“Vakansiyaya çıxarılmış yerlər həqiqəti və reallığı əks etdirmir”
İşə qəbul imtahanından yüksək bal toplayıb işlə təmin olunmayan müəllimlər bir neçə gün əvvəl Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaçılar müəllimlərin işə qəbulu imtahanında yüksək bal topladıqlarını, lakin işlə təmin olunmadıqlarına etiraz ediblər. Müəllim olmaq istəyən, amma iş tapa bilməyən vətəndaşlar nazirlikdən hüquqularının bərpa olunmasını tələb ediblər. Etirazçılar bildiriblər ki, onlar imtahandan yüksək bal toplayıblar, amma müsabiqədə onlara müxtəlif maneələr yaradılıb...
Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət isə ortada müəyyən yanlış anlaşılmaların olduğunu hesab edir: "Problemin kökü orta məktəblərdəki vakansiyalar barədə nazirliyə düzgün məlumat ötürülməməsindən qaynaqlanır. Bilirsiniz ki, müəllim kimi işləmək istəyənlərin çoxu iş axtararkən seçim edir və daha yaxşı şəraitli, daha münasib yerdə yerləşən məktəb axtarır. Amma imtahan verərək işə qəbul olunmaq istəyən müəllimlər əvvəlcədən yer seçimi edə bilmirlər. Vakant yerlərin sayı isə çox az olduğu üçün yüksək bal toplayan müəllimlərin əksəriyyəti yenə də işsiz qalır. Yuxarıda da qeyd etdiyim kimi vakansiyaya çıxarılmış yerlər həqiqəti və reallığı əks etdirmir. Əslində vakansiyalar daha çoxdur və məktəb rəhbərliyi, təhsil şöbələri bunu məqsədli şəkildə gizlədir. Xüsusən də, yerlərdə olan vakant yerlər barədə nazirliyə məlumat ötürülmür. Əgər orta məktəblərdə müvafiq fənn müəllimlərinə ehtiyac olduğuna dair məlumatlar Təhsil Nazirliyinə ötürülsə, ortada heç bir narazılıq olmaz. Yüksək bal toplayan müəllimlərimiz həmin iş yerləri ilə təmin olunar”. Özəl orta məktəblərin kifayət qədər çoxluq təşkil etdiyini vurğulayan əməkdar müəllim deyib ki, imtahandan keçə bilməyən müəllimlər ruhdan düşməsinlər və özəl məktəblərə müraciət etsinlər. Özəl məktəblərdə işləyə-işləyə də müəllimlər işə qəbul imtahanlarında iştirak edə bilərlər: "Əslində mənim təklifim budur ki, yüksək bal topladığı halda işlə təmin olunmayan müəllimlər ehtiyatda saxlanılsın və hansısa məktəbdə vakant yer olunan kimi işlə təmin olunsun. İmtahan göstəriciləri yüksək olduğu halda keçə bilməyən, axı niyə növbəti vakansiya üçün yenidən imtahan verməlidir? Yüksək ballı müəllimlərin hər biri müvafiq fənnlər üzrə baza kimi saxlanılsın və ehtiyac olanda onların ünvanlarına bildiriş göndərilsin ki, filan yerdə boş yer var və sizin təyinatınız ora göndərilib. Təbii ki, bundan sonrası həmin müəllimlərin öz ixtiyarına verilir. Uyğun olan gedər, istəməyən də imtina edərək bəxtini növbəti imtahanlarda sınayar. Hesab edirəm ki, müəllimlərin işə qəbulu prosesi bu yolla aparılsa, nə etirazlar, nə də aksiyalar olar”.
Şəymən