Yay aylarında ətdən daha çox istifadə olunur

İqtisadçı hesab edir ki, bahalaşmanın qarşısını almaq üçün inhisarçılığa son qoyulmalıdır



Ramazan bayramından sonra paytaxtda və əksər bölgələrdə ətin qiyməti bahalaşıb. Satıcılar qiymət artımına görə alıcı qıtlığından əziyyət çəkdiklərini və bahalaşmanın yemlə əlaqəli olduğunu deyirlər.

Onların sözlərinə görə, bahalaşmanı əsasən Quba və Xaçmaz rayonlarında heyvan satışı və kəsimi ilə məşğul olan iş adamları yaradır. Onlar səhər tezdən gəlib iri heyvanı diri halda alır və qiyməti öz bazarlarında 11 manata çatdırırlar.

Paytaxt Bakıya gəlincə, qəssablar ətin qiymətində bahalaşma olduğunu təsdiqlədilər: "Təxminən 2-3 gündür qiyməti 50 qəpik-1 manat arası qaldırmışıq. Bu da heyvan bazarında malın qıtlığı və yemin baha olması ilə əlaqədardır”.

Ətin qiymətindəki artımın yemlə heç bir əlaqəsi olmadığını deyən iqtisadçı Fuad İbrahimov bahalaşmaya səbəb kimi inhisarçılığın olduğunu qeyd edib. Ekspert bildirib ki, bahalaşmanın qarşısını almaq üçün ilk növbədə sağlam rəqabət aparmaq lazımdır: 

"Əgər Azərbaycanda ətin qiyməti Gürcüstanla müqayisədə çox bahadırsa, bunu qətiyyən yemlə əlaqələndirmək olmaz. Bu problemin həlli üçün dövlət nəzarəti gücləndirilməlidir. Düzdü, dövlət nəzarətinin bazar münasibətlərinə aidiyyəti yoxdu, ancaq nisbətən də olsa bunu etmək mümkündür.
Ümumiyyətlə, iqtisadiyyatda belə bir termin var - "birinci dərəcəli qiymət diskriminasiyası”. Bu termin inhisarda tətbiq oluna bilər. Məsələn, ətdən olduqca çox istifadə etmək Azərbaycan xalqına məxsusdur. Biz daha çox ətə meyilliyik. Çox az yeməklərimiz var ki, orda ət istifadə olunmasın. Hətta yay aylarında belə ətdən çox istifadə edilir. Belə olan halda bilirlər ki, camaatın ətə tələbatı çoxdu. Bu artıq "birinci dərəcəli qiymət diskriminasiyası”dır. Bu diskriminasiya ölkədə tətbiq olunur, ona görə də qiymət artımı baş verir”.

Yeganə Bayramova