri artırır, ya da digər inzibati yollarla qiymət artımına zəmin yaradır ki, insanlar zərərli vərdişlərdən uzaqlaşsın. Ancaq biz görürük ki, Azərbaycan hökuməti bu gün heç bir məhsulun bahalaşmasında maraqlı deyil”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə siqaretin bahalaşmasından sonra bəzi insanların bu zərərli vərdişdən imtina edəcəyini düşünür: "Ümumiyyətlə, bu gün siqaretlərin qiymətinin artmasına dünyada gedən siqaret əleyhinə kampaniyanın tərkib hissəsi kimi baxıram. Neçə gündür ki, bununla bağlı Azad İstehlakçılar Birliyinə telefon zəngləri daxil olur. Bahalaşma, siqareti kütləvi tərgitməklə nəticələnəcək. Bu, çox yaxşı bir cəhətdir”.
Eyyub Hüseynov deyib ki, sözügedən artımlar siqaret çəkməni və araq içməni azaltmaq üçün dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirildiyi halda alqışalayiqdir. Lakin o tütün məhsullarının qiymətlərinin artması ilə büdcəni doldurmaq üsulunun düzgün yanaşma olmadığını bildirib: "Siqaret məişət narkomaniyası sayılır. Əgər kimlərsə düşünürsə ki, bu yolla büdcəyə daxil olan gəlirləri artıracaq, bu, səhv yanaşmadır”.
Ekspert deyir ki, istifadəçilərin siqaretdən birdən-birə imtina etməsi mümkünsüzdür və bu, tədricən baş verəcək.
AİB sədrinin sözlərinə görə, siqaretin bahalaşması mənfi fəsadlar da doğura bilər. Bu isə özünü keyfiyyətsiz, radiasiyalı mal istehsalında göstərəcək: "Qiymətlərin qalxması ilə onsuz da keyfiyyətsiz olan tütün məhsullarının ucuz olanlarına tələbat artacaq. Nəticədə isə nisbətən ucuz və zərərli tütün məhsulları istehlakçılara təklif olunacaq. Ölkədə onsuz da təhlükəli siqaretlər çoxdur. Qiymətlərin qalxması bu kimi təhlükəli malların satışını çoxalda bilər”.
Tütün məmulatları və spirtli içkilərə qarşı mübarizə zamanı qızıl qaydaları tapmağın çox çətin olduğunu vurğulayan ekspertin qənaətincə, ölkədə siqaret çəkməyə qarşı mübarizə tədbirləri gücləndirilməlidir. İnzibati tədbirlərdən əlavə maarifəndirmə işlərinin aparılmasının çox vacib olduğunu vurğulayıb: "Ümumdünya Səhiyyə Təşkilatının tütün əleyhinə çərçivə konvensiyasında qeyd olunur ki, siqaretlərin üzərində "Səhiyyə Nazirliyi xəbərdarlıq edir” yazısı 6 aydan bir dəyişdirilməlidir. Çünki insanların gözü eyni yazıya öyrənib və ona görə də əhəmiyyət vermirlər. Hansı şriftlə yazılmalıdır, necə yazılmalıdır, hansı sözlər işlənməlidir, Azərbaycanda buna əməl olunmur. Vəziyyətin yaxşılaşdırılması üçün qəbul edilmiş qanunlar və çərçivə konvensiyasının tələblərinin yerinə yetirilməsi kifayət edər və vəziyyət nisbətən dəyişər. Təəssüf ki, bu istiqamətdə işlər getmir. O cümlədən də, spirtli içkilərdən istifadə ilə bağlı vəziyyət eyni cürdür”.
Şəymən