Yəhudilər Ermənistana etiraz edir

“Faşistlərə kömək etmiş bir adama necə abidə qoyula bilər?”



Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri amansız terror aktları, işğal etdikləri Azərbaycan ərazilərindəki vəhşiliklər, günahsız insanlara, azyaşlı uşaqlara divan tutmaları onların faşistlərdən qəddar olduğunu göstərir. Azərbaycanlılara qarşı soyqırıma rəhbərlik etmiş və həmin qətliamların iştirakçısı olmuş Ermənistanın indiki Prezidenti Serj Sarkisyanın da faşizmə xas olan xüsusiyyətləri özünü büruzə verir.

Təkcə Xocalıda törədilmiş soyqırım Sarkisyanın faşistlərdən də qəddar olmasını təsdiqləyir. O, özü də bu qətliamın iştirakçısı və dəhşətli soyqırımı törədən terrorçu dəstənin rəhbəri olduğunu etiraf edib. Ermənistanın paytaxtı İrəvanda faşist Qaregin Njdenin abidəsinin ucaldılması, açılış mərasiminə Prezidentin şəxsən qatılması buna sübutdur. Halbuki Sarkisyan faşizm üzərində qələbənin 70 illik yubileyində iştirak edərkən, bunun tamamilə əksini demişdi. Məlum olduğu kimi, Njde İkinci Dünya müharibəsində nasistlərlə əməkdaşlıq edib, onların tabeliyində hərbi birləşmələrin birinin başçısı olub. O, 30 min ermənidən ibarət legionu nasistlərin ixtiyarına verib. Bu erməni faşistinin ovaxtkı şüarı da heç kəsin yadından çıxmayıb: "Almaniya üçün həlak olmaq, Ermənistan üçün "şəhid” olmaq deməkdir”.

Ermənistanın paytaxtında nasistə abidə ucaldılması və Prezidentin açılışda iştirak etməsi beynəlxalq aləmdə ciddi narazılıqla qarşılanıb. İsrailin nüfuzlu media orqanlarından sonra İkinci Dünya müharibəsinin yəhudi veteranları da Qaregin Njdeyə İrəvanda abidə qoyulmasına sərt reaksiya veriblər. Hərbiçilər bu hadisədən hiddətləndiklərini bildirib və abidənin sökülməsini tələb ediblər. Sovet Ordusu sıralarında Faşist Almaniyasına qarşı döyüşmüş israilli veteranlar Njde kimi qaniçənə abidə qoyulmasını hələ də başa düşə bilmirlər: "Hətta əgər o, erməni milli ideyası uğrunda mübarizə aparırdısa belə, necə olur ki, "yəhudi məsələsini birdəfəlik həll etmək istəyən”, yəni yəhudilərin kökünü kəsməyə çalışan hitlerçilərlə əməkdaşlıq edib?”. Nasizmlə Mübarizə Ümumisrail Veteranlar Birliyinin başçısı Avraam Qrinzayd bununla əlaqədar deyib ki, nasist əlaltılarından hər hansı şəkildə qəhrəman obrazı düzəldilməsi rəzillik və qəbuledilməzdir.

Rişon le-Sion Veteranlar İttifaqının sədri İosif Zeldis bu barədə belə deyib: "Faşistlərlə əməkdaşlıq etmiş birinə abidə ucaltmaq mənəviyyatsızlıqdır”.

Veteranlar İttifaqının Yerusəlim dairəsinin sədri Yuri Periç də Njdeyə abidə qoyulmasından qəzəblənib: "Faşistlərə kömək etmiş bir adama necə abidə qoyula bilər? Erməni xalqını başa düşmürəm. Faşistyönlü element milli qəhrəman ola bilməz”. Aşdod Veteranlar İttifaqının sədri Mixail Dendze də Njde kimilərə deyil, gerçək qəhrəmanlara abidə ucaldılmasının lazım olduğuni bildirib: "Faşistlərlə əməkdaşlıq etmək satqınlıqdır. Heykəlləri qəhrəmanlara ucaltmaq lazımdır. Tarixi təhrif etmək olmaz”. İkinci Dünya müharibəsi zamanı nasistlərlə əlbir olaraq kütləvi qırğınlarda, dəhşətli qətliamlarda iştirak edən millətçi erməni Qaregin Njdeyə abidə ucaldılması israilli tarixçi, professor Efraim Zuroffu da qəzəbləndirib. Məlum olduğu kimi, o, uzun müddətdir ki, nasizm ideologiyası və Holokost faciəsini təhqiq edir. Onun fikrincə, Njdeyə abidə qoymaq əvəzinə, o, kəskin tənqid olunmalı, nasistlərə qulluq etməsi barədə erməni ictimaiyyətinə məlumat verilməlidir. Professor Yerevanda nasistə abidə ucaldılmasını təhqir adlandırıb: "Biz nasistlərlə bir olanların və ya Üçüncü Reyxin silahlı qüvvələrinə yardım edənlərin qəhrəmanlaşdırılmasının, belələrinə abidə qoyulmasının əleyinə çıxmalı, hamılıqla kəskin etirazımızı bildirməliyik”.

Ermənistanın mərkəzində nasistə abidə ucaldılması Rusiyada da ciddi narazılığa səbəb olub. Tanınmış rusiyalı politoloq Andrey Yepifantsev abidə olayına münasibət bildirərkən deyib ki, Njde əvvəllər ermənilər arasında heç də nüfuzlu və sayılan xadim olmayıb. Amma indi cəmiyyətin onun ətrafında səfərbər olması prosesi gedir. Bu da Ermənistanın Qarabağ məsələsində Kremldən ifrat gözləntilərinin reallaşmaması ilə bağlıdır. Politoloqun fikrincə, nasist əlaltısı Njdeyə Yerevanda abidə ucaldılması ciddi narazılıqlar yaradacaq. Nasistə abidə ucaldılması və ölkə başçısının həmin tədbirə qatılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyanatla çıxış edib. O bildirib ki, Rusiyanın nasizm təzahürlərinin qəhrəmanlıq kimi təqdim olunmasına münasibəti çox pisdir. O, təmsil etdiyi ölkənin münasibətinin dəyişməz olduğunu bəyan edib və nasistə abidə ucaldılmasının səbəbinin hələ də onlar üçün qaranlıq qaldığını bildirib. Ermənistan rəhbərliyi nasistlərin əlaltısı olan "milli qəhrəmanlarına” təkcə abidə qoymaqla kifayətlənməyib. Yerevandakı prospektlərdən biri, böyük meydan və onun yaxınlığındakı metro stansiyası, həmçinin Syunuk rayonunun bir kəndi Njdenin adını daşıyır. Təbii ki, işğalçı dövlətin rəhbərliyinin nasistə belə ehtiram göstərməsi, onun adının əbədiləşdirilməsi nasistlərə qarşı vuruşanların xatirəsinə təhqirdir.

İsmayıl