"Yeqiazaryanın aclıq aksiyası nəticəsində ölməsi Avropa institutlarının diqqətini çəkmədi"- İkili standart





"Azərbaycanda qanun pozuntusu kontekstindəki Mehman Hüseynov məsələsinin Qərb, o cümlədən, Avropa Parlamenti tərəfindən necə istismara məruz qaldığını, necə siyasi təzyiq mexanizminə çevrildiyini gördük”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, M.Hüseynov məsələnin kökündə sırf hüquqi amillər var idi və hüquq kontekstində də problem həll olundu. Ancaq Avropa siyasi institutlarının yaratdığı ajiotaj Azərbaycanın ətrafında böyük manipulyasiyaya çevrildi: 

"Az qala, Azərbaycana hücum şəklində təşkil olundu. İrəvanın "Nubaraşen” təcridxanasında saxlanılan "Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqiazaryanın aclıq aksiyası nəticəsində ölməsi isə Qərb dairələrinin, insan hüquq müdafiəsi təkilatlarının əsla diqqətini çəkmədi. Bu, Qərbin bir sıra beynəlxalq və insan hüquqları təşkilatlarının daim dünyada baş verən hadisələrə ikili standartla yanaşmasıdır. Beləliklə də, nəticədə həm beynəlxalq hüququn tələblərini pozur, həm də universal dəyərlər adlandırdığımız qlobal dəyərlərə hörmətsizlik nümayiş etdirirlər. Əgər dəyərlər, doğrudan da qlobal və universaldırsa, o zaman bu yanaşma dünyanın hər yerində eyni olmalıdır. Təəssüf ki, uzun illərdir müşahidə etdiyimiz ikili standartlar siyasətini postsovet məkanında baş verən hadisələr kontekstində də müşahidə edirik. 

Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərdə bunun şahidi oluruq. Son olaraq, daim əsas prioritet kimi qələmə verilən insan hüquqları məsələləri, söz azadlığı, vicdan azadlığı məsələlərində Qərbin insan hüquqları üzrə ixtisaslaşmış institutlarının ikili standartlar yürütdüyünü gördük. Avropa Parlamenti Mehman Hüseynovun aclıq aksiyasını şişirtdiyi halda, Ermənistandakı hadisəni görməzdən gəldi. Bu, bir daha sübut edir ki, Qərbdə yanaşma doğru, obyektiv deyil və ikili standartlara söykənir”.

H.Babaoğlunun sözlərinə görə, məsələnin bu şəkildə baş verməsi Avropa təşkilatlarının özünüifşası kimi təqdim edilməlidir:

 "Olmayan məsələnin şişirdilməsi, olan məsələnin isə gözardı edilməsi onların hansı siyasətə xidmət etdiklərinin bariz göstəricisidir. Azərbaycan cəmiyyəti də bunu müşahidə edir, görür. Ona görə də Azərbaycanın milli maraqlarına zərbə vuran qrupların Azərbaycanı manipulyasiya etməsinə yol verilmir. Bu məqamda həmin təşkilatların diqqətinə müxtəlif səviyyələrdə çatdırılmalıdır ki, sizin insan hüquqları, demokratik azadlıqlarla bağlı həyata keçirdiyiniz siyasət obyektiv deyil, şantaj xarakterlidir”.

İsmayıl