Yeni doğulan qız uşağını qəbiristanlığa atdılar

Qeyri-rəsmi münasibətdən uşaq dünyaya gətirən qadın qınaqdan bu yolla yayınmaq istəyib
"Belə hadisələrə bir xanımın ağılsızlığı, qəddarlığı kimi baxmaq sadəlövhlük olardı. Məsələnin kökü olduqca dərindir"


Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dörd günlük qız uşağı tapılıb. Qeyri-rəsmi münasibətdən dünyaya gəldiyi deyilən uşaq ilk olaraq 1 saylı Körpələr evinə aparılıb.
Körpələr evinin baş həkimi Simuzər Topçubaşova bildirib ki, onlar körpəni dərhal xəstəxanaya göndəriblər: "Bəli, hüquq-mühafizə orqanları tərəfindən bizə təxminən 3-4 günlük körpə qız uşağı gətirilib. Uşaq bizə gətiriləndə göbəyi belə kəsilməmişdi. Vəziyyəti ağır olduğundan dərhal A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına göndərilib. Hazırda orada müalicə altında saxlanılır”.

A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanadan verilən məlumata görə, uşaq ayın 11-də axşam saat 22.30 radələrində Körpələr evindən göndərilib: "Təcili yardım maşını ilə xəstəxanaya gətirilib. Təxminən dörd günlük uşaqdır. Göbəyi kəsilməmiş halda və ağır vəziyyətdə olub. Vəziyyətinin ağırlığına görə, onu reanimasiya şöbəsində ciddi həkim nəzarətində saxlayırıq. Gətirildiyi günə nisbətən vəziyyəti qənaətbəxşdir. Uşağın vəziyyəti bir qədər də yaxşılaşdıqdan sonra onu müvafiq şöbəyə köçürəcəyik”.

Qeyd edək ki, mətbuatda körpənin anası N.Ağayevanın əvvəllər ailəli olduğu, həyat yoldaşının 7-8 il əvvəl dünyasını dəyişdiyi qeyd edilib. Xanımın bu rəsmi nikahdan iki qızı, bir oğlu var.
Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən qadın qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb. Uşağın anası 37 yaşlı Nailə Ağayevanın Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı da qeyd edilir.

Yeni doğulan körpələrin atılma səbəbi onların nikahdankənar doğulmasıdır. Bu kimi hallar adətən ailəsindən uzaqda oxuyan və ya işləyən gənc qadınlar arasında baş verir. Kiməsə aşiq olur, nikahsız təslim olur və hamilə qalınca da abortdan qorxur, bəzən aborta pul tapa bilmir, yaxud da abort ediləcək ay keçir deyə heç bir həkim ona kömək edə bilmir. Belə olan halda həmin qadın üçün bir çıxış yolu qalır, körpəsini doğub küçəyə atmaq.

Belə məqamlarda insanların ən vəhşi canlı olduğu demək yerinə düşər. Küçədə balalayan it-pişik belə öz balasına sahib çıxır, dişinə alıb təhlükəsiz yerə daşıyır, gecə-gündüz onlara keşik çəkib, təhlükədən qoruyur. Bəs insan nə edir? Ya bətnindəcə qətl etdirir, ya da doğub küçəyə atır.

Baş verən hadisənin olduqca ürəkağrıdıcı olduğunu deyən sosioloq-alim Əhməd Qəşəmoğlu "Şərq”ə bildirib ki, bütün bunlar böyük bir xəstəliyin əlamətidir:

 "Belə hadisələrə bir xanımın ağılsızlığı, qəddarlığı kimi baxmaq sadəlövhlük olardı. Məsələnin kökü olduqca dərindir. Hər insanın davranışının formalaşmasında mühit amili olduqca böyük rol oynayır. Mühit, alınan informasiyalar və üstünlük verilən dəyərlər. Təəssüf ki, indiki vaxtda mühit elədir ki, belə hallara şərait yaranır. Biz cinayətkarı tutub ona hər bir cəzanı verə bilərik. Amma fikirləşmək lazımdır ki, bəlkə mühit başqa cür olsaydı, həmin cinayətkar belə əməl törətməyəcəkdi və faydalı bir işlə məşğul olacaqdı. Yəni bəzən mühitin özü belə hallarda mənfi rol oynayır.

Biz hələ sovet vaxtında məktəbdə müəllimlərdən əxlaqla, mənəviyyatla bağlı kifayət qədər məlumatlar alırdıq. Yazılan bədii əsərlərin, göstərilən filmlərın hamısı mənəviyyatın nə dərəcədə vacib olduğunu insanlara təlqin edirdi. Digər tərəfdən isə hər zaman cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verilirdi. Deməli, o vaxtı belə hadisələr ona görə az idi ki, cəmiyyətdə mənəvi dəyərlər daha aparıcı rol oynayırdı. Artıq 10 ildən çoxdur ki, mən bu mövzu ilə bağlı fikir bildirirəm: müvafiq qurumlar heç vaxt reaksiya vermir. Belə olduqda cəmiyyətdə günü-gündən mənəvi dəyərlər basqı altında qalır və neqativ hallar baş verir”.

Sosioloqun sözlərinə görə, övladını qəbiristanlığa atan qadını söymək çıxış yolu deyil: 

"Necə oldu ki, qadın belə vəziyyətə düşdü? Bunları fikirləşmək və analiz etmək lazımdır. Həyat yoldaşını itiribsə belə, müəyyən qayda-qanunlar, adətlər var. Başqası ilə normal şəkildə ailə qurmaq və ciddi şəkildə ailəni davam etdirmək olar. Təbii ki, gənc qadın həyat yoldaşını itiribsə, bu zaman ortaya mənəvi, psixoloji problemlər çıxır. Amma cəmiyyət elə olmalıdır ki, belə məqamlar əxlaq və mənəvi dəyərlər çərçivəsində tənzimlənsin. 

Belə məsələləri hər gün qabartmaq problemin həlli yolu deyil. Əsas odur ki, indiki vəziyyətdə ölkəmizdə humanitar siyasətdə ciddi dəyişikliklər olsun. Mənəvi dəyərlərə üstünlük daha çox verilməlidir. Çünki maddi dəyərlər önə keçdikcə, mənəvi dəyərlər basqı altında olduqca belə problemlər daha çox baş verir. Çalışmaq lazımdır ki, bu istiqamətdə elmin köməyi ilə ciddi dəyişikliklər olsun”.

Yeganə Bayramova