Yuxarı siniflərdə təmayülləşmənin tətbiqinə başlanacaq

“Yeniliyin mahiyyəti odur ki, IX-XI siniflərdə şagirdlərin seçiminə uyğun olan fənlərə geniş yer veriləcək”




Bu ilin sentyabr ayından Azərbaycanın orta məktəblərində yuxarı siniflərdə təmayülləşmənin tətbiqinə başlanacaq. Təhsil naziri Mikayıl Cabbarovun 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin siyahısı və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətinin tədris planları təsdiq edilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır. Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. Nazirliyin əmrində həmçinin, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub. Maraqlıdır, indiki dövrdə buna getmək nə dərəcədə doğrudur?

Ümumiyyətlə, təmayüllü siniflərin ənənəvi siniflərdən fərqi nədir?

Əməkdar müəllim Almaz Həsrət deyib ki, bu sistem "dərinləşmiş istiqamətlər” adı ilə əvvəllər də mövcud olub. Sadəcə, indi adını təmayülləşmə qoyublar: "Yeniliyin mahiyyəti odur ki, IX-XI siniflərdə şagirdlərin seçiminə uyğun olan fənlərə geniş yer veriləcək”.

A.Həsrətin sözlərinə görə, təmayüllü siniflərin ənənəvi siniflərdən fərqi bu siniflərdə uyğun fənn saatlarının artıq olmasıdır: "Əgər hansısa sinif biologiya təmayüllüdürsə, orada təbiət fənləri və kimya-fizika fənlərinin dərs saatları və orada keçirilən mövzuların həcmi adi siniflərdəkindən

daha artıq olur”. Almaz xanım hesab edir ki, Azərbaycanda təmayülləşmənin daha təkmil formada tətbiqi müsbət effekt verəcək: "Ən əsası isə artıq şagirdlərin əlavə dərs hazırlığına ehtiyacı qalmayacaq. Çünki təmayülləşmə zamanı əsas fənlər daha təkmil və dərindən öyrədiləcək. Nazirin bu qərarı qəbul etməsinin başlıca səbəbi, IX-XI sinif şagirdlərinin dərsə getməməsidir. Onlar repetitor yanına gedirlər. Nazir də istəyir ki, xüsusi ixtisaslaşdırılmış siniflər yaradılsın. Tədris elə təşkil olunsun ki, uşaq repetitor yanına getməyə ehtiyac duymasın.

Təmayülləşmə bir növ şagirdlərə seçim imkanı verir ki, hansı ixtisas üzrə öz bilgilərini dərinləşdirməlidir. Bu həm də onların ali məktəbə hazırlıq mərhələsi də hesab oluna bilər. Həmçinin şagirdlərin düzgün ixtisas seçməsinə də köməklik edəcək. Hansısa şagird təbiət yönümlü fənləri seçir və sonradan həmin fənnin ona yad olduğunu görəndə digər sinifə keçid edə bilər”.

Digər təhsil eksperti Məhərrəm Zülfüqarlı da məktəblərdə təmayülləşmə prosesinə müsbət prizmadan yanaşıb. Onun sözlərinə görə, bu, orta məktəb şagirdlərinin xeyrinədir: "Mənə belə gəlir ki, yuxarı siniflərdə təmayülləşmənin tətbiqi müsbət işdir. O baxımdan, əvvəl-axır, buna keçmək lazım idi. Bunun mahiyyəti ondan ibarətdir ki, IX-XI siniflərdə şagirdlərin seçiminə uyğun olan fənlərə geniş yer veriləcək. Məsələ ondadır ki, məktəbdə uşaqların bütün fənlərə maraqları eyni olmur. Eləsi var humanitar, eləsi də var texniki fənlərə meyl göstərir. O üzdən, bunları əvvəlcədən nəzərə almaq yaxşıdır. Orta məktəb ümumi təhsil verir. Uşağın humanitar fənlərə meyli varsa, o zaman humanitar təmayüllü siniflərdə təhsilini davam etdirməlidir. Bu həm də şagirdlərin vaxt itkisinin qarşısının alınmasına hesablanmış bir addımdır. Ona görə də buna normal yanaşıram”.

Şəymən