Yeni diaspora təşkilatı da fərqlənə bilməyəcək

“Kremlin saqqalının altından keçməyən qurum müstəqil işləyə bilməz”
“İstənilən qurumu təsis etmək mümkündür, lakin onların işi Novruz bayramında çal-çağır qurmaqdan, anım mərasimləri təşkil etməkdən o tərəfə keçməyəcək”





Xəbər verdiyimiz kimi, ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin yerinə yeni struktur yaradılır. Qurumun icraçı direktoru Şamil Tağıyevin məlumatına görə, yeni struktura ÜAK-ın sabiq prezidenti Fazil Qurbanovun rəhbərlik etməsi təklif edilib. Tağıyev bildirib ki, yeni təşkilat ÜAK-ın bazasında yaradılacaq, amma yenilənmələr də olacaq:

"Çalışacağıq ki, peşəkarları cəlb edək. Çünki diaspora ilə iş yalnız restoranlarda konsertlərin və ya tədbirlərin keçirilməsi deyil. Bu, qeyri-formal diplomatiyadır və bununla onu bilən insanlar məşğul olmalıdır”. Yeni diaspora təşkilatının yaradılmasını təqdirəlayiq hesab edənlərlə yanaşı, Rusiya kimi bir ölkədə hansısa qurumun sərbəst və milli maraqlara uyğun fəaliyyət göstərməsini mümkünsüz hesab edənlər də var.

 Məsələni "Şərq”ə dəyərləndirən tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli deyib ki, burada əsas məsələ Rusiyanın siyasi sisteminin mahiyyətidir. Ekspertin fikrincə, şimal qonşumuz hələ də imperialist düşüncədən əl çəkməyib: 

"Rusiya Azərbaycanın düşmənlərini himayə edir, Ermənistan kimi təcavüzkar bir dövlətin yanında dayanır. Moskvanın məqsədi Azərbaycanı yenidən ram etmək, milli iradəni zəiflətməkdir. Ona görə də bizə öz əyalətləri kimi yanaşırlar. Rusiyada belə bir sistem mövcud olduğu təqdirdə orada yalnız Kremlin siyasi maraqlarına cavab verən diaspora təşkilatları fəaliyyət göstərə bilər. Əks halda diaspora qurumlarını cəzalar gözləyir. Hesab edirəm ki, ÜAK da cəzalandırılan təşkilatlar sırasındadır. Konqresin cəza almasının kökündə ya iqtisadi maraqlar, ya da siyasi uzlaşmanın olmaması durur”. 

Z.Məmmədli təəssüflə bildirib ki, hazırda Rusiyada yaradılacaq hər hansı diaspora təşkilatı Azərbaycanın milli maraqlarını qorumaq imkanına malik olmayacaq: 

"Rusiyada bir neçə qurum yaratmaq və onların koalisiyasını təşkil etmək mümkündür, amma Kremlin saqqalının altından keçməyən təşkilat müstəqil işləyə bilməz. O səbəbdən düşünürəm ki, Rusiyada siyasi sistem yeniləşmədikcə, Moskva Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmadıqca, diaspora təşkilatlarının qurulması absurddur. Təkrar edirəm, istənilən qurumu təsis etmək mümkündür, lakin onların işi Novruz bayramında çal-çağır qurmaqdan, anım mərasimləri təşkil etməkdən o tərəfə keçməyəcək. Bu işlərin isə diaspora fəaliyyətinə dəxli yoxdur”.

İsmayıl