"Yeni doğulan uşaqlara şəhidlərimizin adını verək!" - Deputatdan TƏKLİF




Bu yaxınlarda "Aprel döyüşləri"nin bir illiyini qeyd etdik. Azərbaycanın hər bir yerində "Aprel döyüşləri"nin anımı möhtəşəm şəkildə qeyd olundu.

Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı modern.az-a bildirib ki, "Aprel döyüşləri" Azərbaycanda hər kəsi sanki ayıltdı, hamını Vətən uğrunda səfərbər etdi. Deputatın şəhidlərlə bağlı təklifləıri var:

"Möhtərəm prezidentimiz və I vitse-prezidentimiz "Aprel döyüşləri" ilə bağlı önəmli görüşlər keçirdilər. "Aprel döyüşləri"ndə şəhid və qazi olanlar böyük qəhrəmanlıq nümayiş etdirdilər. Onların göstərdiyi şücaət nəticəsində böyük nailiyyətlərimiz oldu, torpaqlarımızın bir qismini geri aldıq. Onsuz da Azərbaycan xalqı Ali Baş Komandanın Qarabağın işğaldan azad olunması ilə bağlı apardığı siyasəti dəstəkləyir və ona inanırdı. "Aprel döyüşləri"ndə qazanılmış zəfər xalqın ölkə rəhbərliyinə inamını daha da möhkəmləndirdi. Keçən ildən bu günə qədər elə bir gün olmayıb ki, "Aprel döyüşləri" müzakirə olunmasın. "Aprel döyüşləri"ndə iştirak edərək, şəhid olmuş sıravi əsgərlərdən tutmuş zabitlərə qədər hər kəs hörmətlə yad olunur.

Bu günlərdə keçirilən bütün tədbirlərdə "Aprel döyüşləri"ndə şəhid və qazi olmuş bütün qəhrəmanlarımız anılır. Ancaq belə tədbirlər şəhidlərimizin ildönümlərində deyil, bütün zamanlarda keçirilməlidir.

Vətənimizin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımıza bizim borcumuz var. Bu gün biz müstəqilliyimizin 25-ci ildönümünü qeyd ediriksə, bunda şəhidlərimizin böyük rolu var. Onlar sinələrini düşməınə sipər edirlər. Təkcə şəhidlərimiz deyil, eyni zamanda qazilərimiz də böyük ehtiramla xatırlanmalıdır.

Bu işləri hərgün davam etdirməliyik, çünki bizim qarşımızda daha böyük öhdəliklər durur, torpaqlarımızın tamamını işğaldan azd etməmişik.

Sözsüz ki, Ali Baş Komandan Qarabağ problemini danışıqlar yolu ilə həll etməyin tərəfdarıdır, amma nə Azərbaycan xalqı, nə də möhtərəm prezidentimiz bu işğalla razılaşmayacaq, bir ovuc torpağı da güzəşt etməyəcək. Biz Cocuq Mərcanlıdan Şuşaya, Kəlbəcərə, Laçına, Xocalıya, Ağdərəyə, Füzuliyə, Zəngilana, Qubadlıya, Ağdama getməliyik. Bunun üçün gəclər arasında, ictimaiyyətdə vətənpərvərlik ruhunu yüksəltməli və qələbə əzmini gücləndirməliyik. Buna görə şəhidlərimizin, qazilərimizin simasında tədbirləri davam etdirməliyik.

Keçən il iyulun 15-də Türkiyədə hərbi çevrilişinə cəhd zamanı öz dövlətini qoruyan 200 nəfər şəhid oldu. Türkiyə mətbuatında verilən statistikaya görə, 15 iyul çevrilişinə cəhddən sonra 10 minlərlə yeni doğulan uşağa şəhidlərin adı verildi. Ümumiyyətlə, Türkiyədə şəhidlərə xalq tərəfindən həmişə belə yüksək qiymət verilib.

Bizim dövlətimizin başçısı şəhidlərimizi yüksək qiymətləndirib, onları Milli Qəhrəman adı, "Azərbaycan bayrağı" ordeni, "İgidliyə görə" medalı ilə təltif edib. Dövlər şəhid ailələrinin sosial problemlərinin həlli üçün əlindən gələni edir.

Amma ictimaiyyət də şəhidləri bir an belə unutmamalıdır. Şəhidin adının yeni doğulan uşaqlara verilməsi gənclərin vətənpərvərlik ruhda yetişməsinə şərait yaradacaq. Çox təəssüf ki, Azərbaycan cəmiyyəti şəhidləri yetərincə qiymətləndirmir. Biz Çingiz Qurbanov, Mübariz İbrahimov kimi güllədən qorxmayan, vətən uğrunda ölümə atılan şəhidlərimizin adını öz övladlarımızda yaşatmalıyıq".