“Sevil Massivi” MTK-nın rəhbərlərinin əmlakına həbs qoyulmalıdır
Bakı Ağır Cinayətlər Məhkəməsində "Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslər prosesin uzun müddətdir davam etməsinə, hər hansı nəticənin olmamasına etiraz ediblər. Hakim Əfqan Hacıyev isə
bildirib ki, məhkəmə pul paylayan orqan deyil. İfadə verən zərərçəkmişlərin onlara dəymiş ziyanın ödənilməsi tələbindən sonra məhkəmə prosesi mayın 31-də davam edəcək.
"Sevil Massivi” qurbanlarının probleminin həlli istiqamətində real addımlar atılmaması və onların işinin hansı səbəblərdən yubadılması məsələsinə münasibət bildirən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib ki, müvafiq qurumları korrupsiyada suçlayan zaman onları buna sövq edənin özümüz olduğu gerçəyini unuduruq. İşimizin rahat keçməsi üçün məmura rüşvət təklif edirik. Düzdür, bunun üçün şəraiti məmur özü yaradır. Amma biz vətəndaş olaraq haqqımız olanı tələb etməliyik, istədiyini verim, canım qurtarsın prinsipi ilə getməməliyik. Cinayət Məcəlləsində rüşvət verənlərin də məsuliyyəti olmasına rəğmən bizdə bu problem öz həllini tapmır.
Konkret məhkəmə prosesinə gəldikdə isə hüquq müdafiəçisi deyib ki, zərərçəkmiş tərəfin vəkilləri onlara dəyən ziyanın ödənməsi ilə bağlı vəsatət qaldırmalıdırlar. Hakim də cinayətkarın əmlakına həbs qoyulması ilə bağlı qərar qəbul etməlidir. Dəfələrlə şahidi olmuşuq ki, dövlət əmlakını mənimsəyən şəxslər haqqında həbs-qətimkan tədbiri seçilir. O da cəzasını çəkib, azadlığa çıxandan sonra yığdığı pulların səfasını görür.
M.Qəhrəmanlının sözlərinə görə, "Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi ictimailəşməli, vəkillər prosesi aparan hakimdən hüquq şurasına şikayət etməli və zərərçəkmişlər haqlarını tələb etməlidirlər: "Hər halda bu adamlar əmlaksız deyil. Araşdırma aparılmalı və onların nəyi var, nəyi yox, hamısına məhkəmənin qərarı ilə həbs qoyulmalıdır. Necə olur ki, QHT-lərin şəxsi hesablarına, depozitlərinə həbs qoyurlar, dövlət əmlakını mənimsəyən, vətəndaşlara qarşı dələduzluq edən şəxsləri başlı- başına buraxırlar”.
Şəymən