"Küçədə dilənçilik edən uşaqdan istifadə etmək istəyənlər var"
"Azərbaycanda hər zaman qaraçılar və onların əməlləri insanları narahat edib”.
Bunu Sherg.az-a Bakıda dilənçiliklə məşğul olan 10 yaşlı qızın itkin düşməsi ilə bağlı danışarkən keçmiş polis zabiti Mahmud Hacıyev deyib. O bildirib ki, qaraçılar daha çox özləri kənarda dururlar, uşaqları insanların, maşınların sıx olduğu yerlərə ötürüb, pul toplamalarını istəyirlər:
"Polisin bu sahəyə aid olan xidmət sahəsi var. Onlar zamanla müəyyən tədbirlər həyata keçirib, Bakıda böyük tədbirlərdən əvvəl, həftə sonları, bayram günləri qaraçılarla bağlı işlər görüblər. İnzibati xətalar məcəlləsinə uyğun cəzalar tətbiq olunsa da, tamamilə bunun kökünü kəsmək mümkün olmur.
Xüsusilə valideynlər çox vaxt belə əməllərə yol verirlər. Uşaqlar valideyn tərəfindən məcbur edilibsə, bir növ ata-anasına etiraz edərək gedə bilər. Özü bu əməldən bezib, kiməsə qoşulub, baş götürüb, getmiş olar. Lakin bu vəziyyətdən istifadə edən başqa insanlar da ola bilər ki, həmin uşağı başqa işə cəlb etsin. Küçədə dilənçilik edən uşaqdan istifadə etmək istəyənlər var. İtkin düşən qız uşağıdır, ona görə, daha xoşagəlməz hallar, fahişəliyə, insan alverinə cəlb edilməsi də istisna deyil. Onu şirnikləndirici təkliflərlə qul əməyi kimi ondan istifadə etməyə çalışa bilərlər”.
M. Hacıyev qaraçı qızın ölkə daxilində itkin düşməsinə baxmayaraq, oğurlanıb, başqa respublikaya aparıla biləcəyini də istisna etməyib. O deyib ki, hüquq-mühafizə orqanları onu tapana qədər daha faciəvi hallarla rastlaşa bilərik:
"Naməlum şəraitdə itkin düşdüyünə görə, həmin uşaq barəsində iş açılır. Valideynləri konkret hansı ərazidən yoxa çıxmasını polisə bildirərsə, həmin ərazidə ilk öncə axtarış aparılır. Artıq həmin uşağın axtarılması, tapılması və doğmalarına təhvil verilməsi yönündə məxfi və qeyri-məxfi iş açılıb”.
Qeyd edək ki, polisə müraciət edən Dəvəçi rayon sakini, 1975-ci il təvəllüdlü Qəmrayeva Tünzalə Malik qızının sözlərinə görə 2007-ci il təvəllüdlü, qızı Qəmər metronun "Xətai” stansiyası yaxınlığında yoxa çıxıb. Ana bildirib ki, qızını dilənçiliklə məşğul olması üçün Xocalı prospekti 18-in qarşısına qoyub, bir neçə saat sonra geri qayıdanda isə qadın qızını tapa bilməyib.
Aysel Aslan