Bəzi hərflərə görə sürücülük vəsiqələri dəyişdiriləcək
"Sürücülük vəsiqələrinin yalnız forması, əlifbanın qeyd olunma qaydası dəyişiləcək və bu elə də uzun, ciddi proses tələb etmir”
Son illər öz avtomobili ilə xarici ölkələrə səfər edənlərin, eləcə də xarici ölkələrdə avtomobil icarəyə götürüb istifadə edənlərin sayı artmaqdadır. Belə hallarda vətəndaşlar bizim sürücülük vəsiqələrini müxtəlif xarici ölkələrdə də istifadə edirlər. Ölkəmizdə verilən milli sürücülük vəsiqələri 1968-ci il Vyana Konvensiyasına uyğun olduğundan bu vəsiqələrlə həmin Konvensiyaya qoşulan ölkələrdə avtomobil idarə etməyin heç bir problemi yoxdur.
Lakin ölkəmizdə hazırda verilən vəsiqələrdəki kiçik texniki çatışmazlıq qanunvericiliyin bütün xırdalıqlarını tələb edən bəzi ölkələrdə problem yaradır. Söhbət vəsiqə sahibləri barəsindəki məlumatların vəsiqəyə yazıldığı əlifba ilə bağlı problemdən gedir. "Yol hərəkəti haqqında” Vyana Konvensiyasına 6-cı əlavənin 3-cü bəndində deyilir ki, milli sürücülük vəsiqəsinə daxil edilən qeydlər ya yalnız latın əlifbası hərfləri ilə yazılır, ya da bu şəkildə təkrar olunur (transliterasiya edilir). Yəni, əgər vəsiqə sahibinə dair məlumatlar latın əlifbasından fərqli hərflərlə yazılırsa, həmin yazılar latın əlifbası ilə təkrar olunmalıdır. Bizim vəsiqələrimizdə problem yaradan isə Azərbaycan əlifbasındakı 7 hərfin (ə, ö, ü, ğ, ş, ç, ı) latın əlifbasında olmamasıdır.
Bu məsələnin tənzimlənməsi barədə "Şərq”ə danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, adında, soyadında, ata adında, yaxud, qeydiyyat ünvanında Azərbaycan əlifbasına məxsus hərflər olan şəxslərin sürücülük vəsiqələri bəzi xarici ölkələrdə problem yarada bilər. Ekspertin sözlərinə görə, bu problemi həll etmək üçün ölkəmizdə verilən milli sürücülük vəsiqələrində həmin hərflər olduqda vəsiqəyə daxil edilən qeydlər sırf latın hərfləri ilə təkrarlanmalıdır: "Azərbaycan vətəndaşlarının sürücülük vəsiqələri bir çox ölkələrdə problem yaratmasa da, qanunvericiliyin xırdalıqlarını tələb edən bəzi ölkələrdə cüzi texniki problemlərə gətirib çıxarır. Şəxsiyyət vəsiqələrində və digər hüquqi sənədlərdə bu tənzimlənmə aparıldığına görə onlarla bağlı problem yaşanmır. Yeni tərtibdə vəsiqələrdə ad və soyadlar iki dəfə yazılır. Məsələn, elə mənim öz adım Azərbaycan əlifbasında Hüseynov Ərşad yazılacaq və eyni zamanda latın əlifbası ilə Huseynov Arshad olaraq təkrarən qeyd ediləcək. Amma bu dəyişikliyi elə də ciddi qəbul etmək lazım deyil. Bəziləri fikirləşir ki, yenidən imtahan veriləcək, vəsiqəni almaq normalarında da dəyişiklik olacaq, lakin bu mülahizələr əsassızdır. Sürücülük vəsiqələrinin yalnız forması, əlifbanın qeyd olunma qaydası dəyişiləcək və bu elə də uzun, ciddi proses tələb etmir”.
Aysel Aslan