“Zaman-Azərbaycan”ın Türkiyə ilə heç bir əlaqəsi yoxdur

“Təsisçimiz azərbaycanlıdır, biz onlardan ayrı şirkətik”



Türkiyə hökuməti nüfuzlu müxalifyönlü "Zaman” qəzetini qəyyumluq idarəçiliyinə verərək faktiki olaraq nəşri nəzarət altına alıb. Qərar prokurorluğun xahişinə uyğun olaraq qəbul edilib. Türkiyə prokurorluğu "Zaman” qəzetilə ABŞ-da yaşayan Fətullah Gülən arasında bağlılığın olmasından şübhələnir.

"Zaman” qəzeti təmsilçilərinin sözlərinə görə, hökumətin təyin etdiyi qəyyumlar nəşrin əmlakının müsadirə ediləcəyi barədə hədələr səsləndiriblər. Fətullah Gülənin liderlik etdiyi "Paralel” şəbəkəsinin əsas yayım orqanı olan "Zaman”a dövlət tərəfindən qəyyum təyin edilməsi sosial medianın gündəm mövzusu olub. Maraqlıdır ki, türk mediası məsələyə geniş yer ayırmayıb. Hakimiyyətə yaxın media xəbəri "Yuvalarına girildi” mesajı ilə, "Zaman” və ona yaxın bir neçə media qurumu isə "Mətbuat susdurulur” başlığı ilə veriblər. Digər mətbuat orqanları isə xəbəri çox kiçik və şərhsiz verməyə üstünlük veriblər. Məlumat üçün deyək ki, "Zaman” qəzeti 1986-cı ildə təsis edilib. Türkiyədən başqa qəzet ABŞ, Almaniya və bir sıra digər ölkələrdə də nəşr olunur. Azərbaycanda da "Zaman Azərbaycan” adlı qəzet fəaliyyət göstərir. Sözügedən qəzetin taleyi ilə maraqlanmaq üçün mətbu orqanın baş redaktoru Anar Qaraxancanlı ilə əlaqə saxladıq. Baş redaktor "Şərq”ə açıqlamasında dedi ki, "Zaman Azərbaycan” qəzeti Azərbaycana məxsus mətbu orqandır və bu qəzet "Zaman-Azərbaycan” MMC-nin nəzdində fəaliyyət göstərir: "Şirkətin, qəzetin Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Təsisçimiz azərbaycanlıdır. Onlarla sadəcə əməkdaşlığımız var. Yəni "Zaman” qəzeti ilə əlaqələrimiz partnyorluq səviyyəsindədir. Məsələn, "Azərtac” hər hansı bir agentliklə müqavilə bağlayıb əməkdaşlıq edirsə, bizim əməkdaşlığımız da o cürdür. Başqa heç bir əlaqədən söz gedə bilməz. Biz onlardan ayrı şirkətik”. A.Qaraxancanlı rəhbərlik etdiyi qəzetin bundan sonra da fəaliyyət göstərəcəyini deyib: "Burada bizə heç bir təzyiq olmayıb, indi də yoxdur. İnşallah, fəaliyyətimizə davam edəcəyik”.

İsmayıl