Zaman və insanlar dəyişib

Kişilər çox rahatca həyat yoldaşlarını qanına bələyir
“Bu cinayətləri araşdırmaq lazım gəlsə, obyektiv və normal səbəb tapmaq mümkün olmayacaq”


Son dövrlər ailədaxili münaqişələrin qurbanına çevrilənlərin sayı çoxalıb. Demək olar ki, hər gün mətbuatda və televiziyada evli cütlüklər arasında qanlı olayların baş verməsi barədə məlumatlar əldə edirik. Həm də bu qətllər çox faciəvi şəkildə baş verir və ailə münasibətlərindəki böhran baltalanmaya qədər aparıb çıxarır. Bəs görəsən, ailədaxili qanlı münaqişələrə, bu dərəcədə zorakılıq hallarına səbəb olan amillər hansılardır? Cəmiyyətimizdə can almaq niyə bu qədər adiləşib? Bu "faciəvi dramların” əsas qəhrəmanı kimdir?

Bəzi hallarda isə gizlin manyak dediyimiz kəslər var ki, onlar da ailə qürur, iş sahibi olur, lakin bir anda heç nədən həm qadınına, həm də uşaqlarına bir göz qırpımında qəsd edir.

Qeyd edək ki, Bərdə rayonunun Tumaslı kəndində yaşayan 35 yaşlı Zülfüqar Rəhimov həyat yoldaşı, 30 yaşlı Gülnaz Rəhimovanı ona çay vermədiyi üçün öldürüb. Belə ki, dünən səhər saat 6 radələrində yuxudan oyanan Zülfüqar Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı oyatmağa çalışıb və ona tez çay verməsini tələb edib. Qadın isə səhərin hələ açılmadığını deyib və həyat yoldaşından bir az gözləməyi xahiş edib. Bu səbəbdən də Zülfüqar Rəhimov özündən çıxıb və tez bıçağı götürərək, yataqda yarıyuxulu vəziyyətdə olan həyat yoldaşına zərbələr endirib. Boynundan və döş qəfəsindən ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, keçinib. Oxşar hadisə isə 2 gün əvvəl Füzuli rayonunda da baş verib. Araq almaq üçün həyat yoldaşından pul istəyən Bala Bəhmənli kənd sakini, Gəncəvi Sadıqov daha sonra onu öldürüb. Maraqlıdır, qətllərin motivi niyə belə adiləşib?

Məsələnin psixoloji tərəflərinə toxunan psixoloq Dəyanət Rzayev bu sahədə statistikanın aparılmadığını təəssüflə vurğulayıb: "Belə cinayətlərin sayının dəqiq bilinməsi üçün yaxşı olardı ki, bu istiqamətdə statistika aparılsın.

Belə cinayətləri törədənlər həyat yoldaşı yox, psixopat olur. Psixopatlar çox yaxşı maskalanır. Həmçinin bu, zamanla da bağlıdır. Zaman və insanlar dəyişib. İnsanlarda sanki vəhşiləşmə gedir. Azərbaycan kişilərinin şüurunun altında daim bu fikir var: "Kişi qadından üstündür!”. Bu komplekslər kişilərin daxilində daim var. Bu cinayətləri araşdırmaq lazım gəlsə, obyektiv və normal səbəb tapmaq mümkün olmayacaq. Çünki belə cinayətlər səbəbsiz törədilir. Çox vaxt qısqanclıq səbəb kimi gətirilir, amma qısqanclıq sadəcə bəhanədir. İnan ki, həmin insan gec-tez bu cinayəti edəcəkdi və sonda edir”.

Psixoloqun sözlərinə görə, bu, cinayətkarın şəxsiyyətindən də irəli gəlir. Belə ki, onlarda çox dərin şəkildə qeyrət-namus kompleksi olur. Bəzən olur ki, normal ailəsi və yaxşı xanımı olur, amma daim həmin insanın beynində bir fikir olur, - kimsə nəsə dedi. Belə bir cinayətin şahidi olmuşdum. Həyat yoldaşını qətlə yetirən kişidən soruşurlar ki, bunu niyə etdin? Deyir: "Onun haqqında pis-pis söhbətlər gedirdi”. Lakin kim edirdi və niyə edirdi barəsində heç bir səbəb və fakt olmur. Absurd bir məsələdən böyük cinayət törədilir. Məhz bu kompleksdir: "Psixoloji problemlərə qaldıqda isə, o, hər kəsdə olur. Ona görə heç kim heç kimi öldürmür. Söhbət heç psixi pozuntudan da getmir. Çünki ruhi xəstələr çox nadir hallarda belə bir cinayətə əl ata bilərlər. Burda söhbət daha çox psixopatlardan gedir. O psixopat ki, onların daxilində cinayət törətmək xəstəliyi var”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə ailədaxili qanlı münaqişələri yaradan əsas səbəb kimi sosial problemləri göstərib. Onun sözlərinə görə, bütün psixoloji amillərlə yanaşı, məlum problemdə digər amillərin də rolu danılmazdır: "Xüsusilə də, kişilər evə pul gətirə bilmədiklərindən ailədə başıaşağı olurlar, sözləri keçmir. Bu baxımdan ailələrdə aqressiya artır. Qadın kişi ilə tez-tez münaqişə edir və nəticədə mətbəxdə yanındakı bıçağı arvad ərinə, əri arvadına yönəldir və belə qanlı olaylar baş verir”.

Ailədaxili zorakılıqlardan çıxış yolunu ictimaiyyətin maariflənməsində görən hüquq müdafiəçisi, bu məsələdə vətəndaş cəmiyyətlərinin rolunun artırılmasını məsləhət görür: "Qeyri-hökumət təşkilatlarına layihələr ayrılmalıdır. İctimai təşkilatlar da rayonlarda, şəhərdə bununla bağlı maarifləndirmə işləri aparmalı, belə halların yolverilməz olduğunu cəmiyyətə təlqin etməlidir. Digər tərəfdən mətbuatın, xüsusən televiziyaların bu istiqamətdə geniş fəaliyyətinə ehtiyac var. Bu yöndə maarifləndirici teledebatlar təşkil edilməli, insanlar ailədaxili zorakılıqlardan çəkindirilməlidir. Bütün bunlar həyata keçirilərsə, yəqin ki, ailədaxili qanlı olayların da sayını minimuma endirmək olar”.

Şəymən