Avrointeqarasiya kursu başlıca strategiya olsa da, Rusiya ilə müəyyən qədər pərdəarxası danışıqların aparılması mümkündür
Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Vladimir Zelenskinin andiçmə mərasimi mayın 20-də keçiriləcək. Qərar Ali Radanın iclasında 315 deputatın səsverməsi ilə qəbul olunub. Parlament Zelenskinin inauqurasiyasının tarixi ilə bağlı 7 layihəyə baxıb və hər birinə tək-tək səs verib. Zelenski andiçmə mərasiminin mayın 19-na təyin edilməsini istəmişdi. Çünki o, hesab edirdi ki, Poroşenko hökuməti Ali Rada vasitəsilə inauqurasiya tarixini ləngitmək istəyir. Ukrayna qanunlarına görə, inauqurasiya seçkilərin nəticələri rəsmən elan olunduqdan sonra 30 gün ərzində, yəni 3 iyundan gec olmayaraq keçirilməlidir. Ali Rada isə qərar verib ki, andiçmə mərasimi mayın 20-də keçirilsin. İnauqurasiyadan sonra Zelenski 3 gün müddətinə prezident kürsüsünə əyləşəcək və vəzifəsini icra etməyə başlayacaq. Ekspertlərin fikrincə, Zelenskini fəaliyyəti dövründə ciddi sınaqlar gözləyir.
Ukraynada seçkidən sonra yaşanan prosesləri "Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, seçkinin nəticələri ölkənin daxili və xarici siyasətində mühüm dəyişikliklərə səbəb olacaq: "Avrointeqarasiya kursu başlıca strategiya olsa da, Rusiya ilə müəyyən qədər pərdəarxası danışıqların aparılması mümkündür. Hətta Avropa Kiyevdən Kremllə belə bir konfedensial danışıqlar aparılmasını istəyə bilər. Nəzərə almaq lazımdır ki, Avropa Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına çalışır. Həmçinin, rəsmi Kiyev Krım və Donbas probleminin həllini öz prioritet siyasəti hesab edir. Prezident seçilən Zelenski ilk növbədə "maydan” siyasi aktivistlərini, başda Poroşenkonu neytrallaşdırmağa çalışacaq. Məhz onun hamisi biznesmen Kolomoyskinin Ukraynaya qayıtması Poroşenkonun təqibinə, eyni zamanda ölkədə yeni "idarə sisteminin”, "Boz kardinallığın” yaradılmasına gətirə bilər”.
Siyasi şərhçi bildirib ki, Kolomoyski əslən yəhudidir. O, İsraildə və Rusiyada yəhudi lobbisi ilə sıx bağlılığa malikdir: "Putin və Zelenski yəhudi lobbisi vasitəsi ilə münaqişənin həlli istiqamətində, etimad mühiti formatında danışıqlar apara bilər. Kolomoyski-Zelenski tandeminin Rusiya ilə yaxınlaşması yalnız münaqişənin həlli istiqamətində mümkündür. Amma bununla yanaşı, ölkənin strateji xəttini, avrointeqrasiyanı da inkişaf etdirəcəklər. Yəni Poroşenkonun Rusiya siyasətinin əksini reallaşdıracaqlar. Azərbaycan da yeni Ukrayna rəhbərliyi ilə yəhudi lobbisi vasitəsi ilə sıx dostluq əlaqələrini inkişaf etdirə, bu ölkədə ermənilərin artan nüfuzunun qarşısını ala bilər. Ukrayna ilə zəifləyən hərbi-texniki əməkdaşlığı yenidən dirçəltmək imkanları var”.
İsmayıl