Zəkat dini vergidir

Rauf Cəbrayılov, İlahiyyatçı



Hər bir dövlət və ya cəmiyyətin inkişafında vergilər müstəsna əhəmiyyətə malikdir. Quldarlıq dövründən başlayaraq yaranan dövlətlər mövcudluqlarını sürdürmələri, möhkəmlənmələri, maddi bazalarının yaradılması, iqtisadi və siyasi fəaliyyətlərini formalaşdırmaqdan ötrü qanunvericiliklə vətəndaşlar üzərinə müxtəlif vergi mükəlləfiyyətləri təyin etmişlər. Bu mükəlləfiyyətlər həmin dövlətin hər bir vətəndaşını ölkənin iqtisadi siyasətinin tərkib hissəsinə çevirməklə yanaşı onları cəmiyyətin problemlərinə həssaslıqla yanaşmalarına yönəldir.

Dövlətlərin öz mövcudluğunun maliyyə təminatını yaratması baxımından bu düzgün yoldur. Bu yolu İslam dini də dəstəkləyir. Dinimizdə də uca Allah tərəfindən imkanlı müsəlmanlardan müəyyən vəsait alınıb cəmiyyətin yoxsul üzvlərinin maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün zəkat adlı ilahi hökm mövcuddur.

Zəkat İslam dinində bir vergi növüdür. Həzrət Peyğəmbərin (s.v.s) və ondan sonrakı xəlifələrin zamanında da müsəlmanlardan zəkat yığılırdı. Düzdür, o zaman hələ İslam dövləti tam qurulmasa da, müsəlmanların beytül-malı əsasən zəkatdan və qənimətlərin beşdə birindən formalaşırdı. Həzrət Peyğəmbərdən (s.v.s) sonra ilk xəlifə olan Həzrət Əbu Bəkr hətta, vergi vermək istəməyənlərlə müharibə edəcəyini bildirmişdi: "...Vallahi, mən, namazı zəkatdan ayıran hər kəslə vuruşacağam. Çünki, zəkat malın haqqıdır. Vallahi ki, əgər onlar Allahın elçisinə (s.v.s) verdikləri çəpişi mənə verməkdən boyun qaçırsalar, buna görə onlarla vuruşacağam...” (Səhih əl-Buxari,hədis1400).

Əlbəttə, ilahi din yaranandan, uca Allahın insanlara düzgün yaşam tərzini anlatmaq üçün elçilər göndərdiyi vaxtdan insanlara halal şəkildə varlanmaq qadağan olunmayıb. Sonuncu din olan İslam dini də müsəlmanın ilahi qaydalar çərçivəsində varlanmaq və imkan sahibi olmasına qarşı deyil. Amma hər bir müsəlmanın varlanmaq istəyi qayğısız həyat tərzi keçirmək, başqalarını istismar etmək və bununla da hərislik səviyyəsinə qalxmamalıdır. İslam dininin hökmləri insanın varlanıb məqam və imkan sahibi olmaqla özünü başqalarından üstün tutmasını, toplumun, yaxın qohumların, qonşuların, kasıbların, miskinlərin, şikəstlərin, bir sözlə, müsəlman cəmiyyətinin problemlərinə biganə qalmasını yasaqlayır. Bu ilahi hökmlər həm də sərvətlərin toplumun bir qrup fərdinin əlində cəmləşməsinə, bununla da müsəlmanların kəskin təbəqələşmə nəticəsində bir-birindən uzaqlaşmasının qarşısını alır. Yəni, cəmiyyətdə hədsiz dərəcədə kasıblar və onların halına biganə qalan çox zəngin insanların qayğısız həyat sürməsi nəticəsində təbəqələr arasında yaranan kin və nifrətin aradan qaldırılması və müsəlmanların bir-birinə qardaşlıq münasibəti bəsləmələri üçün bu haqda ilahi hökmlərə əməl olunmasının vacibliyi irəli sürülür.

Dini hökmlər müsəlmana halal şəkildə, yəni şəriət qaydalarına müvafiq olaraq başqalarının malını mənimsəmədən, sələm vermədən, oğurluq, istismar və zülm etmədən, tərəzidə, çəkidə, ümumiyyətlə, aldatmadan çalışaraq qazanc əldə etməyi əmr edir. Bu hökmlərə əməl olunaraq əldə olunan qazanc müsəlmanın özünün və ailəsinin dolanışığını təmin etmək barədədir. Yəni, yuxarıda göstərilən dini hökmlər ümumi hökmlərdir. Bu hökmlər müsəlmanın ümumilikdə qazanc əldə etməsinin forma və şərtlərini müəyyənləşdirir. Ümumi hökm qazancın yalnız ehtiyac meyarı haqqındadır və hallal yolla əldə olunmasına baxmayaraq bütövlükdə onun ilahi şəriətə uyğunluğunu təmin etmək iqtidarında deyil. Düzdür, qazancın bütövlükdə halal olması üçün mütləq ümumi hökmlərə əməl olunmalıdır. Bundan başqa İslam dininin əldə olunmuş qazancın ehtiyacdan artıq hissəsi barədə xüsusi bir hökmü də vardır. Buna isə zəkat deyilir.

Zəkat ərəb dilindən tərcümədə bərəkət, təmizlik, çoxalmaq, artmaq və tərifləmə mənalarına gəlir. Dini termin kimi zəkat əldə olunan qazancın ehtiyacı ödəyəcək hissəsindən artıq qalan qismini Allahın əmr etdiyi yoxsul insanlara əvəzsiz olaraq verilməsinə deyilir. Qazancın bu qisminə zəkat adının verilməsi onun qazancın digər hissəsini "təmizləmə”si, halal etməsi səbəbindəndir. Bundan əlavə zəkat qazanc sahibini də günahdan və bəlalardan qoruyur.

Müsəlmanın özünün və öhdəsində olan ailə üzvlərinin zəruri ehtiyacından artıq qalan qazancı, qızıl-gümüşü, məhsulu, mal-qarası və s. 1 il ərzində miqdar baxımından müəyyən həddə (bu

miqdara nisab deyilir) çatarsa, bunların az bir hissəsini ehtiyacı olanlara zəkat kimi verməlidir. Zəkat şəriətdə nəzərdə tutulmuş qaydalar əsasında zəkat düşən əmlakın miqdarından asılı olaraq hesablanır. Bir müsəlmana zəkat verməsi vacib halına gəlməsi üçün onun mütləq əqli cəhətdən sağlam olması, yetginlik yaşına çatması lazımdır. Bundan əlavə həmin şəxsin zəruri ehtiyacından və borcundan başqa "nisab” miqdarı və ya ondan daha artıq mala sahib olmalı və həmin malın da böyümə və çoxalma tendensiyası olmalıdır. Zəkatı veriləcək malın əldə olunmasından 1 il keçməlidir. Çünki, bu zaman ərzində malın artması və qiymətlənməsi reallaşır. Məhsul yığımı ilə bağlı mövsümi xarakterli gəlirlərin zəkatı məhsul yığılan kimi verilməlidir.

Zəkat müsəlmanlara hicrətin ikinci ilində (miladi 624-cü il) fərz (vacib) edilmişdir. Qurani-Kərimdə yolunu azmış İsrail oğullarına Allah müsəlmanları nümunə göstərərək deyir: "(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!”(Əl-Bəqərə,43). Məhz zəkat sayəsində qazancın Allah rizası üçün verilən maldan əlavə yerdə qalan hissəsi təmizlənib, halallaşır. Çünki, zəkat olmadan, yəni ehtiyacdan artıq qalan qazancın Allahın əmri ilə kasıblara verilməməsi həmin malın və ya qazancın bütövlükdə "çirklənmə”sinə, haram olmasına səbəb olur. Qurani-Kərimdə uca Allah buyurur: "(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlardan) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan...” (Ət-Tovbə,103).

Haqqında danışdığımız zəkat əsla imkanlı müsəlmanın yoxsula verdiyi yardım və bəxşiş deyildir. Zəkat əslində hər bir imkanlı və varlı müsəlmanın öz ehtiyacından artıq qalan mal və qazancında Allahın kasıblar üçün müəyyən etdiyi haqqdır. Qurani-Kərimdə Allah müttəqilərin dünya həyatındakı hallarını belə anladır: "Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.” "Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” "Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.” (Əz-Zariyat,17;18;19).

Zəkatın verilməsi vacib olan insanlar Qurani-Kərimdə səkkiz qrup olaraq göstərilir: "Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isnişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur...”(Ət-Tovbə,60). Bunlar- 1.Özünün və ailəsinin dolanışığını təmin edə bilməyən kasıblar (Bu kasıblar yaşamaq üçün evə sahib olsalar belə ev zəruri ehtiyac meyarı hesab edildiyindən ona zəkat hesablanmır); 2. Kasıblığın ən aşağı həddində yaşayan, yaşamağa evi belə olmayan, yemək və geyinmək kimi zəruri ehtiyaclarını təmin etməyə imkanı olmayan, amma əl açıb dilənməyən şəxslər (miskinlər); 3. Zəkatı yığmağa təyin edilmiş məmurlar (bu İslam dövlətlərində olan bir təbəqədir); 4.İslam dininə cəlb etmək məqsədilə bəzi qeyri-müsəlman kəslər; 5.Kölə alıb azad etmək (Müasir dövrdə kölə və qul olmadığından bu təbəqə də mövcud deyil); 6.Borcunu ödəməyə imkanı olmayan borclular; 7.Allah yolunda cihad edən döyüşçülər (cəfəri məzhəbində bunun əvəzinə cəmiyyət üçün yararlı olan xeyriyyə işləri görmək nəzərdə tutulub. Məsələn, məscid, xəstəxana, mədrəsə, kitabxana tikdirmək, yol, su çəkdirmək, lazımi kitabları nəşr etdirmək və s. Başqa məzhəblərdə isə bu işlərə zəkat verilməsi qadağandır); 8.Pulu qurtarıb yolda qalan, evinə və vətəninə qayıda bilməyən müsafirlər.

Zəkat İslam dininin təməl prinsiplərindən biridir. Bir çox dini qaynaqlarda zəkat orucdan sonra olan vacib şərt kimi göstərilir. Bu da öz növbəsində bəzi müsəlmanlar arasında Allahın namazdan sonra vacib buyurduğu bu əmələ qarşı bir az laqeydliyə səbəb olmuşdur. Amma əslində zəkat orucdan daha vacib əməldir. Qurani-Kərimin iyirmi səkkiz ayəsində zəkat namazla yanaşı vacib əməl kimi xatırlanır və Allahın namaz qılmaq əmrindən dərhal sonra zəkat vermək əmri gəlir. Bu da öz növbəsində zəkatın namazla çox sıx rabitədə olduğunu və bu iki ibadətin nə qədər bir-birinə yaxın olduğunu göstərir: "Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız...”(Əl-Bəqərə,110). Bu ayədə də zəkatın namazla bərabər xeyirli əməl olduğuna işarə edilir. Çünki, ən üstün ibadət forması kimi namaz qılmaqla insan ilahi qəzəbdən amanda qalır və başqa xeyirli əməllərinin də mükafatını alır. İnsan namaz qılmadıqca onun başqa xeyirli əməlləri isə "hicab” altına düşür. Amma namaz insanın qazancını, əmlakını, malını haramdan təmizləyib pak etmək iqtidarında deyil. Bunun üçün insan mütləq malından zəkat verməlidir. Qurani-Kərimdə Cənnətdə ehtiram olunacaq şəxslərin kimliyi barədə deyilir: "O kəslər ki, daim namaz qılarlar” "O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır”. "Dilənən və (hər şeydən) məhrum olan kimsə üçün” (Əl-Məaric,23;24;25). Bu ayələr bizə onu anladır ki, namaz qılan insanın ən xeyirli əməli onun malını haramdan təmizləyən zəkat verməsidir. Deməli, zəkat Allahın namazdan sonra elə vacib əmridir ki, ondan imtina olunması hətta, halal yolla qazanılmış qazancın belə murdar olmasına səbəb olur. Bu ilahi əmr müsəlmanın ümumilikdə əmlakını və qazancını, habelə yaşayış tərzini ilahi şəriətlə uyğunlaşdırır.

İslamın erkən dönəmlərində zəkatın vacibliyi namazla bərabər çəkilirdi. Həzrət Peyğəmbər (s.v.s) əsas vacib olan dini şərtlərə əməl etməklə Cənnətə düşmək istəyən müsəlmanlara və səhrada yaşayan bədəvilərə tək Allaha iman gətirməli olduqlarını, namaz qılmalarını, zəkat vermələrini və oruc tutmalarını tövsiyyə edirdi. Hədislərin birində deyilir: "İbn Abbas rəvayət edir ki, Peyğəmbər (s.v.s) Muaz ibn Cəbəli Yəmənə göndərərkən demişdir: "Sən kitab əhlindən olan bir qövmün yanına gedirsən. Elə isə ilk əvvəl onları İzzətli və Qüdrətli Allaha ibadət etməyə dəvət et. Əgər Allahı tanısalar, onlara xəbər ver ki, Allah onlara gecə-gündüz beş vaxt namaz qılmağı vacib buyurmuşdur. Əgər buna əməl etsələr, onları xəbərdar et ki, Allah onlara zəkat verməyi-varlılarından götürülüb kasıblara paylanılmağı vacib buyurmuşdur. Buna itaət etsələr, (zəkatı) onlardan götür. Lakin insanların mallarının ən qiymətlisini götürməkdən çəkin!” (Səhih-Muslim,hədis,123).

Zəkat başqa vacib ibadətlərə bənzəmir. Digər ibadətlərdə yalnız mənəvi və fiziki çətinliklər var. Zəkat isə həm mənəvi, həm də maddi ibadətdir. Düzdür, Həcc ziyarətinə getməyə də müəyyən qədər vəsait toplanmalıdır. Amma imkanlı müsəlman bu vacib ibadəti ömüründə bir dəfə etmək məcburiyyətindədir. Zəkat isə müsəlmanın hər il ehtiyacından artıq qalan qazancından və malından ödəməli olduğu vəsaitdir. Bu baxımdan ibadətlər içərisində ən çətin olanı məhz zəkatdır. Çünki, başqa ibadətlərdə də insan nəfsi ilə mücadilə edir. Amma zəkat ibadətində müsəlman birbaşa nəfsinə qalib gəlməlidir. Bütün günahlara və pis işlərə meyil edən və sərvətə qarşı çox həris olan nəfs insanı öz malının müəyyən bir hissəsini başqasına əvəzsiz olaraq verməsinə üsyan edir, sərvətə olan məhəbbəti üzündən sahibini də onu azaltmaqdan çəkindirir. Həzrət Əli (ə) xəlifə olarkən namazla bərabər zəkatın da müsəlman üçün ilahi qəzəbdən amanda qalmaq və günahların yuyulması baxımından nə qədər vacib olduğunu xütbələrində ümmətə bildirmişdir: "...Zəkat, onu öz istəyi, rəğbət və sevinclə əda edən kəs üçün kəffarə (və günahların örtüyü), eləcə də oddan (Cəhənnəm odundan) saxlayan və qoruyandır. (Onu ödəyən) heç bir kəs onun fikrində olmamalı və ona görə kədərlənməməlidir. Çünki, onu könülsüz verib (əvəzində) ondan üstün olan şeyə (əbədi Cənnətə) ümidvar olan kəs (Allahı sevmək iddiasında yalançı) Həzrət Peyğəmbərin (s.v.s) sünnəsinə nadandır...”(Nəhcül-Bəlağə,xütbə190).

Bundan başqa nəfsin üsyanına şeytanın da hiylə, məkr və yoldan çıxarmaq, mala şirnikləndirici təhrikləri də əlavə olunarsa, bu halda insanın malından keçməsi müşkülə çevriləcək. Özü də bu hal az və ya çox olmasından asılı olmayaraq nəfsə sahib bütün insanlarda baş verən prosesdir. Bu üzdən hər il insanın öz malının bir hissəsini əvəzsiz verməsi olduqca çətin bir işdir. Məhz bu səbəbdən də müsəlmanların xeyli hissəsi zəkatın tələblərinə məhəl qoymur, müxtəlif bəhanələrlə özlərini də demək istədikləri yalana, yəni mallarının zəkat tətbiq olunma həddinə çatmadığına inandıraraq namazdan sonra vacib buyrulmuş bu ilahi əmri yerinə yetirməyə həvəs göstərmirlər. Məhz bu səbəbdən bu ibadətə qarşı İslam cəmiyyətində bir qədər biganəlik vardır. Özü də bu biganəlik təkcə müasir dövrə aid deyildir. Həzrət Peyğəmbər (s.v.s) zamanında da zəkatın verilməsi müsəlman üçün ən çətin ibadət və sınaq idi. Amma Həzrət Peyğəmbər (s.v.s) uca Allahın zəkatı müsəlmanlara mallarının azalması üçün yox, əksinə artması və bərəkətlənməsi üçün vacib buyurduğunu anladırdı: "Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr demişdir: "Peyğəmbər (s.v.s) mənə: "Kisənin ağzını bağlama, yoxsa sənə qarşı da bağlanar”-deyə buyurmuşdu”/ (Səhih əl-Buxari, hədis1433).

Insanın malının bir hissəsindən Allah yolunda hər il keçməsinin necə çətin bir iş olduğunu və bu vacib ibadətdən boyun qaçırmağın ilahi qəzəbə səbəb olacağını imam Sadiq (ə) də belə anladır:

"Allah-taala bu ümmətə zəkat kimi ağır bir şeyi vacib etməmişdir. Onların əksər hissəsi bundan qeyri şeyə görə məhv olmayacaqdır”.

(Əmali,Tusi,hədis1474).

Zəkatı ödəməyənlər haqqında Qurani-Kərimdə deyilir: "...(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!”, "O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): "Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını,acısını) dadın!”- (deyiləcəkdir!)” (Ət-Tovbə,34;35).

İnsana zəkatı ödəməyə mane olan səbəb ilahi şəriətlə deyil, dünyəvi prinsiplərlə tərbiyələnməsi və bunun da nəticəsi olaraq xəsislik, varlanaraq başqalarından üstün olmaq istəyi, malını verməklə onun azalacağı qorxusu, paxıllıq kimi pis xüsusiyyətlər qazanmasıdır. Əlbəttə, insan öz dünyəvi düşüncə və hesablaması ilə malından verməklə onun azalacağından qorxmaqda haqlıdır. Amma insan ilahi elmə sahib olmadığından məsələnin ancaq zahiri tərəfini görür və ona uyğun da nəticə çıxarır. İnsan həmin malın özü tərəfindən əldə olunduğunu fikirləşəndə onun sahibinin də tam özü olduğu qənaətinə gəlir. Halbuki, əldə etdiyimiz ruziyə görə daim uca Yaradana minnətdar olmalıyıq. Çünki, ruzi verən yalnız Allahdır və istənilən zaman verdiklərini geri almaq iqtidarındadır. Dünyəvi düşüncə ilə ilahi şəriətin təlqin etdiyi təfəkkür arasında fərq də bundan ibarətdir. Həzrət Peyğəmbər (s.v.s) demişdir: "Allahdan sərvətinin artmasını istəsən, onun zəkatını ver.”(Biharul-Ənvar,cild 96,hədis54)

İlahi göstərişlər insanlara məhz daha üstün təfəkkürlə, əqli dəlillərlə fikirləşib əldə etdiklərinin yalnız özlərinə məxsus olmadığını, onların artıq mallarında Allahın kasıblar üçün müəyyən etdiyi bir payın olduğunu öyrədir. Bu ilahi düşüncə ilə fikirləşən hər bir müsəlman əlindən gedən malının ziyan yox, xeyir və axirət qazancı olduğunu dərk etməli, əlindən çıxan malına görə təəssüflənməməli və könül xoşluğu ilə malını haramdan təmizləyib ondan kasıbların haqqını ödəməlidir. Əks təqdirdə onların sevərək xəsislik edib vermədikləri malları axirətdə Həzrət Peyğəmbərin (s.ə.s) xəbər verdiyi kimi əfi ilan olub boyunlarına dolanacaqdır (Buxari, ibn Macə, Əhməd ibn Həmbəl). Xəsislik edib malını gizləyənlərin axirətdə belə aqibətə düçar olacaqlarını Qurani-Kərim də təsdiqləyir: "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır...” (Ali-İmran,180).

Zəkatın verilməsi ilə malının azalacağından qorxanların Allaha və axirətə olan imanlarına yenidən nəzər salmaları lazımdır. Çünki, Allaha iman gətirmiş hər bir insan uca Allahın verdiyi vədlərə də inanmalıdır. Malını dünyada qadağan olunmuş vasitələrlə artırmaq istəyənləri Allah xəbərdar edərək buyurur ki, bu yolun nə dünyada, nə də axirətdə heç bir bərəkəti ola bilməz. Bərəkət və ilahi riza ilə artım yalnız insanın öz malından Allah yolunda xərcləməsindədir: "(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!” (Ər-Rum,39).

Qurani-Kərimin başqa bir ayəsində Allah insanları xərclədikləri malın dünya hesabı ilə hesaba gəlməyən dərəcədə mükafatlandıracağını vəd edir: "Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir!” (Əl-Bəqərə,261). Ayənin birinci hissəsində Allah mükafatın yeddi yüz olacağını, ikinci hissəsində isə bunun qat-qat artırıla biləcəyini bildirir. Qat-qat sözü isə "məchul sayda” anlamına gəlir. Deməli, dünyəvi alış-verişlə malın çoxaldılması ilahi artım və bərəkətlə müqayisə olunmayacaq qədər az və dəyərsizdir.

Həzrət Məhəmməd Peyğəmbər (s.v.s) namaz qılmağı ümmətinə necə təkidlə təbliğ edirdisə, zəkatı da ödəməyi onlardan tələb edirdi. Bu işdə özü hamıya nümunə olacaq qədər malını Allah yolunda xərcləyirdi. Bildiyimiz kimi Həzrət Peyğəmbər (s.v.s) Xədicə xanım ilə evləndikdən sonra əlində xeyli miqdarda əmlak və mal qalmışdı. O bu malların hamısını Allah yolunda zəkat və sədəqəyə sərf etmişdi. Əshabələr də bu işə həvəslə qoşulur, zəkatdan əlavə mallarının böyük bir hissəsini, bəzən isə hamısını Allah yolunda xərcləyirdilər. Onlardan Əbu Təlhə, Həzrət Əbu Bəkri göstərmək olar. Əbu Təlhə böyük bir bağını zəkat olaraq vermişdi. Həzrət Əbu Bəkr isə demək olar ki, bütün əmlakını və malını İslam dininin möhkəmlənməsi və cihada gedənlərin silah-sursat və geyimlərinə xərcləmişdi. Amma İslam dinində malını Allah yolunda sərf etməyin, zəkat verməyin ən uca nümunəsini göstərən Həzrət Əli (ə) olmuşdur. Bu haqda Qurani-Kərimin ayrıca bir ayəsi də vardır. Orada deyilir: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rukuda olduqları halda zəkat verirlər.” (Əl-Maidə,55). Bu ayə məzhəblər arasında inadkarlıqla mübahisə mövzusuna çevrilsə də İslam dininin onlarla böyük hədis alimləri bu ayənin Həzrət Əli (ə) haqqında nazil olduğunu yazmışlar. Hədis alimlərindən başqa bir çox təfsir alimləri, məsələn, Carullah Zəməxşəri, Fəxr Razi, İsmail ibn Kəsir, Abdullah ibn Əhməd Nəsəfi, Abdullah ibn Ömər Beyzavi, Əbdür-Rəhman ibn Məhəmməd Səalibi Maliki və başqaları bu ayənin Həzrət Əli (ə) namaz qılarkən rüku halında, ondan kömək istəyən bir yoxsula üzüyünü verdiyi üçün onun haqqında nazil olduğunu təsdiq etmişlər. İndi biz onlardan biri ilə tanış olaq. Belə ki, Fəxr Razinin təfsirində nəql etdiyi rəvayətə əsasən Əbuzər Ğəffari demişdir: "Bir gün zöhr namazını Peyğəmbərlə (s.v.s) birgə qıldım. Elə bu vaxt məscidə bir yoxsul daxil olaraq kömək istədi. Lakin ona heç kəs kömək etmədi. Yoxsul əlini göyə qaldırıb dedi: "İlahi! Sən özün şahid ol ki, mən Sənin Peyğəmbərinin (s.v.s) məscidində kömək istədim, lakin heç kim mənə bir şey vermədi”, Elə bu vaxt rüku halında olan Həzrət Əli (ə) sağ əli ilə yoxsula işarə etdi. Yoxsul da irəli gəlib onun barmağındakı üzüyü çıxartdı... Daha sonra Cəbrail nazil olaraq dedi: "Ya Məhəmməd! (s.v.s) Oxu: "Sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun Peyğəmbəri(s.v.s)...” (Əl-Maidə,55)” (Təfsiri-Fəxr Razi,12-28). Bu təfsirdən də aydın olur ki, əl-Maidə surəsinin bu ayəsi konkret tarixi hadisə zamanı cənab Cəbrail tərəfindən Həzrət Peyğəmbərə (s.ə.s) "rüku halında zəkat verənlər” şəklində oxunmuş və Həzrət Əli (ə) haqqında göndərilmişdir.

Ayədə Allahın tam razılığını qazanmış, həm dünyada, həm də axirətdə yüksək məqam sahiblərinin öz fəzilətlərini göstərmək və sərvətə həris nəfslərinə qalib gəlməyin bariz nümunəsi kimi Allah yolunda hər şeylərindən keçmək xüsusiyyətlərini nümayiş etdirmək baxımından onların ibadət zamanı belə zəkat verməkdən qalmayan ən üstün keyfiyyətləri açıqlanır. Çünki, namaz qılarkən zəkat vermək heç kəsin ağlına gəlməyən, qüdrəti, cəsarəti və səxavəti yetməyən bir əməldir. Baxmayaraq ki, Allah bizə bütün malımızı kasıblara paylamağımızı əmr etmir. Yalnız imkanlı insanlara ehtiyacından artıq qalan malın müəyyən bir qismini kasıblara paylamağı buyurur. Amma yuxarıdakı ayədən də göründüyü kimi Peyğəmbər (s.v.s) əshabələri, xüsusilə də onun Əhli-Beyti lazım gələndə Allah yolunda bütün sərvətlərindən belə keçməyə hazır olmuşlar. Əlbəttə, onlar kimi yaşamaq və böyük fədakarlıq etmək günümüzdə mümkün deyildir. Amma ilahi qəzəbdən amanda qalmaq və mallarımızı haramdan təmizləmək üçün kasıbların və başqalarının Allah tərəfindən müəyyən olunmuş paylarını verərək Allahın namazla bərabər vacib buyurduğu bu ilahi əmrə biganə qalmamalıyıq.

Zəkatın cəmiyyət üçün də ictimai, sosial, mənəvi və əxlaqi cəhətdən çox böyük əhəmiyyəti vardır. Zəkatın başqa ibadətlərdən fərqi onun məhz toplumun sosial həyatına birbaşa göstərdiyi humanitar təsiri ilə əlaqədardır. Çünki, zəkat sədəqədən fərqli olaraq açıq şəkildə verilir və onun varlılar üçün bir fərz olması zəkatın riyakarlıqdan uzaq olaraq açıq şəkildə verilməsini şərtləndirir. Bu da öz növbəsində insanlar arasında bir nümunə olmaq və başqalarını da bu ilahi əmrə əməl etməyə ruhlandırır. Zəkat həm də əxlaqi əhəmiyyətə malikdir. Zəkatın açıq şəkildə verilməsi və yığılması cəmiyyətdə ədalətin bərpası baxımından da önəmlidir. Allahın zəkat əmrində məqsədi bəzilərinin dediyi kimi cəmiyyətdə bərabərlik yaratmaq deyildir. Çünki, uca Allah insanları bərabər imkanlara, əqlə, fiziki gücə, elmə sahib yaratmamışdır. Əgər Allah toplumda sosial bərabərlik istəsəydi, onda insanları eyni imkanlara sahib yaradardı. Belə ki, hər kəs əziyyəti, elmi, bacarığı, çalışması müqabilində ruzi qazanır. Zəkatın əsas məqsədi insanların bir-birinə maddi dəstək olması, cəmiyyətdə olan zəif və kasıb zümrələrin yaşamını davam etdirməsi, insanların başqalarının halına acıması, onların bir-birindən uzaqlaşmaması, əksinə bir- birinə bağlanmaları, rəhmli olmaları, sərvətlərin bir qrup insanların əlində nəsildən-nəsilə keçən bir əmlak olmaması, sosial təbəqələşmənin kəskinləşməməsi, ən əsası isə kasıb və fəqirlərin haqlarının qorunmasıdır. Çünki, zəkat varlıların kasıblara verdiyi sədəqə deyildir. Zəkat varlının malında kasıblar üçün Allahın müəyyən etdiyi paydır, haqqdır!

İnsanlar Allah tərəfindən müxtəlif vasitələrlə imtahan olunur. Belə imtahanların biri də məhz mallarımızdan kasıbların və fəqirlərin haqqının ödənilməsidir. Dərindən düşünsək anlayarıq ki, birinin yanında qoyulmuş əmanətimizin qaytarılmaması bizi necə qəzəbləndirərsə, mallarımızda olan payın verilməməsi də kasıbları və Allahı bir o qədər qəzəbləndirər. Bu imtahan əsasən maddi cəhətdən imkanlı adamlar üçündür. İmam Sadiq (ə) demişdir: "Zəkatından bir qirat (qirat-karat, yəni, qiymətli daşların 0,2 qrama bərabər çəki ölçüsü) verməyən hər bir müsəlmana de ki, istəyir yəhudi kimi, istərsə də xaçpərəst kimi ölsün”.

(Səvabul-Əmal,hədis7)

Zəkatın kasıblar üçün də əhəmiyyəti böyükdür. Zəkat, onu alan imkansızların cəmiyyətdə varlı adamlara qarşı duyduqları qısqanclıq və paxıllıq hisslərinin minətdarlıqla əvəz olunmasını təmin edir, onları zəruri ehtiyacların əsirinə çevrilməkdən qurtarır, ətrafları və ailələri yanında etibarlarını artırır. Zəkat həm də cəmiyyətdə təbəqələşmənin sürətini azaldır, kasıbların mıskin və fəqirlərə çevrilməsinin qarşısını alır.

Zəkatın imkanlı müsəlmanlardan günümüzdə yığılması məsələsi ilkin İslam dönəmlərində olduğundan fərqlidir. Çünki, biz hal-hazırda dini deyil, dünyəvi dövlətdə yaşayırıq. Amma günümüzdə mövcud olan dini dövlətlərin qanunları İslam dininə uyğunlaşdırılmışdır və orada zəkat xüsusi vergi toplayanlar vasitəsilə yığılır. İslam dövlətlərinin büdcəsinin müəyyən hissəsini məhz zəkat yığımından əldə olunan gəlir təşkil edirdi. Müsəlman ölkələrində dünyəvi dövlətlər qurulmağa başlayandan sonra zəkat adlı verginin əvəzinə bir çox vergi növləri müəyyənləşdirildi. Aydındır ki, dünyəvi dövlətdə yaşayan müsəlman da hər il bir çox adda vergi verir. Bir çoxlarını belə bir məsələ düşündürür ki, günümüzdə dövlətə ödədiyimiz vergi zəkat hesab oluna bilərmi? Cavabında onu deyə bilərik ki, bu barədə fikirlər birmənalı deyil. Bəziləri günümüzdə verilən vergilərin tamamilə zəkatı da əhatə etdiyi qənaətindədirlər. Bəziləri isə zəkatın konkret bir vergi növü olduğunu əsas gətirərək bu fikrin əksini iddia edirlər. Düşünürük ki, günümüzdə bütün müsəlmanlar deyil, vergi ödəyiciləri verdikləri məbləği hesablayaraq bunun cavabını ala bilərlər. Çünki, söhbət sadə vətəndaşdan gedir. Onu düşündürən verdiyi vəsaitin zəkat hesab olunub-olunmaması məsələsidir. Əgər zəkat əvvəllər İslam dövlətlərinin zəkat toplayanları tərəfindən yığılırdısa, indi də vergi orqanları bu işi həyata keçirirlər. Ola bilər ki, bu vergilərin adları başqadır. Amma söhbət hər bir müsəlmanın ehtiyacından artıq qalan hissəsindən ödədiyi zəkat adlı vergi növündən gedir. Günümüzdə milyonlarla müsəlman var ki, müxtəlif vergi növlərini ödədikdən sonra əlində qalan vəsait ancaq onun zəruri ehtiyaclarının ödənilməsinə güclə çatır. Bu halda həmin müsəlman fikirləşir ki, deməli, onun malına zəkat düşmür. Amma dərindən düşünsək anlayarıq ki, ödədiyimiz vəsaitin adının nə cür qoyulmasından asılı olmayaraq biz müəyyən məbləğ veririk və bununla da dövlətin büdcəsinə külli miqdarda vəsait daxil olur. Dövlət də bu vəsaitlə vətəndaşların maaşlarını, pensiyalarını verir, sosial yönümlü layihələri həyata keçirir, qocalar və uşaq evlərinin saxlanılmasına xərcləyir, bir sözlə yenidən əhalinin bəzi təbəqələrinə müəyyən formada qaytarır. Düzdür bu vəsaitlərin səmərəli şəkildə xərclənməsi isə başqa söhbətin mövzusudur.

Deməli, mallarımızdan müəyyən olunmuş zəkat miqdarından bir neçə dəfə çox vergi verən kəs zəkatını da ödəmiş olur. Amma bir məsələni də xüsusi vurğulamaq yerinə düşər ki, zəkatın hazırkı vergi olması məsələsinə münasibət birmənalı deyil. Hər kəs istədiyi kimi bu məsələdə seçim etməkdə azaddır. Əgər həm bir neçə adda vergi vermək, həm də zəkatı vermək istəyənlər yalnız alqışa layiqdirlər. Bizim izahımız müsəlmanların müxtəlif adda vergi ödədikdən sonra qalan qazanclarının yalnız zəruri ehtiyaclarını ödəyənlər zümrəsi haqqındadır. Onlar bilməlidirlər ki, ödədikləri vergi ilə mallarının zəkatını da vermiş olurlar. Bu üzdən hər bir kəs günümüzdə dövlət tərəfindən yığılan vergilərə zəkat mahiyyətindən yanaşmalı, vergiləri ödəməklə zəkatın hədəflərinə, yəni cəmiyyətdə varlıların üzərinə qoyulmuş kasıb və kimsəsizlərin haqqını ödəmək amalına yiyələnmiş olur. Deməli, vergilərin əsasında da halallıq

durur və başqalarına yardım, yaşadığımız toplumun nəinki ayrı-ayrı fərdlərinin, ümumilikdə cəmiyyətin iqtisadi cəhətdən inkişafı prosesinə töhfə vermiş oluruq. Çünki, vergilərin ödənilməməsi dünyəvi dövlətlərdə inzibati və cinayət məsuliyyəti doğurduğu kimi, zəkat adlı verginin verilməməsi də dinimizdə birbaşa böyük günahlardan hesab olunur və həmin xəsis insanların həm dünyada insanlar arasında qınanılacaqları, həm də axirətdə şiddətli cəzalanacaqlarını bilmləri lazımdır. Bu üzdən hər bir imkanlı müsəlmanın mallarını təmizə çıxarmaq, bərəkətləndirmək, haramdan uzaqlaşmaq, ilahi qəzəbdən amanda qalmaq üçün qazancında müəyyən olunmuş kasıb və fəqirlərin paylarını vaxtlı-vaxtında ödəyəcəyinə ümidvarıq.