Zəlzələ dərində olmasaydı dağıntılar yaradacaqdı

Hadisə ilə bağlı Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsi səhər saatlarında dayandırılıb




Dünən İmişli rayonunda 3 zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk təkan yerli vaxtla saat 08:49-da baş verib. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub. İkinci zəlzələ isə yerli vaxtla 08:49-da İmişli rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 22 km olub.

Növbəti, 3-cü zəlzələ isə saat 11:51-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 28 km olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

İranın İRNA agentliyinə istinadən aldığımız məlumata görə, İmişlidə baş vermiş zəlzələ nəticəsində 1 nəfər İran vətəndaşı dünyasını dəyişib.

O, yeraltı təkanların hiss olunduğu Parsabad şəhərində həlak olub.

Zəlzələnin səbəb olduğu digər hadisə isə Rusiyanın Azərbaycandan neft qəbulunu dayandırması olub. "Transneft”in başçısının müşaviri İqor Demin Rusiya KİV-nə verdiyi açıqlamada deyib ki, Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsi səhər saatlarında Azərbaycanda baş vermiş zəlzələdən sonra yoxlamalar aparılması məqsədilə dayandırılıb və hazırda neft nəql edilmir. Deminin sözlərinə görə, Azərbaycandakı yeraltı təkanlar boru xətti ilə neftin ötürülməsinə ciddi təhlükə yaradıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə İmişlidə baş verən zəlzələnin ardından avtoşokların davam edəcəyini deyib. Onun sözlərinə görə, İmişli rayonunda baş verən zəlzələ Qəbələ, Şəki, Mingəçevir, Yevlax və s. rayonlarda hiss olunub. Zəlzələnin maqnitudası 5.6, dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

Mərkəzin baş direktoru deyib ki, zəlzələ səthi olsaydı, dağıntılar əmələ gətirərdi: "Zəlzələ dərində olanda onun hiss olunma əhatəsi böyük olsa da, fəsadları olmur. Səthi olanda isə lokal sahələrdə dağıntılar əmələ gətirir. Hazırda seysmoloji vəziyyətə gəlincə, o zonada elə də bir aktivlik yox idi. Ölkəmizdə Böyük Qafqazın cənub-şərqi, şimal hissəsi və Xəzər dənizi daha aktiv zona sayılır. Zəlzələ baş verən zonada aktivlik müşahidə olunmurdu. Oradakı zəlzələ ocaqlarında uzun zaman indiki enerji boşalması baş verməmişdi”.

Bu cür yeraltı təkanların güclü zəlzələ sayılmadığını vurğulayan Q.Yetirmişlinin sözlərinə görə, baş verən zəlzələ orta güclü sayılır: "Sevindirici haldır ki, zəlzələnin dərinliyi çox olub. Dərinlik 7-8 kilometr olsa idi, dağıntıların miqyası geniş olardı. Allah üzümüzə baxıb”.

Şəymən