Mayın 22-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi "Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıb. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin rəhbər vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Nazir Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi əhalinin rifahının yaxşılaşdırılması istiqamətində yeni inqilabi addımların atıldığını vurğulayıb.
Bildirib ki, cari ilin ötən dövründə minimum əməkhaqqının orta hesabla 40 faiz artırılması 600 min, pensiyanın minimum məbləğinin orta hesabla 40 faiz artırılması 233 min, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması 600 minədək vətəndaşı əhatə edib. Həmçinin 500 mindən çox məcburi köçkünün müavinəti 50 faiz artırılıb, 110 minədək tələbənin təqaüdlərində əhəmiyyətli artımlar edilib. Bu və digər sosial əhəmiyyətə malik tədbirlər ümumilikdə 3 milyon insanın rifahına mühüm dəstək olub”.
Nazir, həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə idarəçilik və əhaliyə xidmətlərin innovativ həllərin tətbiqi üzərində qurulması istiqamətində köklü islahatların aparıldığını qeyd edib. Sahil Babayev bildirib ki, nəticələri açıqlanan müsabiqə ölkədə sosial inkişaf sahəsində əldə olunan bu irəliləyişlərin, islahatların uğurlu nəticələri barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasına xidmət edib:
"Aidiyyəti mövzularda ictimai məlumatlandırmanın genişləndirilməsi, jurnalist peşəkarlığının artırılması, maraq və əməyin stimullaşdırılması üçün Fondla əməkdaşlıq şəraitində fərdi jurnalist yazıları müsabiqələrinin təşkili də diqqətdə saxlanılır. Müsbət haldır ki, KİV nümayəndələri bu müsabiqələrdə fəal iştirak edirlər. Qarşıdakı dövrdə də Fondla birgə belə müsabiqələrin keçirilməsi davam etdiriləcək”. Nazir media ilə əlaqələrin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Fondun icraçı direktoru Vüqar Səfərli qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə sayca üçüncü fərdi jurnalist yazıları müsabiqəsinin təşkilini nazirliyin fəal və məhsuldar fəaliyyəti, habelə mediaya açıq qurum olması ilə əlaqələndirib. V.Səfərli vurğulayıb ki, nazirlik son aylarda fəaliyyətini tamamilə yeni, çevik və şəffaf mexanizmlər üzərində quraraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların, bu sahədə imzalanmış fərman və sərəncamların icrasında yaxından iştirak edir:
"Nazirliyin həyata keçirdiyi islahatların ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında medianın rolu və xidmətləri müstəsnadır. 2019-cu il aprelin 3-dən mayın 1-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 20 KİV-dən 31 yazı təqdim olunub. Yazılar Fondun və nazirliyin ekspertləri tərəfindən qiymətləndirilib. Müsabiqənin yekunlarına əsasən, 6 nəfər əsas, 5 nəfər həvəsləndirici mükafatlara layiq görülüb”.
Tədbirdə çıxış edən millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev nazirliklə media arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən intensiv görüşlərin və birgə yazı müsabiqələrinin əhəmiyyətindən söz açıblar. Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub. Mükafat alanlar arasında "Şərq”in əməkdaşı da olub.
İsmayıl