Zahid Oruc Avropa mətbuatını səhv çıxartdı: "...Milyardları niyə xərcləyək ki ? !"

Müxtəlif informasiyaların yayılması ötən əsrin 80-ci illərindən ayrı-ayrı ölkələrə qarşı fəal tətbiq edilir”.
Bunu "Sherg.az”a Avropa mediasının "Azərbaycan beynəlxalq təşkilatların
dəstəyini qazanmaq üçün 2, 5 milyard avro xərcləyib" iddiasına münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. 
O bildirib ki, həmin vaxtdan Əfqanıstan hakimiyyətinə kobud müdaxilə edib, devirmək dünya birliyi tərəfindən yaxşı reaksiyalar almadığı üçün "yumşaq güc” siyasətini və qeyri-ənənəvi mübarizə yollarını stimullaşdırıblar:
"Bu mübarizənin ən aparıcısı isə informasiya hücumuna məruz qoymaqdır. Yaranmış böyük boşluqlarda, insanların düşüncələrinə səpdikləri şübhə toxumundan cücərmiş meyvələri bir qədər də inkişaf etdirib, böyütmək üçün yeni vasitələrə əl atıblar. Bunu vaxtilə XXI əsrin əvvəllərində Peruda, İndoneziyada həyata keçirdilər. Latın Amerikası ölkələrində uğurla tətbiq etdilər. Sonra isə "Ərəb baharı” başlandı. Burada isə məqsəd "mötədil” hakimiyyətlər formalaşdırmaqdır. Nəticə etibarı ilə burada idarə olunan, əl altında saxlanan, hətta döyüşdə liderlər yetişdirmək önə çəkilir. O laboratoriyalarda çoxlu siyasi inqilabçılar formalaşdırılıb. Onları Qərb tərəfindən mükafatlandırır, tez-tez müxtəlif titullara da layiq görürlər. Məsələnin ən önəmli tərəfi budur ki, 2, 5 milyard avro ilə bütöv Avropanın siyasətçilərini satın almaq olar".
Millət vəkili deyib ki, lobbiçilik haqqında qanun qoca qitədə mövcud olmasına baxmayaraq, bütün bunları sadəcə korrupsiya ilə həyata keçirməyin özü qeyri-realdır: 
"Çünki pulun mənşəyi ilə bağlı məsələlərə dair Qərbin çox sərt izlənmə mexanizmləri var. Demək, bütövlükdə böyük məkanın, onun ədliyyə sistemlərinin ədalətinə, fəaliyyətinə şübhə yaranmış oldu. Çox asanlıqla milyardlarla avro məsələni verib, Qərb siyasətçilərini satın alırlarsa, burada öz mövqeyində prinsipiallıqdan söhbət getməyən siyasətçilər dayanmır. Belə çıxır ki, o vəsaitlər ora gətirildiyi halda sərhədindən tutmuş onun stansiyasına qədər hamısı cinayətkar sxemə bağlı olub”.
Dəfələrlə müxtəlif media orqanlarında Azərbaycanı qınayanlar olduğunu diqqətə çatdıran Z. Oruc diqqətə çatdırıb ki, bunun əsas səbəbi Azərbaycanın Rusiya və İranla münasibətlərini yaxşı saxlamasıdır:
"Bu o anlama gəlir ki, Azərbaycan Qərbi istəmir. Belədirsə, hansısa siyasətçilərin rəğbətini qazanmaq üçün milyardları niyə xərcləyək ki?
Açıq demək lazımdır, Azərbaycan Qərbdə vəsaitlərini qanuni yolla, açıq şəkildə xərcləmək üçün real qərarlar verməlidir. Büdcə vəsaitlərində də bu özünü göstərməlidir. Mən bunu parlamentdə də təklif etmişəm. Söhbət ondan gedir ki, ABŞ dünya çapında qlobal gücünə baxmayaraq, 12 milyard dollara yaxın vəsaiti özünün təbliğatına, siyasi dayaqlarının möhkəmlənməsinə, lobbi mərkəzləri, təsir agentləri formalaşdırmağa yönəldir. Belədirsə, digər ölkələr niyə həmin yolu seçməsinlər? ABŞ beynəlxalq təbliğatları, ona qarşı addımları durdurmaq üçün rəsmi qaydada, qərarla vəsait ayırıb, ona xərcləyir.
Real sənədlərlə sübut olunduğuna görə, deyə bilərik ki, Azərbaycana qarşı mütəşəkkil siyasi cinayətkar dəstələr var. Onların fəaliyyəti şəbəkə halındadır. Burada hüquq müdafiə təşkilatlarından tutmuş, siyasi təşkilatlara qədər müəssisələr var. Onlar isə əksinə böyük korrupsiya içərisindədirlər. Əksərən müxtəlif kəşfiyyat orqanları tərəfindən maliyyələşdirilir və Azərbaycan əleyhinə aparılan təbliğatdan da qazanırlar. Bunu inkar etmək olmaz.
İki ay öncə Almaniya mərkəzi orqanlarında yerləşən xüsusilə də imkanlı adamlarla əlaqədə olan şəxslərin siyahıları dərc olunmuşdu. Söhbət qətiyyən bütün dünyanı ermənipərəstlikdə qınamaqdan getmir. Bu yalnız erməni marağı ilə bağlanacaq məsələ deyil. Burada daha geniş məqsədlər var. Bir daha deyirəm ki, Azərbaycanı Qafqazlardan ayırmaq, özünə götürmək, idarə etmək, Rusiyanın təsir dairəsindən çıxarmaq niyyətləri var.
Ola bilər, region dövlətləri qərblə Azərbaycan arasında münasibətlərin korlanmasına çalışsın, ölkəmizin bölgədən çıxmaq, balanslı siyasətdən imtina etmək qərarlarına müdaxilə etsin”.
Yekun olaraq deputat qeyd edib ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həm məlumat imkanları, həm də siyasi səriştəsi baxımından hadisənin doğru analizini verib:
"Siyasi məfkurəsinə, mübarizə yoluna görə ayrı-ayrı şəxslər bu gün iqtidardan narazı ola bilərlər. Burada qəbahət heç nə yoxdur hətta normaldır. Amma o qüvvələr hesab edirlər ki, Azərbaycanı sanksiya altına almaq lazımdır, bizim ölkəmiz dünya qiymətləndiriciləri sırasında çox ağır yerdə durur. Onlar ümumiyyətlə, despotizmin nə olduğunu bilmirlər.
Bütün xarakteri etibarı ilə, siyasi mübarizə fəlsəfəsinə görə, İlham Əliyevi bir lider kimi fərqləndirən portret cizgiləri onun demokratlığı, mülayimliyidir. O dövləti, milləti üçün illər ərzində yorulmadan çalışıb. O yerdə ki, bütövlükdə şər və çirkab axınları hər hansı dövlətin üzərindən yeriyir, bu bəzən bir liderin timsalında özünü təcəssüm etdirir, artıq iqtidar və müxalifət düşünməlidir ki, burada hədər dövlətimiz və xalqımızdır. Azərbaycanın uğuru, "Qarabağ” FK-nun nailiyyəti kimi məsələlərdə ölkəmizin mənafeyi üçün yazmırlar. Yaradıcılıq tərzi məhv olmuş qüvvələr əksinə, əleyhimizə yazıların sonuna rahatlıqla imzalarını qoyurlar.
Düşünürəm ki, Azərbaycandan gedən o pullar haqqında belə mifik səsləndirmələr çox yanlışdır. Həmin pula demək olar, bütün Avropa parlamentlərini satın almaq olardı. Bu isə cəfəngiyyatdır. O qədər pulu asanlıqla vaqonlarda daşımaq mümkün deyil. Hesabdan hesaba köçürtmək halında isə onlarla nəzarət qurumlarının nəzərindən yayındırmaq real səslənmir. Bu yazılar əslində bütün Avropanı rüşvətdə suçlandırmaqdır”.
Qeyd edək ki,  Avropanın bəzi media quruluşları Azərbaycanın beynəlxalq təşkilatların, məxsusi olaraq Avropa Şurasının dəstəyini qazanması üçün 2012-2014-cü illər ərzində 2, 5 milyard avro xərclədiyini yazıb. "Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə "Organized Crime and Corruption Reporting Project" (OCCRP) qurumundan bildirib. Və bu təşkilatın məlum hesabatı Avropanın bir sıra media quruluşlarında - İnfgiltərəninin "The Guardian" , Almaniynaın "Suddeutsche Zeitung", Fransanın "Lemonde" dərc olunub.
Bundan başqa xəbərdə bu işlərin "Birləşmiş Krallıqda yerləşdirilən və gizli şəkildə Azərbaycan rejimi ilə əlaqəli olan dörd şirkət tərəfindən həyata keçirildiyi idia olunur.
Aysel Aslan, Ayyət Əhməd