Zaxarovanın mövqeyi şovinistlikdir

“Nəinki Bakıda, Moskvanın özündə də ona tutarlı, məntiqli, intellektual cavab verəcək mətbuat nümayəndələrimiz var”



Jurnalistlərin peşə kodeksi, etik davranış qaydaları, peşəkarlıq və təcrübədən çox deyilib, çox yazılıb. Jurnalisti qınamaq asandır. Bəs qeyri-peşəkarlıq rəsmilərdən gəlirsə, necə?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlı jurnalistin sualını cavabsız qoymaqla jurnalistikanın peşə kodeksini kobudcasına pozdu. Xanım Zaxarova, erməni separatizminin müdafiəsini üstləndiyindən, azərbaycanlı jurnalistə aşkar qərəzli yanaşmaqdan özünü saxlaya bilmədi.

Halbuki "diplomat” diplomatsayağı cavab da verə bilərdi. Onsuz da indiyədək biz jurnalistlər qonşu dövlətlərin ikibaşlı mövqelərini, "nə şiş yansın, nə kabab” siyasətlərini daim izləmişik. Azərbaycanın haqq davasında - Dağlıq Qarabağ münaqişəsinin çözülməsində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupundakı həmsədr ölkələrin ikili standartlardan çıxış etməsi də artıq heç kimə sirr deyil. Amma azərbaycanlı jurnalistin sualına sakit, anlayışla yanaşmaqla ən azından peşə etikasına riayət etmək olardı. Hansı ki, xanım Zaxarova hətta buna əməl etməyi də özünə rəva görmədi.
Demək ki, qeyri-peşəkarlıq təkcə jurnalistlər arasında olmur, hətta təmsil etdiyi dövlətin, ölkənin daxili və xarici siyasətini müdafiə, bəzi hallarda isə gizləməli olan rəsmi nümayəndələr, sözçülər, mətbuat xidməti rəhbərləri də qeyri-peşəkarlığa yol verməklə, özləri də istəmədən görünməyən həqiqətləri üzə çıxarmış olurlar. Mariya Zaxarova kimi.

Zaxarovanı qızdıran həqiqət

2014-cü ilin iyununda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev valideynlərinin məzarını ziyərət etmək üçün Kəlbəcərə gedir və erməni separatçıları tərəfindən girov götürülür. Qondarma məhkəmə keçirilir və onlar ömürlük həbs cəzasına məhkum edilir. 3 ildir ki, bu məsələ Azərbaycan tərəfindən beynəlxalq qurumların diqqətinə çatdırılır, lakin ermənipərəstlər bu iki günahsız insanın azadlığa buraxılması üçün heç bir addım atmırlar. APA-nın Rusiya nümayəndəliyinin rəhbəri Fərid Əkbərovun Dilqəm Əsgərovla Şahbaz Quliyevin qanunsuz həbsini gündəmə gətirməsinin səbəbləri var. Birincisi və ən əsası odur ki, D.Əsgərov Rusiya vətəndaşıdır. Rusiyanın öz vətəndaşına sahib çıxmaması anlaşılan deyil. Yəni, əslində bizim üçün anlaşılandır - erməni tərəfkeşliyi. Amma gəl ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsində birtərəfli - erməni mövqeyi tutduğunu etiraf etmir. Elə isə bunun isbatı gərəkdi. Ən azından girov saxlanılan bir vətəndaşının azadlığını tələb edə bilər. Azərbaycanlı jurnalistin kəlbəcərli girovlar məsələsini qabartmasının məqsədi, Rusiya XİN sözçüsünün də bundan əsəbiləşməsinin səbəbi bəllidir. Azərbaycanlı jurnalist Dilqəm Əsgərovu gündəmə gətirməklə Rusiyanın tərəfsiz olmadığını oraya toplaşmış yüzlərlə media mənsubu önündə isbatlayır. Təbii ki, xanım Zaxarova da əsəb keçirir və həm rəsmi nümayəndəyə, həm də bir xanıma yaraşmayan tərzdə davranır.

Azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma DQR məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan "diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədir:

- Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə, xamlıqdır. Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün açıq qurum olsaq da, xamlıq etməyə heç kəs icazə verməyib. Odur ki, müəyyən xəbərlərlə bağlı bizə daxil olan müraciətləri biz alqışlayırıq. Sizdən xahiş edirəm, bu halı azərbaycanlı həmkarlarınıza çatdırasınız.

Zaxarova niyə digər Rusiya vətəndaşı Dilqəm Əsgərov haqqında heç bir söz demək istəmir? Hətta əksinə, buna görə Azərbaycan jurnalistlərini təhqir edir?

Səbəb aydındır: Rusiya XİN sözüçüsünün qatı və pataloji erməni sevgisi. Kimsə fərd olaraq hansısa xalqa rəğbət göstərə bilər. Amma Zaxarovanın ermənipərəstliyi artıq şəxsi hüdudları aşıb və Rusiya XİN-in mövqeyi kimi görünməyə başlayıb.

"Vəzifəlilər jurnalistlərlə ünsiyyəti bacarmalıdır”

Məlum olayın ardınca Azərbaycan Mətbuat Şurası Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Azərbaycan jurnalistlərinin ünvanına söylədiyi fikirlərlə bağlı bəyanat yayıb.

MŞ-dən verilən məlumata görə, bəyanatda bildirilib ki, M.Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girov saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, bu xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Şura Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.

Təşkilat hesab edir ki, M.Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meyilləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diktə etmək iddiasından irəli gəlir: "Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub. 

Azərbaycan Mətbuat Şurası bu qənaətdədir ki, hər bir jurnalist fikirlərini ifadə etməkdə, sualını ünvanlamaqda sərbəstdir. Erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi isə Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir. Azərbaycanlı jurnalist sualını məhz bu ictimai motivi əsas tutaraq ünvanlayıb”.

Bəyanatda qeyd olunur ki, M.Zaxarovanın əslən azərbaycanlı olan Rusiya vətəndaşının taleyinə biganəlik kimi qiymətləndiriləcək düşüncəsi heç bir diplomatik davranış tərzinə və mənəvi normalara uyğun deyil: 

"Bu, yaxşı halda qeyri-peşəkarlıq və naşılıqdır. Ən böyük qeyri-peşəkarlıq və naşılıq isə xanım diplomatın bir suala cavab kontekstində bütövlükdə Azərbaycan jurnalistikasını hədəf seçməsidir. Rusiyanın mühüm dövlət qurumunda yüksək vəzifə tutan adam jurnalistlərlə adi ünsiyyəti bacarmalıdır. Onun şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşıması əsla yolverilməzdir. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı durum ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın da maraq dairəsindədir, ölkənin münaqişəyə dair həssaslığı Mariya Zaxarovanın leksikonundakı tonda olmamalıdır. Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir. Rusiya XİN-in mətbuat xidmətinin rəhbərinin azərbaycanlı jurnalistin Dilqəm Əsgərovun taleyi qismində Azərbaycanın haqq işi ilə bağlı sualına münasibətdə ortaya qoyduğu mövqe ikitərəfli münasibətlərin hazırkı ahənginə də heç cür uyğun deyil. İstərdik ki, Rusiyanın Xarici İşlər Nazirliyi və digər müvafiq dairələri bütün bunları mütləq qaydada nəzərə alaraq müvafiq ölçü tədbiri götürsünlər”.

"Jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır”

Bunu isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rusiyalı həmkarı Mariya Zaxarovanın erməni girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı APA-nın Moskva müxbirinin sualına aqressiv reaksiya verərək, Azərbaycan jurnalistlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsinə münasibət bildirərkən deyib.
"Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür”. - deyə H.Hacıyev vurğulayıb.

"Zaxarovaya cavab vermək, suçlamaq, təhqir etmək,jurnalistikanın sahəsi deyil”

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, peşəkar jurnalist Qulu Məhərrəmli Mariya Zaxarovaya tutarlı cavab verilməsini zəruri sayır:

- Zaxarovanın mövqeyi, şübhəsiz ki, şovinistlikdir. Məni düşündürən başqa məsələdir. Nəinki Bakıda, Moskvanın özündə də Zaxarovaya tutarlı, məntiqli, intellektual cavab verəcək mətbuat nümayəndələrimiz, ziyalılarımız var. Məncə, Rusiya mediasında yüksək səviyyəli açıq məktubla çıxış etmək, daha effektli olar. Biz 21-ci əsrdə 1990-cı illərin ritorikası ilə danışmamalıyıq. Belədə haqlıykən haqsız duruma düşmək ehtimalımız var. Zaxarovaya cavab vermək, suçlamaq, təhqir etmək, jurnalistikanın sahəsi deyil. Əlbəttə, hər kəsin vətəndaşlıq mövqeyi ortaya qoymaq haqqı vardır. Bu haqqı kimsənin əlindən almaq olmaz. Bu, azad fikirlilik, söz azadlığı prinsiplərinə zidd olar. Lakin, bizim əsas hədəfimiz Azərbaycan həqiqətlərini yaymaq və daha geniş kütlələri inandırmaqdır. Bizim Rusiyaya media müstəvisində "yeni cəbhə açmaq” cəhdlərimiz nəticə verməyə bilər. Belə həssas məsələlər intellektual yanaşma tələb edir. Zaxarovanın hərəkətini analiz edib qiymət vermək ilk növbədə Azərbaycan XİN-in vəzifəsidir. Problem Rusiya XİN-lə Azərbaycan XİN arasında həllini tapmalıdır. Əgər nəticəyə nail olmaq istəyiriksə, tərzi dəyişməliyik. Zaxarova ilə bağlı sərt ifadələr heç nəyi dəyişmir. Media özünün başlıca vəzifəsini unutmamalıdır.

Q.Məhərrəmli nəinki xarici ölkələrdə, həmçinin ölkə daxilində çalışan media mənsublarının peşəkarlıq səviyyəsinin yüksək olduğunu dedi:

- Bizim peşəkar jurnalistlərimiz kifayət qədərdir. Lakin problem jurnalistlərin mətbuat konfransları, brifinqlərə hazırlıq səviyyəsindədir. Bir jurnalist mətbuat konfransına, yaxud brifinqə yollanırsa, əvvəlcədən hazırlaşmalıdır. Hansı sualı, necə, nə zaman verəcəyini müəyyənləşdirməlidir. Söhbət Zaxarovanın brifinqindən getmir. Ümumiyyətlə, mətbuat konfransı, müsahibə, brifinq... bunlar fərqli sferalardır və verilən suallar da ona uyğun olmalıdır. Mətbuat konfransında suallar dəqiq olmalıdır, brifinqdə jurnalist yığcam, lakonik sual verməlidir. Brifinq geniş suallar üçün deyil. Çünki burada vaxt qısadır, sual vermək istəyənlərsə çox. Müsahibələrdə istənilən qədər söhbətləşmək, müsahibi daha çox danışmağa vadar etmək olar. Bu da jurnalistin peşəkarlığından asılıdır. Eyni zamanda mətbuat konfransları və brifinqlərdə yığcam və dəqiq suallar verilməsi də jurnalist peşəkarlığının göstəricisi sayılır. Sualın ünvanlandığı şəxsin cavabdan yayınması, cavab verməkdən imtina etməsi, üstəlik, təhqiramiz ifadələr işlətməsi isə acizliyin isbatıdır.

Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb