Yunan səfirinin anti - azərbaycan addımı...

Aydın Mirzəzadə: “Yunan səfirinin Azərbaycandakı işi hansısa müxalif siyasi partiya nümayəndəsinin fəaliyyətinə oxşayır”Çingiz Qənizadə: “Deyilən faktlar sübut olunsa, Avropa İttifaqının (Aİ) Bakı ofisi və Yunanıstan səfiri cavab verməli olacaq”
Avropa İttifaqının (Aİ) Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin Azərbaycana qarşı işbirliyi ortaya çıxıb. Məlumata görə, Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqas bu ölkənin Xarici İşlər Nazirliyinə dezinformasiya xarakterli məlumat ötürüb. Səfirin məlumatında iddia edilib ki, Bakıda keçirilən Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək.
XİN rəsmisi öz iddiasını Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya 1-ci Avropa Oyunlarının dünya liderləri tərəfindən "boykot” ediləcəyi haqqında məlumat ilə əsaslandırıb. Məktubda Rusiya və Türkiyə prezidentlərinin də açılışda iştirak etməyəcəyi iddia
edilib. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas götürərək, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonisin təmsil olunacağı qərarına gəlib. O da məlum olub ki, son günlər Avropa İttifaqı və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı səfirliklərinə müraciətlər edərək, onları 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirakdan çəkindirməyə çalışır. Oyunlarla bağlı aparılan qarayaxma kampaniyasına və yunan səfirliyinin təxribatına münasibət bildirən Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə "Şərq”ə verdiyi açıqlamada deyib ki, səfirlik diplomatik səlahiyyətlərindən kənara çıxıb: "İstənilən səfirin vəzifəsi təmsil etdiyi dövlətlə Azərbaycan hökuməti arasında dostluq münasibətlərini qurmaq və hər iki tərəfi obyektiv informasiya ilə təmin etməkdir. Amma yunan səfirinin Azərbaycandakı işi hansısa müxalif siyasi partiya nümayəndəsinin fəaliyyətinə oxşayır. Nəzərə almaq lazımdır ki, Avropa Oyunları Azərbaycanın yox, Avropanın oyunlarıdır. Azərbaycan bu tədbiri Avropa ölkələrinin verdiyi mandat əsasında keçirir. 2013-cü ildən bəri bu Oyunların keçirilməsinə rəy verən bütün beynəlxalq idman federasiyaları Avropa Oyunlarının Azərbaycandakı hazırlıq səviyyəsi ilə bağlı çox yüksək fikirlərini bildiriblər”. Millət vəkili deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı öz münasibətini bildirəcək: "Artıq 20-dən çox dövlətin rəhbərləri Avropa Oyunlarında iştirak edəcəklərini elan ediblər. Bu baxımdan kimlərinsə, beynəlxalq yarışa narahatlıq elementləri gətirməsi əbəsdir. Hansısa bir ölkənin nümayəndəsi və yaxud hansısa təşkilat Oyunlarla bağlı qeyri-obyektiv fikirlər söyləyə bilər. Amma bu, nəhəng bir idman oyunudur və yüksək səviyyədə keçiriləcək. Nəinki idman tarixinə, eyni zamanda dünya tarixinə önəmli bir hadisə kimi düşəcək”.
Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Çingiz Qənizadə deyib ki, Azərbaycanı gözü götürməyən bəzi ölkələr və təşkilatlar özlərinin bütün imkanlarından istifadə etməklə Oyunların yüksək səviyyədə keçirilməsinə mane olmağa çalışırlar: "Ölkəmizə qarşı təxribat hazırlayanlar cavab verməlidirlər. Bu, çox ciddi məsələdir. Deyilən faktlar sübut olunsa, Avropa İttifaqının (Aİ) Bakı ofisi və Yunanıstan səfiri cavab verməli olacaq. Bu cür hərəkətlər yolverilməzdir. Demirik ki, bizi yalandan tərifləsinlər. Amma olmayan şey haqqında, yanlış informasiya verməyə kiminsə haqqı yoxdur. Avropa Oyunları ərəfəsində Azərbaycanı gözdən salmaq üçün müxtəlif yollara əl atırlar. Səfir bu addıma görə, açıqlama verməli və onun fəaliyyətinə yenidən baxılmalıdır”. Millət vəkili ölkəmizdə fəaliyyət göstərən bəzi səfirlərin ikili siyasət yürütdüyünü qeyd edib: "Bəzi diplomatlar prezidentlə görüşdə özlərini başqa cür aparırlar, sonra isə əsl simalarını nümayiş etdirirlər. Azərbaycana gələndə cənab Prezidentin əlini sıxır, amma sonra gedib başqa cür addımlar atırlar. Bu isə ikiüzlülükdür”.
İsmayıl