Müəllimin dəyərini konvertlə deyil, hörmətlə ölçün! - Ekspert

  • Əmrah Həsənli: “Pul tələb etmək, valideynlər arasında təzyiq yaratmaq yolverilməzdir”

5 Oktyabr - Müəllimlər Günü yaxınlaşdıqca valideyn qruplarında ənənəvi müzakirələr də başlayıb.

Təqvimdə müəllimlərin peşə bayramıdır, valideyn qruplarında isə artıq başqa bir “hazırlıq” başlayıb: kartlar paylaşılır, məbləğlər müəyyənləşdirilir, adlar qeyd olunur, kimlərin pul verib-vermədiyi hesablanır. 

 Kimisi müəllimə ürəyindən gələn hədiyyəni almaq istəyir, kimisi isə qrup şəklində pul yığılmasının artıq adətə çevrilməsindən narazıdır.

Xüsusilə bir neçə övladı məktəbli olan ailələr üçün məsələ daha ciddi maliyyə yükünə çevrilib.

Valideynlərin sosial şəbəkələrdə paylaşdığı fikirlərdən də görünür ki, əsas narazılıq müəllimə hədiyyə verilməsindən deyil, məbləğin əvvəlcədən müəyyənləşdirilərək valideynlər arasında bölüşdürülməsindən qaynaqlanır. Valideyn öz imkanına uyğun olaraq müəllimə bir gül də verə bilər, kiçik hədiyyə də ala bilər, sadəcə təbrik etməklə kifayətlənə bilər. Amma valideyn qruplarında “Gül solur, tort yeyilir, pul isə qalır. Hamı pul versin, toplayıb müəllimə təqdim edək, özləri bilər nə edərlər” fikri səslənəndə məsələnin mahiyyəti dəyişir. Artıq söhbət hədiyyədən yox, vahid tarifdən gedir.

Məsələnin daha həssas tərəfi isə pul verməyən valideynlərin narahatlığıdır. Çünki bəzi valideynlər hesab edir ki, pul vermədikdə uşaqlarına münasibət dəyişə bilər. Bu qorxu varsa, deməli, artıq ortada sadəcə hədiyyə yoxdur. Burada valideynin özünü məcbur hiss etdiyi bir psixoloji təzyiqdən söhbət gedir.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında valideyn qruplarında Müəllimlər Günü ilə bağlı pul yığılması hallarının olduğunu təsdiqləyib. Son günlər yenə “Valideyn Komitəsi” sədrlərinin əsassız “fəallığı”nın baş alıb getdiyini vurğulayan ekspert bildirib ki, bəzi “Valideyn Komitəsi” sədrləri WhatsApp qruplarında pul toplamaqla yanaşı, müəllimlərə konvertlə pul göndərilməsi kimi yolverilməz təşəbbüslər də irəli sürürlər:

“Açıq və birmənalı şəkildə bildirirəm: Müəllimin sizin heç bir pulunuza, konvertinizə ehtiyacı yoxdur və bu, heç lazım da deyil! Müəllim peşəsi qürurlu peşədir. Valideyn komitələrinin “hədiyyə” adı altında apardığı bu kampaniyalar maarifçiliyə yox, sırf müəllim adının, onun cəmiyyətdəki şərəf və nüfuzunun aşağılanmasına xidmət edir.

Kimin könlündən keçirsə, müəllimə diqqət göstərmək istəyirsə - uşağın əlinə verəcəyi bir ədəd sadə gül və ya bir qələm müəllim üçün dünyalara bərabərdir. Çünki müəllim üçün ən böyük hədiyyə şagirdinin tərbiyəsi, diqqəti və hörmətidir.

Müəllimin adından istifadə edərək qruplarda pul tələb etmək, valideynlər arasında süni rəqabət və təzyiq mühiti yaratmaq yolverilməzdir!

Təhsil ocaqlarını və müəllim adını bu cür ucuz yanaşmalardan uzaq tutun. Müəllimin dəyərini konvertlə deyil, ona göstərdiyiniz hörmətlə ölçün!”