Vüqar Tofiqli: “Bu, Azərbaycanda mümkün olan bir iş deyil. Bəlkə müəyyən problemlər ola bilər, amma mənə inandırıcı görsənmir”
Yuyulmuş, kəfənlənmiş cənazə üç gün ortalıqda qalıb - PUL TƏLƏB OLUNUB
Elşad Miri: “Başqa vətəndaşlar da oxşar hallarla qarşılaşmasınlar”
Vüqar Tofiqli: “Bu, Azərbaycanda mümkün olan bir iş deyil. Bəlkə müəyyən problemlər ola bilər, amma mənə inandırıcı görsənmir”
Vüqar Tofiqli: “Bu, Azərbaycanda mümkün olan bir iş deyil. Bəlkə müəyyən problemlər ola bilər, amma mənə inandırıcı görsənmir”
Paytaxt Bakıda 3 gün əvvəl dünyasını dəyişmiş Yasamal rayon sakini 60 yaşlı Umxanım Babayevanın cənazəsi ortalıqda qalıb. Səbəb isə Yasamal rayon qəbiristanlığı rəhbərliyinin dəfn üçün mərhumun oğlundan 230 manat tələb etməsidir.
Nəticədə yuyulmuş və kəfənlənmiş cənazə dəfn olunmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən U.Babayeva dekabrın 20-də dünyasını dəyişib. Mərhumu dekabrın 21-də Yasamal rayon qəbiristanlığında öz həyat yoldaşının yanında dəfn etmək istəyiblər. Hətta dəfn üçün Yasamal rayon qəbiristanlığı tərəfindən qəbir qazılıb və hörülüb.
Mərhumun 21 yaşlı oğlu Yusif Babayevin verdiyi məlumata görə, ona anasını torpağa tapşırmağa icazə verilməyib. Qəbiristanlığın rəhbərliyindən bildirilib ki, qəbrin qazılması və hörülməsi müqabilində mərhumun yaxınları 230 manat pul ödəməlidir. Vətəndaş bu qədər pulunun olmadığını bildirdikdə ondan anasının cənazəsini geri qaytarmaq tələb olunub.
Halbuki oğlu əvvəlcədən qəbiristanlıqda onların ailəsinə məxsus sahənin olduğunu nəzərə çatdırıb. Şikayətçi deyir ki, dəfn üçün yeni torpaq sahəsi almadıqlarına görə bu qədər yüksək məbləğin ödənilməsinə də ehtiyac yoxdur. Buna baxmayaraq Yasamal qəbiristanlığının məsul şəxsləri ölü sahibinə heç bir güzəştə getməyib. Ona bildirilib ki, anasının cənazəsini aparıb morqa qoysun və vəsaiti ödəmək imkanı olanda gətirib dəfn edə bilər. Çarəsiz qalan Y.Babayev anasının yuyulub kəfənlənmiş cənazəsini "Təzə Pir” Məscidinin morquna yerləşdirmək məcburiyyətində qalıb. Hazırda onun nəşi kəfənlənmiş vəziyyətdə morqda saxlanılır. "Təzə Pir” Məscidinin rəhbərliyi də meyitin saxlandığı hər gün üçün 20 manat ödəniş istəyir. Anasını itirmiş Yusif kimsəsiz vəziyyətdə və maddi imkanı həddindən artıq aşağı olduğundan gündəlik 20 manatı da morqa ödəməkdə çətinlik çəkir.
Çox təəssüf ki, məscidin ərazisində yerləşən Qafqaz Müsəlmanları İdarəsi də ağlasığmaz və biabırçı olaya göz yumub. Sonra isə mərhumun oğlu Yasamal rayon qəbiristanlığı rəhbərliyinə anasının dəfn olunması üçün vəsaitin 160 manatını ödəyib: "Qəbiristanlığın girişində qəbir daşları düzəldilən sexin müdiri Məhərrəm Əliyev yerdə qalan 90 manatı gətirməyincə, ölünün basdırılmayacağını bildirib”.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov açıqlamasında deyib ki, dəfn üçün bu qədər pul istənilməsi düzgün deyil və bu, mümkünsüzdür: "Bu söhbətlər yalandır, ola bilməz. Elə şey olmaz axı... Vətəndaş mənəzəng etsin, tapşırım. Məzar qazılması üçün tikinti materiallarını ya alıb gətirsin biz hörək, ya da pulunu versin.
Bir də 63 manat rüsum keçirməlidir. Başqa heç bir şey lazım deyil. Qəbiristanlıqda əgər yeri varsa, rüsum pulunu və yenə də tikinti xərcini ödəməlidir”. Sabir Həsənovun sözlərinə görə, Yasamal rayon qəbiristanlığı 230 manat məbləğində pul istəyə bilməz: "Yalan söhbətdir. Çünki rüsum və tikinti xərci birlikdə təxminən 150 manat pul tutur. O tikinti materialları alınmalı və qəbirin yanına daşınmalıdır. Qəbir elə yerdədir ki, daşınması üçün heç 50 manat pul tutmaz. O işə biz qarışmırıq. Sadəcə vətəndaşa deyirik ki, 63 manat rüsumla, materialları gətir, biz dəfn edək. Tikinti üçün isə 50 daş, bir kisə sement və qum alınmalı və daşınmalıdır. Yəni qeyd etdiyiniz o məbləğ bizim məbləğin içərisində yoxdur”.
Baş verən hadisənin nə qədər tükürpədici olduğu göz qabağındadı. Ümumiyyətlə, belə halların tamamilə aradan qaldırılması və bir daha bu cür problemlərin yaranmaması üçün hansı tədbirlərin görülməsi kifayət qədər qarışıq məsələdir. Ekspertlər hesab edirlər ki, baş verən məsələ ilə bağlı əlaqədar qurumlar maraqlanmalı və ciddi tədbirlər görülməlidir.
Məsələni dəyərləndirən ilahiyyatçı Elşad Miri "Şərq”ə açıqlamasında belə halların böyük haqsızlıq olduğunu vurğulayıb. Onun sözlərinə görə, müvafiq qurumlar məsələni diqqətdə saxlamalıdır ki, başqa vətəndaşlar da oxşar hallarla qarşılaşmasınlar:
"İnsanlardan bu qədər vəsait istəmək düzgün deyil. Rəsmi sənədə görə bir insan vəfat edəndən sonra ölüm hökmü üçün müəyyən pul verilir. Bu cür hadisələrə heç cür haqq qazandırmaq olmaz. Dövlət qurumları biganə yanaşmayıb və bunu ictimailəşdirib. Başqa insanların da eyni vəziyyətə düşməsinin qarşısını almaq lazımdır. Əlaqədar qurumlar ciddi addımlar atmalıdırlar. Problemin öz həllini dərhal tapması üçün mərhumun oğluna şəxsən dəstək olunmalıdır”.
AVCİYA eksperti Vüqar Tofiqli isə cənazənin 3 gün müddətində ortalıqda qaldığının inandırıcı olmadığını deyib. Ekspert bildirib ki, əgər həqiqətən də belə bir hal baş veribsə, vətəndaş lazımlı strukturlara müraciət edib öz haqqını tələb etməlidir:
"Mərhumun dəfni üçün məbləğ bu qədər çox olmalı deyil. Rəsmi rüsum var və bu rüsumu vətəndaş ödədikdə ona şərait yaradılmalıdır ki, o dəfn ilə bağlı məsələləri həll edə bilsin. Amma düşünmürəm ki, 3 gün müddətində mərhumun nəşi qala və qəbiristanlıq rəhbərliyi dəfnə icazə verməyə. Bu, Azərbaycanda mümkün olan bir iş deyil. Bəlkə müəyyən problemlər ola bilər, amma mənə inandırıcı görsənmir. Çünki ölkəmizdə müəyyən islami dəyərlər var. Nə qədər də olmasa, qəbiristanlıqda işləyənlər də islami dəyərlərə xidmət edən adamlardı. Qəbiristanlıqda çalışan insanlardan kimlərsə məsuliyyətsizlik edə bilərlər. Hər halda bu haqsızlıqdır və bunun qarşısının alınması üçün müvafiq orqanlar nəticə çıxarmalıdı. Həmin problemlə üzləşən vətəndaş da müvafiq orqanlara dərhal müraciət eləməlidir. Vətəndaş öz probleminin həlli və haqq-ədalətin bərpası üçün çalışmalıdır. Müəyyən məsələlər var ki, onu yerli bələdiyyələr həll etməli, müəyyən göstərişlər verməli və köməkliklər göstərməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin özünün müvafiq strukturu var ki, onlar bu cür məsələlərin həllində iştirak edirlər. Müəyyən güzəştlər tətbiq edirlər. Güzəşt tətbiqi həmçinin bələdiyyə sistemində və qanunvericilikdə var. Sadəcə olaraq bunların icrasını dəqiq həyata keçirmək lazımdır”.
Yeganə Bayramova